Xəbərlər
24.12.2019 - 12:00
MÖHTƏRƏM PREZİDENTİMİZ İLHAM ƏLİYEVİN FƏALİYYƏTİ GÖRKƏMLİ SİYASİ XADİM, AKADEMİK RAMİZ MEHDİYEVİN TƏQDİMATINDA

Hər bir xalqın inkişafında, uğurlarında müdrik insanlar mühüm rol oynayır. Belə insanların məqamı, təsir dairəsi yüksək olduqca, onlar ölkədə gedən proseslərə daha fəal təsir edir, qarşıya çıxan problemlərin həll edilməsinə daha yaxından kömək edirlər. Belə müdrik insanlardan biri də artıq uzun illərdir ki, Azərbaycanın elmi, siyasi həyatında olduqca mühüm rol oynayan, xalqın böyük əksəriyyətinin dərin hörmətini qazanmış, görkəmli akademikimiz Ramiz Mehdiyevdir. Beynəlxalq aləmdə də yaxşı tanınan Ramiz müəllimi geniş təqdim etməyə ehtiyac yoxdur. Onun özü, fəaliyyəti haqda bütün xalqımızın əhatəli məlumatı vardır. 1970 – ci illərin əvvəllərindən – Bakının ən mühüm inzibati rayonlarından biri olan, indiki Səbayil rayonuna rəhbərlik etdiyi vaxtdan artıq ölkənin əksər ziyalıları, bir çox insanlar onun  haqqında olduqca müsbət fikirdə idi. Ramiz müəllimi yaxından tanıyanlar hər zaman onun savadından, əxlaqından, qayğıkeşliyindən, bacarıqlı bir siyasi xadim olduğundan danışırdı. Moskva Dövlət Universitetinin əyani aspiranturasında təhsil alması, elmi dərəcə qazanması, xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına yaxından bələd olması və öz daxili keyfiyyətləri hesabına hələ o zamandan böyük əksəriyyətin hörmətini qazanmışdı Ramiz müəllim. Elə bu keyfiyyətləri, əldə etdiyi təcrübə sonralar onun siyasi aləmdə uğurla yüksəlməsində mühüm rol oynadı. Hələ SSRİ dövründə ölkənin ən tanınmış siyasi xadimlərindən biri kimi tanındı. 1980 – ci ilin iyunundan  xalqımızın böyük oğlu, milli liderimiz Heydər Əliyevin etimadı ilə Azərbaycan KP MK –nın Mərkəzi Komitəsində şöbə müdiri olaraq fəaliyyətini davam etdirən Ramiz müəllim, 1982 –ci ilin dekabrında artıq Mərkəzi Komitənin Katibi seçilmişdi. O dövr üçün bu, ölkə miqyasında, eləcə də SSRİ məkanında olduqca mühüm bir vəzifə idi.  

 

İndiki nəsil Ramiz müəllimi daha çox, uzun illər Azərbaycan Respublika Prezidentinin Adminstrasiyasının rəhbəri vəzifəsində olduğu dövrdə yaxından tanıdı. Bütün bu dövr ərzində Ramiz müəllim həm Ulu öndərimiz Heydər Əliyevin, həm də onun layiqli davamçısı İlham Əliyevin etibarlı yaxın köməkçisi oldu. Milli müstəqil dövlət quruculuğu sahəsində öz intellekti, bacarığı ilə əlindən gələni etdi. Ölkəmizdə və xaricdə görkəmli bir alim, dövlət xadimi, siyasətçi kimi böyük nüfuz qazandı.

 

Ramiz müəllim 23 oktyabr 2019 – cu ildən Azərbaycan Milli Elmlər Akademyasının prezidenti vəzifəsində çalışır. Onun bu vəzifədə də uğurlu fəaliyyət göstərəcəyinə heç kim şübhə etmir. Çüki o, böyük bir dövlət xadimi olmaqla yanaşı, həm də çox tanınmış bir elm xadimidir. Elə tutduğu vəzifəyə görə də Akademiyanın fəaliyyəti daima onun nəzarətində olub. Əvvəllər, bir müddət elə bu Elmlər Akademyasında da çalışıb. Dövlət qurumunda işlədiyi uzun illər ərzində heç zaman elmi fəaliyyətini dayandırmayıb. Çox əhatəli araşdırmaların aparılmasına rəhbərlik edib, olduqca sanballı elmi monoqrafiyalar yazıb. 250 – dən çox elmi məqalənin, 26 kitabın müəllifidir. Bu məqalələrin, kitabların bir çoxu xarici ölkələrdə də nəşr edilib. Onlardan 40-dan çoxu beynəlxalq bazalarda referatlaşan və indeksləşdirilən jurnallarda çap olunub. Bir sözlə, Ramiz müəllim  Akademyanın öz kadrıdır və Akademiyanın həyatı ilə yaxından tanışdır.

 

Azərbaycan Milli Elmlər Akademyasının prezidenti olaraq atdığı ilk addımlar da elmi ictimaiyyət, AMEA–nın əməkdaşları tərəfindən çox müsbət qiymətləndirilir. Yaxın zamanlarda Akademiyada mühüm, ciddi müsbət dəyişikliklərin baş verəcəyindən xəbər verir.

 

Onun ilk işlərindən biri Akademyanın Rəyasət Heyətindəki  müəyyən struktur dəyişiklikləridir. Son dövrlər Rəyasət Heyətində təyinatı tam bəlli olmayan, bir sıra qurumlar yaranmış və oraya xeyli əməkdaşlar cəlb olunmuşdu. İslahatların aparılması məqsədi ilə yaradılmış xüsusi komissiyanın tövsiyəsi ilə bu  qurumlar ləğv edildi. Amma burada bir mühüm məqamı qeyd etməyə ehtiyac vardır. Ləğv olunan qurumların əməkdaşlarının hamısına Akademyanın tərkibində onların öz ixtisaslarına uyğun olan iş təklif edildi. Yəni, onlar işsiz qalmadı.

 

 

Ötən il Akademyada, “AMEA–nın professoru” deyilən yeni bir titul müəyyən edilmişdi.  Doğrusu, bu titulun müəyyənləşməsi xeyli suallar doğurmuşdu. Çünki, Akademyada fəaliyyət göstərən, ciddi fəaliyyəti olan elmlər doktorlarına  professor titulunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komitəsi verir. Həmin Komissiyanın müraciəti əsasında suallar doğuran bu titul ləğv edildi.

 

 

Akademiyadakı uyğun elmi nəticələrin sənaye, xidmət və digər sahələrdə tətbiqi, kommersiyalaşması üçün geniş fəaliyyət göstərməsi məqsədilə  yaradılmış Yüksək Texnologiyalar Parkının rəhbərliyinə, bu parkın təyinatına uyğun təcrübəsi olan elmlər doktoru təyin edilib.

 

 

Ramiz müəllimin müdrikliyi, vətənpərvərliyi ondadır ki, o, hansı vəzifədə olmasından asılı olmayaraq daima ölkənin qayğıları ilə yaşayır. Onun bu günlərdə işıq üzü görən kitabı da bunu deməyə əsas verir. Kitabın bir hissəsi Azərbaycan prezidenti, artıq bütün dünyada mahir bir siyasətçi kimi tanınan, əhalinin böyük əksəriyyətinin sevimlisi olan İlham Əliyevə həsr edilib. Amma ayrıca bir əsər kimi götürülə biləcək bu “Azərbaycanın inkişafını XXI əsrin çağrışlarına uyğunlaşdıran Lider” adlı hissə adi bir ithaf yazısı deyil. Bu əsərlə yaxından tanış olduqca Ramiz müəllimin zəkası, analitik düşünmə qabiliyyəti, vətəndaşlıq mövqeyi hər kəsdə rəğbət oyadır. Bu əsər cənab prezidentimizin bir siyasi portreti, müstəqillik dövrümüzün dərin təhlili olmaqla yanaşı, həm də bütün siyasətçilərin stolüstü kitabı olmağa layiq bir tövsiyyələr toplusudur. Hər bir abzasın öz sambalı, öz  dəyəri vardır.

 

Əvvəldə Ramiz müəllim qeyd edir ki, “mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb”. Elə yalnız bu sözlər oxucuda dərin maraq yaradır və bütün əsər boyu mühüm məsələlərdən agah olacağını hiss edir.

 

Ulu öndər Heydər Əliyevdən sonra ölkənin prezidentinin məhz İlham Əliyevin olmasını “Azərbaycan xalqının müstəsna düzgün seçim etməsi” kimi qiymətləndirən müəllif, daha sonra bütün əsər boyu bu fikrini elmi, məntiqi təhlillər əsasında inkişaf etdirir və bu seçimin müstəsna uğurları barədə yazır. Qeyd edir ki, 2003 – cü il oktyabr ayının 15–də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin qarşısında olduqca ciddi, böyük, mühüm problemlər var idi. Onun “həll etməli olduğu məsələlər çox genişmiqyaslı idi”. Bu məsələlər dahi Ulu öndərin möhtəşəm fəaliyyətinin yekunları olaraq, onların zəruri davamı olaraq yaranmışdı. Bu məsələlər əsasən “dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi artımın yüksək sürətinin təmin edilməsi və yeni iş yerlərinin yaradılması, xalqın sosial səviyyəsinin yüksəldilməsi, Silahlı qüvvələrin modernləşməsi yolu ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, xarici siyasət sahəsində milli maraqların təmin edilməsi və heç şübhəsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və s.” kimi təqdim olunur. Əsərdə bu məsələlərin həlli sahəsində ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi müdrik siyasəti, konkret addımları təmkinlə, çox əhatəli şəkildə təhlil edərək təqdim edir.

 

Təbii ki, ilk əvvəl dövlət başçısı yeni, olduqca işlək, konstruktiv dövlət idarəçilik sistemi formalaşdırmalı idi. Məhz bu siyasət ona “Azərbaycanın gələcək inkişaf vektorunun müəyyən edilməsi, ölkəni inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmalı olan müvafiq məsələlərin formalaşması kimi mürəkkəb vəzifələri” həll etməyə kömək edə bilərdi. Kitabın bu hissəsində həmin siyasətin formalaşması, kadrların seçilməsi sahəsində aparılan işlərdən əhatəli olaraq söhbət açılır. Prezident həm müdrik Heydər Əliyevin komandasının özünü doğrultmuş, etibarlı nümayəndələrindən, həm də yeni kadrlardan istifadə edərək yeni bir komanda yaratdı və geniş fəaliyyətə başladı. Bu prosesdən danışarkən Ramiz müəllim özünün yüksək zəkası, böyük təcrübəsi əsasında xüsusi təhlillər aparır. XXI əsrin əvvəlində artıq qlobollaşma proseslərinin təsiri ilə hər bir cəmiyyət, beynəlxalq aləm xeyli mürəkkəbləşib. Yeni dövr artıq yeni tip yanaşmalar, yeni nəzəriyyələrdən bəhrələnməyi tələb edir. Müəllif qeyd edir: “müasir siyasi lider əvvəlki dövrlə müqayisədə daha incə və mürəkkəb məsələləri həll etməlidir. O insanların psixikasından daha çox onların zəkasına təsir göstərməli və onları təkcə praktik məsələlərin həlli üçün səfərbər etməklə kifayətlənməməlidir”. Əsərdə prezident İlham Əliyevin məhz yeni dünyanın tələbləri ilə hərəkət edərək, 16 il ərzində Ulu öndərin siyasi-iqtisadi varislik yolunu necə uğurla inkişaf etdirdiyini, onun nail olduqlarını rəvan şəkildə inkişaf etdirmək yolunu tutduğunu təhlillər əsasında ortaya qoyur. Həyata keçirilən bir sıra tədbirlər, verilmiş fərmanlar  hesabına “Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı”. Məhz bu idarəetmə üsulu ilə Azərbaycan xeyli irəlilədi – neft amilindən asılılıq dərəcəsi azaldı, qeyri-neft sektoru inkişaf etməyə başladı, güclü ordusu yarandı,  kosmik texnologiya inkişaf etdi, sosial sferalarda inkişaf sürətləndi, ölkə başdan-başa abadlaşmağa başladı.

 

2003 – cü ildən indiyə qədər ölkədə 3100 – dən çox məktəb binası,  642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Yüzlərlə mədəniyyət müəssisələrində, idman komplekslərində böyük quruculuq, abadlıq işləri aparılıb. 15 min kilometrdən artıq asfalt yol çəkilib, 443 körpü tikilib ki, bu da ölkə daxilində nəqliyyatın hərəkətinin intensivliyini, rahatlığını, təhlükəsizliyini xeyli artırıb. Altısı beynəlxalq olmaqla yeddi aeroport tikilib. 31 elektrik stansiyası tikilib və s. Bir sözlə, ölkə indi sürətlə inkişaf etməkdədir.

 

Əsərdə müəllif dəfələrlə xarici ölkələrin olduqca nüfuzlu siyasətçilərinin, jurnalistlərinin İlham Əiyevin fəaliyyətinə verdikləri qiymətlərdən söhbət açaraq, eyni zamanda beynəlxalq arenada onun necə göründüyünü də təqdim edir. Bu ekspertlərin hər biri ölkəmizin prezidentini olduqca işgüzar, bacarıqlı, müasir təfəkkürlü bir siyasi lider kimi təqdim edir.

 

Ramiz müəllim eyni zamanda diqqəti Prezidentimizin islahatlar siyasətinə də yönəldir. Bu islahatlar şüarçılıq, reytinq yığmaq xarakterindən çox uzaq, olduqca konstruktiv tədbirlərdən ibarətdir və günü-gündən mürəkkəbləşən cəmiyyətin, beynəlxalq aləmin xüsusiyyətlərindəki incəlikləri nəzərə alaraq, ölkənin imkanlarına uyğun ola bilən təkamül xarakterli tədbirlərdir. İslahat xarakterli hər bir tədbir daha yüksək səviyyədə islahatların həyata keçirilməsinə kömək edir. Ramiz müəllim qeyd edir: “İlham Əliyev islahatlar səviyyəsini qaldırmaqla daim ciddi dövlət lideri keyfiyyətini nümayiş etdirir. Bu nadir keyfiyyətlər heç də bütün müasir siyasətçilərə və ya dövlət başçılarına xas deyil. Təəssüf ki, dünyada islahatlar aparmaq əzmində olan dövlət başçıları çox deyil”.

 

Məhz elə bu islahatlar heabınadır ki, Azərbaycanda beynəlxalq səviyyədə olduqca nəhəng iqtisadi layihələr həyata keçirilir. Bu islahatların nəticəsidir ki, Dünya Bankının “Biznesin idarə edilməsi haqqında” hesabatında Azərbaycanın reytinqi, 2018 – ci ildəki 57 – ci yerdən 2019 – cu ildə 25 – ci yerə yüksəlib. Son 16 ildə iqtisadiyyata 250 milyard sərmayə qoyulub. Bunun da hesabınadır ki, indi Azərbaycan “şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir”.

 

Kitabın bu hissəsində göstərilir ki, Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi bir məsələ də qaçqınların və məcburi köçkünlərin problemlərini kompleks şəkildə həll etmək məsələsidir. Ölkədə bütün çadır düşərgələri, palçıq evlər, sığınacaq tipli yaşayış guşələri ləğv edilib. Qaçqın və məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində yüzdən çox yeni qəsəbə və şəhərcik salınıb. Şəhid ailələri, müharibə veteranları dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Onların əksəriyyəti mənzillə və avtomobillə təmin edilib.

 

Korrupsiyanın, rüşvətxorluğun kökünü kəsmək üçün ciddi işlər aparılır. Ölkəmizdə yaranmış “ASAN–xidmət” və “DOST-xidmət” bu sahədə görülən, beynəlxalq aləmdə də yüksək qiymətləndirilən işlərdir.

 

Bu əsərdə postneft dövrünün islahatlarına xüsusi bir bölmə həsr olunub. Bu dövrdə iqtisadiyyatın tənzimlənməsi yüksək intellekt, xüsusi bacarıq tələb edirdi. Çünki, neftin qiymətinin xeyli azalması ilə yanaşı, eyni zamanda dünyada-xüsusi ilə Avropa ölkələrinin bir çox aparıcı ölkələrində iqtisadi böhranlar baş verirdi. Belə bir ağır vəziyyətdə müdrik prezidentimiz ölkəmizi iqtisadi böhranlar dalğasına məruz qalmaqdan qorudu, ölkə iqtisadiyyatının inkişafında əvvəl sabitlik, sonra isə inkişaf təmin olundu. Manatın sabitliyi, infilyasiyanın birrəqəmli olması üçün olduqca mühüm işlər görüldü. Ölkənin tərəqqisinin yüksək səviyyədə təmin edilməsi üçün elmi əsaslarla yol xəritələri hazırlandı. Azərbaycanın bu istiqamətdə apardığı böyük islahat işləri beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildi və xüsusi hesabatlarda öz əksini tapdı. Məhz bu ağıllı addımların hesabınadır ki, indi ölkəmizin valyuta ehtiyatları 50 milyard ABŞ dollarından çoxdur. Xarici borcumuz isə get-gedə artmaqda olan ÜDM – in cəmi 17 faizi qədərdir. Büdcəmizin gəlir hissəsi 18 faiz artmışdır.

 

Qazanılmış uğurlar ölkədə sosial sahədə də mühüm islahatlar aparılmasına  kömək edir. Prezidentimiz bu sahədə xüsusi islahatlar paketi təqdim edib. 2019 – cu ildə əhalinin rifahının yüksəldilməsi üçün 2 milyard 79 milyon manat ayrılmışdır. 2020 – ci ildə bu rəqəm 2 milyard 791 milyon manat olacaqdır. Bu islahatların nəticəsidir ki, minimum əməkhaqqı 93 faiz artaraq 130 manatdan 250 manata qalxıb. Ölkədə orta əməkhaqqı 625 manata çatıb. Əhalinin müxtəlif kateqoriyalarından olan nümayəndələrinin təqaüdləri də xeyli artıb. Problemli kreditləri olanlara xüsusi maddi dəstək göstərilib.

 

Bir çox misallar, istinadlarla, izahlarla Prezidentimizin ölkədə ictimai-siyasi sabitliyi qorumaq sahəsindəki fəaliyyəti də ətraflı olaraq təhlil edilir. Onun dövlət idarəçiliyi sistemindəki apardığı islahatların xarakterindən danışılır. Xüsusi ilə gənc, dünyanın aparıcı Universitetlərində təhsil almış kadrların bu sahədə fəaliyyətə cəlb edilməsi təqdir edilir. Elektron hökumətin yaranması istiqamətindəki işlər, ölkədə yeni, olduqca savadlı siyasi elitanın formalaşması bir uğur kimi qiymətləndirilir. Qeyd edilir ki, məhz bu işlərin hesabınadır ki, ölkəmiz artıq dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub. Bu mövqenin hesabınadır ki, ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Dünyanın bir çox mötəbər idman yarışları bizim ölkəmizdə keçirilir. Bakı şəhəri indi Beynəlxalq Humanitar Forumların keçirildiyi mühüm bir mədəniyyət mərkəzinə çevrilib. Bu Forumlarda dünyanın taleyinə təsir edəcək mühüm qlobal məsələlər müzakirə olunur, qərarlar qəbul edilir.

 

Uzun illər İlham Əliyevlə birlikdə fəaliyyət göstərmiş, onu ən yaxşı tanıyan insanlardan biri kimi müəllifin prezidetimiz barədə dediyi hər sözün öz dəyəri vardır. Ramiz müəllim prezidentimizin dərin analitik təfəkkürü barədə xüsusi rəğbətlə danışır. Ramiz müəllim yazır: “Dünyada mövcud problemlərin bütün elementlərinə dərindən nüfuz etmək, onların nisbətini və qarşılıqlı əlaqəsini, xarakterik xüsusiyyətlərini aşkar etmək məharəti İlham Əliyevə siyasi səhnə arxasında gizlinləri, ən başlıcası isə dünya qüvvə mərkəzlərininin geosiyasi maraqları ilə səbəb-nəticə əlaqlərini görməyə imkan verir”. O, prezidetimizi psixoloji cəhətdən olduqca güclü, məntiqli, praqmatik dəyərləri lazımınca qiymətləndirə bilən şəxsiyyət kimi təqdim edir.

 

Ramiz müəllim bu əsərində prezidentimizi Ulu öndərimiz Heydər Əliyevlə yanaşı bir milli lider kimi xarakterizə edir: “Görkəmli siyasi liderlərdən biri kimi dünyada tanınmış İlham Əliyev Heydər Əliyevlə yanaşı, son yüz ildə Azərbaycanın ən yaxşı siyasi lideridir. O, millətin lideri kimi artıq Azərbaycanın və müasir dünyanın çoxəsirlik tarixinə daxil olub”.

 

 

                           AMEA Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d.,

professor Habil Qurbanov