Xəbərlər
30.01.2020 - 12:00
“CORONAVIRUS 2019-n COV”

Son bir həftə ərzində Çin Xalq Respublikasının Uhan bölgəsindətüğyan edən “coronavirus 2019-n CoV” epidemiyasının yayılması nəticəsində artıq yüzdən çox insanın həyatını itirdiyi və bu infeksion xəstəliyin hətta infeksiya mənbəyindən bir neçə min kilometr uzaqda olan Amerika, Kanada və digər inkişaf etmiş ölkələrə qədər gedib çatması həyəcan təbilinin çalınmasından xəbər verir. Artıq bununla əlaqədar Dünya Səhiyyə Təşkilatı rəsmi açıqlama vermişdir.

Məsələnin Azərbaycan Respublikası üçün nə qədər taleyüklü olduğunu nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev bu məqsədlə aidiyyəti təşkilatlara müvafiq tədbirlərin görülməsi üçün xüsusi tapşırıqlar vermişdir.

Ölkəmizin infeksiya mənbəyi olan Çin Xalq Respublikası ilə quru, su və hava yolları ilə sıx əlaqədə olduğunu nəzərə alaraq, respublika aidiyyəti orqanlarının açıqlamaları və bu bəladan qorunmağın vacib olduğu barədə məlumatlar verilir. Bütün idarə, müəssisə və təşkilatların Həmkarlar Təşkilatlarına tövsiyə olunur ki, əmək kollektivləri ilə birgə profilaktiki tədbirlərin görülməsi məqsədi ilə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahə üzrə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyaların və onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimlərinin və digər aidiyyəti orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini təmin etsinlər.

Bu gün artıq heç kimə sirr deyil ki, baş vermiş hər hansı bir təhlükənin nəticələrinin aradan qaldırılması, bu təhlükənin qarşısının alınması üçün görüləcək profilaktiki tədbirlərdən qat-qat çətin, baha və bəzi hallarda az effektli olur.