Xəbərlər
05.02.2020 - 16:00
AMEA AŞQARLAR KİMYASI İNSTİTUTUNUN ALİMLƏRİ “İNFEKSİON XƏSTƏLİKLƏRDƏN QORUNMA YOLLARI” MÖVZUSUNDA MARİFLƏNDİRİLİBLƏR

05 fevral 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda bu müəssisənin Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə “İnfeksion xəstəliklərdən qorunma yolları” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbiri Komitənin sədri, k.ü.f.d., dosent Elxan İsakov açaraq ölkə başçısının tapşırığına əsasən son zamanlar geniş yayılan, xüsusən 23 ölkədə mövcudluğu rəsmi olaraq təsdiq edilən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinə başlanıldığını, profilaktik tədbirlərin gücləndirildiyini Akademiya institutlarının da bu prosesdən kənarda qalmadığını bildirib.

O, qeyd etdi ki, AHİ-nin dəstəyi ilə bu sahədə xüsusi təcrübəyə malik sanitar epidemioloji stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə akademiyanın elmi müəssisə və təşkilatlarında maarifləndirici tədbirlərin həyata keçirilməsinə start verildiyini vurğuladı.

Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemoloqları Rəna Yusifli və Donara Quliyeva koronavirus və ondan qorunma yolları haqqında geniş məlumat verdi. Onlar diqqətə çatdırdılar ki, koronavirusun Çinin Vuhan əyalətində üzə çıxan yeni növü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-nCoV adlandırılıb, zəif immunitet sistemi olan insanlara tez yoluxur. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən epidemioloq həkimlər belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirib. Epidemoloq virusun 70 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək) mütəmadi aparılmasının önəminə toxunubLAR.

Daha sonra tədbirdə koronavirusla bağlı alimlərin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparıldı.