Xəbərlər
05.02.2020 - 15:00
RESPUBLİKA SEYSMOLOJİ XIDMƏT MƏRKƏZİNDƏ KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

Çinin Uxan şəhərindən başlayaraq dünyanın 28 ölkəsində yayılan koronavirusa qarşı profilaktiki işlərin gücləndirilməsi məqsədilə Azərbaycanda da maarifləndirici tədbirlər həyata keçirilir.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Həmkarlar Təşkilatının təşəbbüsü ilə mərkəzdə Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşları tərəfindən “Yeni 2019-nCoV koronovirus xəstəliyi və ona qarşı ilkin proflaktiki tədbirlər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Yasamal rayon GEM-in Epidemioloji şöbəsinin müdiri Nailə Teymurova və həkim epidemioloq Kəmalə Cəlilova yayılmış virusun əlamətləri və ondan qorunmaq yolları ilə bağlı RSXM əməkdaşlarını məlumatlandırıblar. Bildirilib ki, bu günə qədər koronavirusun 28 ölkədə yayılması və 24 mindən artıq insanın yoluxması faktı qeydə alınıb. Azərbaycanda bu epidemiyaya yoluxma halı qeydə alınmasa da, qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müvafiq göstəriş verilib.

GEM əməkdaşları koronovirusun yaranma tarixindən də danışaraq, onun ilk dəfə 1965-ci ildə Çində qeydə alındığını, 2002-ci ildə Çində SARS, 2012-ci ildə isə Səudiyyə Ərəbistanında koronavirus adı ilə yayıldığını bildiriblər. 

Vurğulanıb ki, virusdan qorunmaq üçün fərdi şəkildə spirtli mayelərdən istifadə etməklə gigiyenik qaydalara əməl olunmalı, bol maye və vitamin qəbul edilməli, immunitetin qaldırılması ilə bağlı profilaktik tədbirlər görülməlidir.

Tədbirdə RSXM-ın Həmkarlar Təşkilatının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktou Etibar Qaravəliyev və digərləri çıxış edərək insanların yoluxucu xəstəliklərdən uzaq olması üçün bu cür maarifləndirmə tədbirlərinin təşkilini yüksək qiymətləndiriblər.

Daha sonra həkimlər mərkəz əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıblar.