Xəbərlər
07.02.2020 - 14:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASINDA ƏMƏKDAŞLARIN SAĞLAMLIĞININ MÜHAFİZƏSİ ƏN ÜMDƏ VƏZİFƏLƏRDƏN BİRİDİR

Bütün sahələrdə davamlı inkişaf, dinamik uğurlar əldə edən Respublikamız tarixi inkişaf və yüksəliş dövrünü yaşamaqdadır. Uğurlarımızın baş memarı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mükəmməl idarəçiliyi, düşünülmüş strateji daxili və xarici siyasi kursu ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu, həyata keçirilən islahatlarda daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Bu da bir faktdır ki, islahatların əsas məqsədini Azərbaycan vətəndaşının ümumi rifahının, maddi durumunun, sosial müdafiəsinin daha da yaxşılaşdırılması təşkil edir. Hər bir Azərbaycan vətəndaşı həyata keçirilən bu sosial yönümlü islahatların bəhrəsini öz üzərində hiss etməkdədir. İslahatların əsas məqsədlərindən birini də dövlətin bütün sferalarında, idarə və müəssisələrdə stimullaşdırıcı inkişaf mexanizmlərinin uğurlu tətbiqi, yeni islahat reformalarına cavab vermək təşəbbüsləri təşkil edir. Bu baxımdan, Azərbaycan elminin bayraqdarı, ziyalı mühitimizin ocağı sayılan Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə yeni ciddi məqsəd və vəzifələr düşür. Cənab Prezidentin müasir tələblərə cavab verən çağırışları AMEA rəhbərliyi, çoxminlik kollektivi tərəfindən tam olaraq dəstəklənmiş və akademiyanın ümumi fəaliyyətində yeni iş prinsipləri, tendensiyalar işlənib hazırlanmışdır. AMEA prezidenti akademik Ramiz Mehdiyevin rəhbərliyi və təşəbbüsü ilə akademiyada yenilənmə, kadr və struktur islahatları, əməkdaşların fəaliyyətininin stimullaşdırılmasına xidmət edən yeni fəaliyyət proqramı hazırlanaraq həyata keçirilməkdədir. Akademik Ramiz Mehdiyev əməkdaşların sosial rifahının daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərir və bu məsələni AMEA-nın bütün strukturları üçün prioritet tələb kimi qoyub. Bu baxımdan, AMEA Azad Həməkarlar İttifaqının üzərinə xüsusi bir məsuliyyət düşür. Belə ki, çoxminlik akademiya kollektivinin sosial problemlərinin həlli, korporativ fəaliyyətlərinin təşkili daha çox Həmkarlar İtifaqının fəaliyyət çevrəsinə aid olan məsələlərdəndir.

Əməkdaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tələb və iş prinsipinə uyğun olaraq, AMEA Həmkarlar İttifaqı bir-sıra uğurlu tədbirlər həyata keçirmişdir. Xüsusən də əməkdaşların böyük əksəriyyətinin yaşlı insanlar olmasını, keçici virusların qış fəslində daha da aktivləşdiyini nəzərə alaraq 2020-ci ilin yanvar ayında Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Respublikanın aparıcı klinikalarından olan Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi və “MedEra” hospitalının tibbi personalı akademiyaya dəvət edilmiş və yüksək ixtisaslı həkimlər qrupu yüzlərlə əməkdaşı təmənnasız olaraq tibbi müayinədən keçirmişlər. Belə ki, Akademik Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi Akademiya Şəhərciyinin həyətində öz səyyar avtobus-klinikasında ən müasir tibbi avadanlıqlardan istifadə etməklə əməkdaşların gözlərini müayinə etmişlər. Bundan bir-neçə gün sonra isə “MedEra” hospitalının həkim personalı yenə də ən müasir tibbi avadanlıqları ilə akademiyaya təşrif buyurmuş və əməkdaşların nevroloji, terapevtik və kardioloji müayinəsini həyata keçirmişlər. Bu sosial yönümlü aksiyanın keçirilməsinə səbəb olan digər önəmli bir amil isə Çin Xalq Respublikasında yaranan, dünyanın onlarla ölkəsinə “ayaq açan”, 25 minə yaxın insanın yoluxduğu, 500-ə yaxın insanın həyatını itirdiyi “coronavirus 2019-n CoV” virusu ilə bağlıdır. Bu virus Respublikamız üçün real təhlükə yaratmasa da, önləyici tədbirlərin həyata keçirilməsi vacibdir. Bu virusun nə dərəcədə ciddi və təhlükəli olduğunu nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev bu məqsədlə müşavirə keçirmiş və aidiyyatı təşkilatlara müvafiq tədbirlərin görülməsi üçün xüsusi tapşırıqlar vermişdir. Bunu nəzərə alan AMEA Azad Həmkarlar İttifaqının internet saytının (www.ameahemkarlar.az) “Əməyin Texniki Təhlükəsiszliyi və Sağlamlıq” bölməsində  virusla bağlı geniş məlumat yerləşdirilmişdir. Burada “coronavirus 2019-n CoV” virusu, onun əlamətləri, yaranması və yayılması şəraiti, ilkin yardımın göstərilməsi, xəstəliyin məhdudlaşdırılması və s. ilə bağlı geniş mütəxəssis rəyi və məlumatlar yerləşdirilmişdir. Eyni zamanda, AMEA-nın bütün İlk Həmkarlar təşkilatlarının sədrlərinə virusla bağlı yazılı məlumatlar göndərilmiş, əməkdaşlar arasında maarifləndirici tədbirlərin həyata keçirilməsinə tövsiyyə və göstərişlər verilmişdir. Artıq AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə AMEA-nın ilk təşkilatlarında (Riyaziyyat və Mexanika, Fizika, Coğrafiya, Aşqarlar Kimyası İnstitutlarında, Respublika Seysmoloji Xidmət Mərkəzində və digər institutlarda) koronovirusla bağlı maarifləndirici tədbirlər keçirilib və ərazilər üzrə Gigiyena və Epidemologiya Mərkəzlərinin dəvət olunmuş epidemoloqları koronavirus və ondan qorunma yolları haqqında tədbir iştirakçılarına məlumatlar veriblər.

 O da qeyd edilməlidir ki, əməkdaşların sağlamlığının diqqət mərkəzində saxlanılması hər zaman AMEA Azad Həmkarlar İttifaqının fəaliyyətində əsas prioritet istiqamət təşkil etmişdir. Hər il yüzlərlə akademiya əməkdaşı təmannasız olaraq tibbi müayinəyə cəlb edilir. Eyni zamanda, akademiya əməkdaşları müalicə, istirahət məqsədi ilə Respublikamızın aparıcı sanatoriya, kurort mərkəzlərinə göndərilir. AMEA Həmkarlar İttifaqı əməkdaşların səhhəti, sağlamlığı, asudə vaxtlarının təşkili, sosial rifahlarının yaxşılaşdırılması istiqamətində öz fəaliyyətini günün tələbləri səviyyəsində daim diqqət mərkəzində saxlamaqdadır. Bu da Respublikamızda həyata keçirilən sosial yönümlü siyasətə, əməkdaşların fəaliyyətlərinin daha da stimullaşdılmasına öz töhfəsini verməkdədir.