Xəbərlər
26.02.2020 - 10:00
XOCALI QƏTLİAMI – TARİXİMİZİN HARAYI

Mənfur düşmənin iblisanə əməlləri üzündən yurdumuzun qədim guşələrindən biri olan Xocalının təkcə adının belə çəkilməsi hər bir azərbaycanlının qəlbini parçalayır. “Xocalı” sözünün özü, sanki, fəryad edir, nalə çəkir, bütün insanlığı, yer üzünü qınayır, o qətliamı törədənlərə lənət oxuyur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər insanlıq tarixində heç zaman silinməyəcək qara ləkədir. Erməni xislətinin mahiyyətidir, erməni faşizminin insanlıq üçün nə qədər təhlükəli olmasının sübutudur.

Xocalı qətliamı tariximizin ən qanlı, ən faciəli səhifələrindən biri olmaqla yanaşı, eyni zamanda, müasir sivilizasiyanın hansı bir vəziyyətdə olmasını əks etdirən olduqca ciddi, məşum göstəricilərdən biridir. 

İndi yer üzünün inkişafına nizam verən nəhəng güc mərkəzlərinin hamısı çox gözəl bilir ki, Qarabağ Azərbaycan torpağıdır. Amma o güc mərkəzləri öz məkrli maraqlarını həyata keçirmək üçün bütün yer üzündə insanlığa layiq olmayan oyunlar oynayırlar. Bu oyunlar həqiqəti, ədaləti ayaq altına alır, işıqlı zəkaların insanlıq adına yaratdıqlarını darmadağın edir. Min illər boyu bütün müdrik insanların, dinlərin, mütərəqqi nəzəriyyələrin çağırışları qulaq ardına vurulur, unutdurulur. Hüquq elminin də əsrlər boyu əldə etdiyi nailiyyətlərə məhəl qoyulmur. Paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən, heyvanların belə müdafiəsinə qalxanlar insanları zəlil edirlər, insanların zəlil edilməsinə göz yumurlar. İnsan hüquqlarının aliliyindən ağızdolusu danışanlar, xalqların hüquqlarını tanımaq istəmirlər. Hörmətli Prezidentimiz İlham Əliyevin dəfələrlə dediyi kimi, ikili, çoxüzlü siyasət yürüdürlər.

Ən qədim tarixi mənbələr də bu ərazidə lap bineyi-qədimdən Azərbaycan xalqının yaşadığını təsdiq edir. Son minillikdə də ata-babalarımızın bu torpağın sahibi olduqlarını təsdiq edən yüzlərlə nişanələr, tarixi abidələr var. Tarix kitabları da var. Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirildikdən sonra ermənilərin buraya hansı niyyətlə köçürüldüyü də hər kəsə məlumdur. Amma torpaqlarımıza göz dikən güc mərkəzləri ermənini əllərində ov tulasına çevirib üstümüzə qısqırdır. Torpaqlarımızdan hissə-hissə ələ keçirdikcə daha da şirnikləşirlər. Yeni oyunlar qururlar. Xocalı qətliamı torpaqlarımızın ələ keçirilməsi yolunda başımıza gələn bir bəla, düşmənin ən iyrənc sifətini üzə çıxaran tarixi bir gerçəklikdir. Xocalı qətliamı Vətənimizə qarşı həyata keçirilən çirkin siyasətin mahiyyətini açan ibrətamiz bir göz dağıdır.

..Xocalı hadisəsinin necə baş verməsi, yaşı 40-50-dən yuxarı olanların yaxşı yadındadır. Vətənimizin başına min bir oyunlar açılırdı, ölkə daxilində milli zəmində münaqişələr törədilir, qarşıdurmalar yaradılırdı. Ölkədə xaos hökm sürürdü. Güc mərkəzləri bir tərəfdən ölkə rəhbərliyini, əhalini arxayın salmaqla yanaşı, altdan-altdan öz məkrli niyyətlərini həyata keçirmək üçün mexanizmlər, texnologiyalar həyata keçirir, digər tərəfdən, erməniləri qızışdırıb üstümüzə yeridirdilər. 

Xocavənddə, Qarakənd yaxınlığında vertolyotda Azərbaycanın bir çox mühüm vəzifə sahibləri məhv edildikdən sonra ölkədə bir bədbinlik, ruh düşgünlüyü yaranmışdı. Belə bir vaxtda bölgədə yeganə aeroportun olduğu, ölkəmiz üçün strateji cəhətdən son dərəcə mühüm əhəmiyyət kəsb edən bir ərazidə yerləşən Xocalı ətrafında vəziyyət günü-gündən gərginləşirdi.

Ölkə rəhbərliyi əhalini oradan çıxarmağa tərəddüd edirdi. Çünki, əhalinin çıxması ilə həmin ərazinin müdafiəsi xeyli zəifləyəcəkdi. Amma rəhbərliyin həmin əhalini orada saxlamağa da qətiyyəti, intellektual potensialı, bacarığı, lazımi texnikası çatışmırdı. Belə bir vəziyyətdə Xocalı səhlənkarcasına, sadəlövhcəsinə başlı- başına buraxılmışdı. Bu, tarixi bir cinayət idi. Düşmən bu vəziyyəti fövtə vermədi. Əliyalın insanların üstünə silahlı ordu yeridildi.Tarixin ən qəddar, iblisi belə mat qoyan hadisəsi baş verdi...

 

Ermənistanın silahlı qüvvələri 1992- ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı və yaxından köməyi, daşnakların fitvası, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı, sonradan Ermənistanın prezidenti olacaq bir cəlladın – Serj Sarkisyanın təşkilatçılığı ilə köməksiz insanların üzərinə yeridilər. Xəstə insanları çarpayıda vurdular, uşaqları süngüyə keçirdilər, hamilə qadınların qarınlarını yardılar, pərən-pərən düşmüş insanları gülləbaran etdilər. Azərbaycan əhalisinə qarşı heç yerdə görünməmiş bir vəhşi qətliam həyata keçirildi. Hətta ölmüş insanların belə kəlləsini əzir, sifətlərinin dərisini soyurdular. Həmin mənfur Serj Sarkisyanın sonralar fəxrlə dediyi kimi, bununla Azərbaycan əhalisinin gözünü qorxutmaq, ətraf kəndlərin də boşalmasına nail olmaq istəyirdilər. Onlar öz məqsədlərinə çatdılar. Amma öz sifətlərini də xeyli dərəcədə açdılar. Çünki, normal insan psixologiyasına malik insanlar belə vəhşilik törədə bilməzdi.
Rəsmi statistikaya görə, həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb ki, onlardan da 76-sı uşaqdır. Yenə də, rəsmi statistikaya görə, 1275 nəfər əsir götürülüb. Amma hər yanda qeyd olunur ki, həmin adamlardan 150-sinin taleyi məlum deyil. Onlar itkin düşmüş sayılır. Amma mən dəfələrlə bu barədə demişəm ki, həmin 150 adamı da qətl edilənlərin siyahısına əlavə etmək lazımdır. Çünki, məlumdur ki, qəddar düşmən öldürdüklərinin bir hissəsini quyulara, xəndəklərə töküb üstünü örtərək izi itirirdi. Vaxtları olsaydı, yəqin ki, daha çox meyiti belə aradan çıxaracaqdılar.Beləliklə də, bu məntiqlə, qəti şəkildə demək lazımdır ki, Xocalıda həmin o məşum gecədə məhv edilən insanların sayı 613 yox, 763 nəfərdir. 

Əsir götürülən insanların da bir çoxunun başına ən vəhşi oyunlar açılıb. Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırovun və Asif Məhərrəmovun (Fred Asif) gərgin əməyi, şücaətləri hesabına 1003 nəfər əsirlikdən xilas edilə bildi. Bir çox meyitləri düşüb qaldıqları yerdən götürə bildik. Əsirlikdən yaxa qurtaran insanların söylədikləri hər bir vicdanlı insanı riqqətə gətirir, qanını dondurur. Adamlar orada günlərlə soyuq yerdə ac saxlanıb. Onlara erməni xislətinə uyğun işgəncələr verilib. İnsanlar öz müqəddəs dəyərlərinə qarşı çıxmağa təhrik edilib. Etiraz edənlər əzabla öldürülüb. Bunlar hamısı, erməni psixologiyasını daha dərindən dərk etməyə imkan verir.


Hər dəfə Xocalı hadisəsi yadıma düşəndə məni qəhər boğur. Yadıma meyitlərin yük maşınlarında qalaq-qalaq Ağdama gətirilməsi, qadınların fəryadı, kişilərin qəzəb, kədər, nifrət dolu sifətləri düşür. Mən həmin gün Ağdamda idim. Hələ uşaqlıqdan yaxından tanıdığım insanların, hər zaman öz qüruru ilə seçilən insanların nə günə düşdüyünü görüb sarsılmışdım. Özüm də onlardan betər idim. Amma özümü toparlayıb insanlara kömək etmək istəyirdim. Əlimdən nə gəlirdi edirdim. 600 – dən artıq insan meyitlərinin vay-şivənlə Ağdam məscidində yuyulması, eyni zamanda, onların Şəhidlər xiyabanında dəfn olunması çox dəhşətli idi. 

Təəssüf ki, tarixin ən dəhşətli bir qırğının baş verdiyi dövrdə Azərbaycanda hakimiyyətdəki rəhbərlər, eləcə də müxalifətçi siyasi qüvvələr, başqa “nüfuzlu şəxslər” lazımi münasibət bildirmədilər. Halbuki onlar haray salıb bütün Yer üzünü ayağa qaldırmalı idilər. Bütün mütərəqqi qüvvələri Azərbaycana cağırmalı, onları baş vermiş vəhşiliklə isti-isti tanış etməli idilər. Utandırıcı haldır ki, hadisə baş verən vədə ölkənin o vaxtkı rəhbərliyi bu faktı həm əhalidən, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışdı! Ölkə televiziyası, mətbuat susur, hadisənin miqyasını xeyli kiçildirdi. Özlərini siyasətçi hesab edənlərin əksəriyyətini Xocalıda baş vermiş hadisələrdən siyasi məqsədlər üçün istifadə etmək daha çox maraqlandırırdı. Amma bu acizlik, mövqesizlik o zaman həmin insanları xalqın gözündən daha çox saldı. 

Xocalı hadisəsi barədə dünya ictimaiyyətini lazımi qədər məlumatlandırmaq yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gəldikdən sonra mümkün oldu. Məhz onun fəaliyyəti nəticəsində Xocalı məsələsinə həm ölkənin siyasətində, parlamentdə, xarici siyasətdə ciddi əhəmiyyət verilməyə başlandı. Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində əməli addımlar atıldı. Amma nəzərə almaq lazımdır ki, Heydər Əliyevə qədər Azərbaycan “siyasilərinin” başı daxili münasibətlərə qarışdığı bir müddətdə ermənilər dünya ictimaiyyəti arasında Xocalıdakı hadisələr barədə təhrif olunmuş, özləri üçün faydalı məlumatlar formalaşdırmağa müəyyən qədər nail olmuşdular. Ona görə də əsl həqiqətləri anlatmaq üçün çox gərgin əmək sərf etmək lazım gəlirdi. 

Dahi, müdrik liderimiz Heydər Əliyev elə ilk imkan düşən kimi bu sahədə ciddi fəaliyyətə başladı. O, hələ prezident səlahiyyətlərini həyata keçirdiyi vaxtda, Milli Məclisin sədri kimi, təcili tədbirlər görülməsi üçün 26 iyul 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi. 1994-cü il 24 fevralda Milli Məclis hər il fevralın 26-sının “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar qəbul etdi. 1995-ci il 24 fevralda isə, Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımının tanınması ilə bağlı müraciət etdi. Azərbaycanın həm daxili, həm də xarici siyasətində, diplomatik münasibətlərin qurulmasında Xocalı soyqırımına münasibət mühüm bir yer tutdu. Ulu öndərin müəyyən etdiyi bu xətt artıq beynəlxalq aləmdə nüfuzlu bir siyasətçi kimi tanınan, hörmətli Prezidentimiz İlham Əliyevin fəaliyyətində də diqqət mərkəzindədir.

Heydər Əliyev Fondunun bu üsahədəki xidmətləri – xüsusən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının uğurları  barədə də danışmamaq mümkün deyil. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildonümü günü  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla  xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyası  hazırda 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla  davam  etdirilir.
Görülən məqsədyönlü tədbirlər nəticəsində dünyanın 10-dan çöx ölkəsinin parlamenti, eləcə də ABŞ ştatlarının bir çoxu bu qətliamı “Xocalı soyqırımı” kimi qəbul etmişdir.  
Bəli, tariximizin belə bir qanlı səhifəsi vardır. Amma, təəssüf ki, bu vəhşiliyi görüb xalqımızın halına yananlar, bizə kömək edənlərin sayı heç də insanlıq adına layiq səviyyədə deyil. Ölkəmizin xarici siyasətində bu istiqamətdə geniş fəaliyyət göstərilsə də, hələlik Xocalıda baş verən vəhşilikləri tam səviyyədə qətliam kimi qəbul edən dövlətlər arzu olunan sayda deyil. Elə bu faktın özü də yer üzündəki o ikili, çoxüzlü siyasətin nəticəsidir.  Bu vəziyyətin yaranması xalqımızı ayıq olmağa, Vətənimizin belə faciələrlə bir daha üzləşməməsi üçün sıx birləşməyə, dövlətçiliyimizə sadiq olmağa səsləyir. 

 

AMEA Azad Həmkarlar İttifaqının sədri
hüquq üzrə elmlər doktoru, professor,  Habil Qurbanov