Xəbərlər
26.02.2020 - 12:00
26 FEVRAL - XOCALI SOYQIRIMININ ANIM GÜNÜ

25 Fevral 2019-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda 26 Fevral -  XOCALI SOYQIRIMININ ANIM GÜNÜ  ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri – ŞƏMİSTAN ƏLİZAMANLI iştirak etdi.

Tədbiri açan RMİ-nin direktoru AMEA-nın müxbir üzvü professor  Misir Mərdanov Şəmistan Əlizamanlıya dəvəti qəbul etdiyinə görə minnətdarlığını bildirdi və çıxış üçün sözü ona verdi. O, qeyd etdi ki, Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfin-dən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov böyük şücaət gösdərərək üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi  Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqo-vina,  Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

         Sonda AMEA Riyaziyyat və Mexanika İnstitunun Həmkarlar İttifaqının sədri dosent İradə Mirzəzadə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri – Şəmistan Əlizamanliya təşəkkür etdi.