Xəbərlər
02.03.2020 - 11:00
AKADEMİYADA ÇALIŞAN ƏMƏKDAŞLARIN NİZAM-İNTİZAM QAYDALARINA NƏZARƏT

       AMEA-nın strukturuna daxil olan idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin və işəgötürənlərin mənafelərinin qorunması öhdəlikləri ilə əmək kollektivlərində əmək və istehsalat intizamına nəzarət etmək məqsədi ilə həmkarlar təşkilatları və müəssisədaxili ictimai özünüidarə orqanlarının birgə iştirakı ilə funksional işçi komissiyalarının yaradılması Sizə tövsiyə olunur.

      Belə ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi” nin 10-cu maddəsinə əsasən hər bir işçi əmək müqavilələri ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməyə, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməyə, yüksək əmək məhsuldarlığı nümayiş etdirməyə, əməyin texniki təhlükəsizliyi normalarına əməl etməyə və əmək qanunvericiliyinin tələblərinə riayət etməyə borcludur. 

      Həmçinin “Kollektiv müqavilə” və sazişlərin bağlanmasının ümumi qaydalarına əsasən Kollektiv müqavilənin bir tərəfi işə götürən, digər tərəfi isə həmkarlar ittifaqı təşkilatları olduğu üçün, müqavilə öhdəliklərinə əməl olunmasına işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarətin təşkil edilməsi “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuşdur.

Müəssisələrdə həmkarlar ittifaqları təşkilatları ilə yanaşı qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanları fəaliyyət göstərir. Bu məqsədlə əmək kollektivi şurası, direktorlar şurası, ixtiraçılar, səmərələşdiricilər, yaradıcılıq, qadınlar, veteranlar, gənclər cəmiyyətləri və müvafiq normativ hüquqi aktlar əsasında əmək münasibətləri iştirakçılarının təsis etdikləri ictimai birlikləri cəlb etməklə AMEA strukturuna daxil olan idarə, müəssisə və təşkilatlarda əmək intizamının gücləndirilməsi və əmək məhsuldarlığının yüksəldilməsi məqsədi ilə birgə işçi komissiyaların yaradılması və mütəmadi ictimai nəzarətin həyata keçirilməsi məqsədəuyğun hesab edilir.