Xəbərlər
06.03.2020 - 10:00
XANIMLARIMIZIN BAYRAMI YURDUMUZUN BAYRAMIDIR

Artıq bir əsrə yaxındır ki, hər il mart ayının 8–ni biz Beynəlxalq qadınlar bayramı kimi qeyd edirik. İndi bəziləri müzakirə edir ki, bu günü bayram kimi qeyd etmək, belə bir gündə xanımlarımızı təbrik etmək nə dərəcədə doğrudur? Məncə belə bir müzakirəyə ehtiyac yoxdur. Müzakirə açanlar deyir ki, bu bayramın qeyd edilməsinin əsas səbəblərini müxtəlif tarixi hadisələrlə, daha sonra  yəhudi əsilli Klara Setkinanın, hərdən də əlavə olaraq  Roza Lüksenburqun adı ilə bağlayırlar. Bəli, Klara Setkina 1910–cu ilin 26-27 avqustunda Kopenhagendə işçi qadınların ikinci Beynəlxalq konfransında çıxış edərək işçi qadınların sosial həyatda, dövlətdə siyasi hüquqsuzluqlarına beynəlxalq səviyyədə proletariatın etirazını nümayiş etdirmək üçün qadınlar günü müəyyənləşdirməyi və onu hər il qeyd etməyi təklif etdi. Təklif 17 ölkədən gəlmiş 100 qadın tərəfindən müdafiə olundu. 1911–ci ildən başlayaraq bu bayram mart ayında, amma müxtəlif tarixlərdə qeyd olunmağa başladı. 1914–cü ildən bu bayram 8 martda keçirilməyə başladı. 1978 – ci ilin 28 noyabrında BMT də bu günü Beynəlxalq Qadınlar Günü kimi qeyd etmək haqda qərar qəbul etdi.

Ona görə də 8 mart  Beynəlxalq qadınlar gününü qeyd edib-etməməyi müzakirə edənlərə cavab olaraq əvvəl onu demək lazımdır ki, hər bir bayramın qeyd edilməsi üçün ən mühüm olan bu bayramın kim tərəfindən təklif edilməsi yox, həmin bayramın ideyasıdır. Bu bayram, qadınların hüquq bərabərliyi bayramıdır. Bu, bizim xalqımızın, dinimizin adət-ənənələrinə, tövsiyyələrinə də uyğun bir bayramdır. Qadın hüquqlarının qorunması ilə bağlı ölkəmizin son 100 ildə atdığı mühüm addımlar var. Bu bayramda biz öz xanımlarımıza ehtiramımızı bildiririk. Kiminsə şəninə bayram etmirik ki! Eyni zamanda bu günün beynəlxalq səviyyədə qeyd edilməsi haqda BMT–nin qərarı var. Digər tərəfdən, indiki nəsil gözünü açandan hər il bu bayram qeyd edilir. Bu bayram baharın gəldiyi ilk günlərdə qeyd edilir. Ona görə də belə bir günü bayram kimi qeyd etməyə etiraz etməyin heç bir yeri yoxdur.

Amma, təbii ki, bu bayramı necə qeyd etməmiz müzakirə mövzusu ola bilər. Təəssüf ki, bəzi orta məktəblərdə, başqa müəssisələrdə, bu bayramdan sui istifadə edən maddiyyata həris adamlar da var. Körpə şagirdlərdən, onların kasıb valideynlərindən, bayram təbriki üçün yığılan məcburi hədiyyələr bu bayrama kölgə salmaqla, onu təşkil edənlərə nifrət hissi yaradır. Biz bu bayramı mənəvi dəyərlərimizə xidmət edən bir bayram kimi keçirməliyik.

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı da bu bayramın xalqımızın adət-ənənələrinə uyğun olaraq, mənəvi dəyərlərimizin təbliğinə söykənən bir bayram kimi keçirilməsi üçün müxtəlif tədbirlər keçirir. Hər bir İnstitutlarımızda və başqa qurumlarımızda olan xanımlarımızın təbrik edilməsi üçün imkanlarımıza uyğun işlər görülür.

Qeyd etmək istərdim ki, AMEA-da hər zaman Azərbaycan qadınlarının olduqca şərəfli, olduqca fədakar bir təbəqəsi təmsil olunur. Bu, keşmişdə də belə olmuşdur, indi də belədir. Bizim xanımlarımız arasında elmin inkişafı və təşkili sahəsində çox parlaq nailiyyətlər əldə etmiş, indi də böyük uğurlara imza atan insanlar vardır. Onların bir çoxu beynəlxalq səviyyədə, ölkəmizdə olduqca geniş tanınır. Misal üçün akademiklərimiz İzzət Orucova, Validə Tutayuq, Zərifə Əliyeva, Püstəxanım Əzizbəyova, Rəfiqə Əliyeva, Adilə Namazova, Nərgiz Paşayeva, İradə Hüseynova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Validə Əlizadə, Nərgiz Axundova, Zemfira Səfərova, Nüşabə Araslı, Könül Bünyadzadə, Məsumə Məlikovanın, professorlarımız Aidə İmanquliyeva, Zərifə Budaqova, Svetlana Məmmədova, Zümrüd Quluzadə, Zərifə Əlyarova, Elmira Süleymanova, Qalina Mehdiyeva, Aytən Mustafazadə, Lalə Əhmədova, Solmaz Tohidi, Maisə Rəhimova, Ulduz Həşimova, Məryəm Seyidbəyli, Tahirə Məmməd, Gülşən Yüzbaşıyeva, Rəna Sultanova, Raya Nəcəfova, Dürdanə Araslı, Dilarə Hüseynova, Elmira Kərimova, Leylufər Əliyeva, Azadə Hüseynova, Minavər İbrahimova, Pərvin Məmmədova, Mənijə İsayeva, Səyyarə İbadullayeva, Azadə Musayeva, Kübra Əliyeva, İradə Köçərli, Nailə Rəhimbəyli, Xatirə Bəşirli, Aidə Qasımova, Gülər Abdullabəyova, Sayalı Sadıqova, Nərgiz Quliyevanın və onlarca digər xanımlarımızın adı olduqca yüksək elmi nailiyyətlərlə bağlıdır.

İctimai həyatda çox mühüm rol oynayan Nurlana Əliyeva, Rəna Mirzəzadə, Rəfiqə Əzimova, Afaq Rüstəmova, Arzu Hacıyeva, Lalə Mövsümova, Ziba Ağayeva, Xatirə Quliyeva, Rəxşəndə Cabbarzadə, Tamella Nəsirovanı və digərlərini göstərmək olar

Azərbaycanın gənc alimləri arasında da xeyli istedadlı, elmimizin gələcəyi üçün olduqca perspektivli yeni nəsl yetişməkdədir. Belə gənclərimiz AMEA – nın rəhbərliyinin, AMEA Azad Həmkarlar İttifaqının, İnstitut rəhbərlərinin diqqət mərkəzindədir.

Bütün Azərbaycan vətəndaşları kimi, AMEA-da fəaliyyət göstərən xanımlarımız da hər zaman dövlətimizin qayğısı içərisindədirlər. Qadınlarla bağlı qanunvericiliyimizin mükəmməl bazası yaradılmışdır. Bu sahəyə daima diqqət  göstərilir.

Azərbaycan xalqının öz qadınlarına qayğısı hər zaman diqqət mərkəzində olmuşdur. Hələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi Azərbaycan qadınlarının siyasi həyatda fəal rol oynaması üçün mühüm bir hüquqi baza oldu. Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Sovet hakimiyyəti illərində də xalqımız hər zaman qadınlarımızın qayğısına qalmışlar. Qadınlarımız da ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində böyük uğurlar qazanmışlar.

1993–cü ildə, Ümummilli lider Heydər Əliyev yenidən ölkəyə başçılıq etməyə başlayandan sonra ən mühüm dövlət işləri ilə yanaşı ciddi diqqət verdiyi məsələlərdən biri də qadınlarımıza qayğı, diqqət məsələsi oldu. Onun fərman və sərəncamları ilə ölkəmiz “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşuldu. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası qadınlarımızın hüquq bərəbərliyi sahəsində ciddi hüquqi baza yaratdı.

1998-ci ilin 14 yanvarında Ulu öndərin fərmanı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi də yaradıldı. Həmin il ölkəmizdə Azərbaycan Qadınlarının Birinci Qurultayı keçirildi. 2000-ci ildə, martın 6–da verilən “Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı qadınlarımızın mühüm rəhbər vəzifələrində kişilərimizlə birgə təmsil olunmasına şərait yaratdı.

Unudulmaz öndərimizin layiqli davamçısı İlham Əliyev də qadınlarımıza qayğı məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Məlum olduğu kimi, qadınlarımızın cəmiyyətdəki, şəxsi həyatlarında ailələr, uşaqlar olduqca mühüm rol oynayır. Ailə və uşaq problemləri qadın problemləri ilə sıx şəkildə bağlıdır. Ona görə də prezident İlham Əliyevin 2006-cı il fevralın 6-da imzaladığı fərmanla  “Qadın Problemləri üzrə Dövlət Komitəsi” bazasında “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Həmin il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul olunması qadınlarımızın hüquq və vəzifələrinin qorunması sahəsində daha bir ciddi addım olmaqla onların cəmiyyətdəki rolunu daha da artırdı. 

İndi ölkəmizdə qadınlarımızın hüquqları hərtərəfli olaraq qorunur. Onların siyasi hüquqları, əmək hüquqları, təhsil hüquqları cəmiyyətdə çox geniş şəkildə fəaliyyətlərinə imkan verir. Qadınlarımızın cinayət, cinayət-prosessual və cəza-icra hüquqlarında kişilərlə müqayisədə müəyyən güzəştlərin olması da xalqımızın zərif cinsə ehtiramının, qayğısının təcəssümüdür.

Ölkəmizin qadınlarının olduqca layiqli lideri Azərbaycanın birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevadır. Eyni zamanda Heydər Əliyev Fondunun da rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olan, bu adlara layiq işləri ilə beynəlxalq səviyyədə də çox geniş tanınan Mehriban xanımın fəaliyyəti Azərbaycan qadınlarına böyük ruh verir. Mehriban xanım  Dağlıq Qarabağ probleminin xalqımızın mənafeyinə uyğun olan həlli məsələsinə, öz mədəniyyətimizə, sosial problemlərin həllinə, idmanın inkişafına, ölkədə ahəngdar bir mühitin yaranmasına, ən müasir tələblərə cavab verən abadlıq işlərinin aparılmasına böyük diqqət yetirir.

Əliyevlər ailəsinin daha bir nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın fəaliyyəti də diqqətəlayiqdir. Artıq beynəlxalq aləmdə bir ictimai xadim kimi tanınan Leyla xanım  bir sıra beynəlxalq səviyyəli layihələrin rəhbəri olmuşdur. Onun fəaliyyəti bütün gənclərimizi, xüsusi ilə gənc qızlarımızı xalqımızın tərəqqisi yolunda geniş fəaliyyətə ruhlandırır. Leyla xanım ölkəmizin dünyada təbliğində, xaricdəki Azərbaycan gənclərinin təşkilatlanmasında, mədəniyyətlər arasında dialoqun qurulmasında mühüm rol oynayır. Onun apardığı “Xocalıya ədalət”  kampaniyası artıq öz bəhrəsini verməkdədir. Elə bu il fevralın 26–da biz bunun şahidi olduq.

Dövlətimizin elmi işçilərə olan qayğısı da ilbəil artmaqdadır. Son illər elmi işçilərin əməkhaqları bir neçə dəfə artırılmışdır. AMEA-nın bir qrup alimi tamamilə ödənişsiz olaraq mənzillə təmin edilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eyni zamanda AMEA Azad Həmkarlar İttifaqının da xanımlara qayğısı hər il daha da artmaqdadır. Artıq bir çox alimlərimizə Xızıda torpaq sahələri ayrılmışdır. AMEA işçilərinin müalicəsi, istirahətləri üçün kompleks tədbirlər görülməkdədir.

         Bütün bunlar mühüm stimullar olmaqla Azərbaycanın xanım alimlərini də xeyli ruhlandırır, onların  fəaliyyəti üçün geniş imkanlar yaradır.

 

 

Habil Qurbanov

Professor, hüquq üzrə elmlər doktoru,

AMEA Azad Həmkarlar İttifaqının sədri