Xəbərlər
26.02.2020 - 11:00
ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASINA DAİR ÜMUMİ QAYDALAR

 

ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASINA DAİR ÜMUMİ QAYDALAR

 

Ön söz

 

     Bu gün Respublikamızda gedən islahatlar və ondan irəli gələn Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası problemləri həmkarlar təşkilatlarının qarşısında daha ciddi vəzifələr qoyur. Bu vəzifələrin uğurla yerinə yetirilməsi işçilərin təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsində onların təhlükəsiz əməyə və istehsalat intizamına riayət etmələri həmkarlar təşkilatları orqanlarında çalışan kadrların təşəbbüskarlığından, prinsipiallığından, iqtisadi və hüquqi savadından çox asılıdır. Çünki bu keyfiyyətlərə malik olmayan həmkarlar təşkilatı işçisi işçilərin əmək hüququnu və qanuni mənafelərini müdafiə edə bilməz.

     Beynəlxalq Əmək Təşkilatının rəsmi açıqlamasına əsasən dünyada hər gün 7 min nəfər insan istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir. Əlil olanlar və sonradan bu xəsarətlər nəticəsində dünyasını dəyişənlər buraya daxil deyildir. Bu hesabata əsasən il ərzində istehsalatda Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası Norma və Qaydalarının pozulması nəticəsində baş verən istehsalat qəzaları nəticəsində iki milyondan artıq insan həyatını itirir. İstehsalatda baş vermiş ölüm hadisələrinin 83,5%-iistehsalatda Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası Norma və Qaydalarının pozulması nəticəsində baş vermişdir.

     Məsələyə tibb statistikası nöqteyi nəzərindən yanaşılarsa istehsalatda baş vermiş ölüm hadisələrinin sayı il ərzində ciddi xəstəliklər nəticəsində baş vermiş ölüm sayı ilə müqayisə olunacaq dərəcədə ciddi olduğu açıq-aydın görünür və bu sahəyə strateji düşüncə tərzi ilə yanaşmaq tələb olunur.

 

Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası

 

     Azərbaycan Respublikasının Konstitusiyası “Hər bir vətəndaşın təhlükəsiz və sağlam şəraitdə işləmək” hüququnu özündə təsbit edir. Hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından asılı olmayaraq ölkənin müvafiq qanunvericilik və normativ aktlarında əks olunmuş Əməyin Mühafizəsi, Texniki Təhlükəsizliyin Normaları, Qaydaları və Prinsiplərinə əməl etməyə borcludur. Qanunvericilik işəgötürənlər və mülkiyyətçilər üzərində müəyyən vəzifələr qoyur.

   Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir müəssisədə milli qanunvericiliyin tələblərinə uyğun olaraq Əməyin Mühafizəsinin idarəedilməsi sisteminin qurulmasının nümunəvi variantı barədə söhbət açmazdan əvvəl bir daha qeyd edək ki, mülkiyyət formasından və növündən asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisələr üçün yalnız işəgötürən məsuliyyət daşıyır.

   Müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər iş yerlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə səlahiyyətləri daxilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi Qaydaların, Təlimatların və digər normativlərin və standartların, həmçinin, Azərbaycan Respublikasının qoşulduğu və tərəfdar olduğu beynəlxalq müqavilələrdən irəli gələn tələblərin yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.

     Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əməyin Mühafizəsi” bölməsinin otuz dördüncü fəslinin 215-ci maddəsində deyildiyi kimi, müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

- Əməyin mühafizəsi üzrə mövcud standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;

- Binaların, qurğuların, texnoloji proseslərin və avadanlıqların təhlükəsizliyinə riayət edilməsini;

- Bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

- İşçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin təşkilini;

- Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;

- Normal əmək və istirahət rejiminə əməl olunmasını;

- İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;

- İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil ediməsini və əməyin mühafizəsinin təbliğ edilməsini;

- Kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və orada nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini təmin etmək.

     Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi müddətdə və müvafiq formada əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatların verilməsini təmin etmək.

 

Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası Normaları, Qaydaları, Standartları və Prinsipləri nədir?

 

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi Qaydalar, Təlimatlar və digər nazirlik və dövlət komitələrinin öz səlahiyyətləri çərçivəsində müəyyən etdikləri norma və prinsiplər, həmçinin, tərəfdar çıxdığımız beynəlxalq konvensiyalarla müəyyən edilir.

    22 noyabr 1998-ci il tarixində Beynəlxalq (Regional) və Dövlətlərarası Standartların, Normaların, Qaydaların və Tövsiyyələrin Azərbaycan Respublikası Ərazisində Tanınması və Tətbiq Edilməsi Qaydaları Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. 30 dekabr 1999-cu il tarixində imzalanmış “Normativ Hüquqi Aktlar Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi elan edilənədək qüvvədə olmuş, sonradan ləğv edilməmiş və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmayan bütün normativ sənədlər və aktlar Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.”

     Azərbaycan Respublikası Əmək Məcəlləsinin otuz üçüncü fəslinin 207-ci maddəsinin 3-cü bəndində deyildiyinə görə “Əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, Əməyin mühafizəsi normaları, standartları, qaydaları, əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburidir.”

    Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikasının Norma və Qaydalarının tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli 544 saylı Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Dövlət Əmək Müfəttişliyi həyata keçirir.

     Binaların, qurğuların, iş yerlərinin, texnoloji proseslərin, təcrübələrin, sınaqların və avadanlıqların təhlükəsizliyinə riayət olunmasına hər bir müəssisə mülkiyyətçisi və işəgötürən bilavasitə məsuliyyət daşıyır. Belə ki, hər bir müəssisə rəhbəri müəssisədə yerinə yetiriləcək aşağıdakı əsas məsələlərə xüsusi diqqət ayırmalıdır:

1. İcra olunacaq bütün işlərin dəqiq layihə-smeta sənədlərinin hazırlanması;

2. Avadanlıq, qurğu, mexanizmlər və axın xətlərinin düzgün layihəyə müvafiq quraşdırılması;

3. Texnoloji proseslərin düzgün aparılması;

4. Avadanlıqların, mexanizmlərin və axın xətlərinin saz vəziyyətdə saxlanılması;

5. Avadanlığın istismarı, yaxud təmiri zamanı istifadə olunan alətlər, tərtibatlar və digər köməkçi vasitələrin saz vəziyyətdə saxlanılması;

6. Təcridedici, çəpərləyici və qoruyucu vasitələrin əl altında olması;

7. Qurğu və avadanlıq yerləşdiriləcək sahələrin və ərazilərin onların müvafiq olaraq istismar şərtlərinə uyğun olaraq ayrılması;

8. Yeni avadanlıqların, qurğuların və tərtibatların işə salınması zamanı bu sahədə kifayət qədər elmi biliklərə və təcrübəyə malik işçilərin cəlb olunması və s.

     İdarə və müəssisə rəhbərlərinin yuxarıda göstərilənlərə bir daha əmin olması məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 218-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi “Müəssisələrin, istehsal vasitələrinin, təcrübə və sınaq avadanlıqlarının və müxtəlif tərtibatların layihələri, konstruktor bürolarının hazırladığı eskiz cizgiləri və digər rəsmi sənədlər Dövlət ekspertizasından keçirilməlidir.”     

   İstehsal vasitələrinin təcrübə-sınaq nümunələri isə “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Norma və Qaydaları”nın tələblərinə uyğunluğunun yoxlanılması üçün dövlət sınaqlarından çıxarılmalıdır.

 

İş yerlərinin sağlam sanitariya və gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması

 

     Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası bölməsinin 34-cü fəslinin 215-ci maddəsində qeyd edildiyi kimi, bilavasitə iş yerlərinin sağlam sanitariya–gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını təmin etmək üçün müəssisələrin mülkiyyətçiləri və işəgötürənləri tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir.

    Belə ki, müəssisə rəhbəri iş yerində aşağıda göstərilən mühitin yaradılmasına diqqət yetirməlidir:

1. Havanın temperaturunun, nəmliyinin, təzyiqinin və axın sürətinin, o cümlədən, istilik şüalanmasının normalara uyğun olmasına;

2. Havada zəhərli buxarların, qazların və tozların olmamasına;

3. İşıqlanmanın normalara uyğun olmasına;

4. Radioaktiv, Rentgen, ultrabənövşəyi şüalanmanın, telemetrik dalğaların və elektrik-maqnit sahəsinin normadan artıq olmamasına;

5. Səs-küyün və titrəyişin normadan artıq olmadığına;

6. Sanitariya və gigiyena qaydalarına əməl olunmasına;

7. İstehsalat mədəniyyətinin yaradılmasına.

 

İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydaları üzrə təhsilinin və təlimatlandırılmasının təşkili

 

   Mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yerləşən bütün idarə və müəssisələrin müdiriyyətinin əsas vəzifələrindən biri də fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə bilavasitə iş yerlərində və ya xüsusi kurslarda təhlükəsiz iş üsullarının öyrədilməsini təmin etməkdir. Bunun üçün müəssisə müdiriyyəti tərəfindən aşağıdakı işlər həyata keçirilməlidir:

1. Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə təlimatların işlənib hazırlanması və təsdiq edilməsi;

2. Təlimatların proqramlarının işlənib hazırlanması və təsdiq edilməsi;

3. İşçiləri öyrətmək üçün bütün mühəndis-texniki işçilərin lazım olan təlimatlarla, proqramlarla və digər əyani vəsaitlərlə təmin edilməsi.

   Bütün işçilər işlərin təhlükəsiz görülməsi üzrə nəzərdə tutulmuş təlimat keçdikdən, xüsusi proqramlar üzrə istehsalat təcrübəsi əldə etdikdən və bilikləri yoxlanıldıqdan sonra sərbəst işə buraxılırlar.