Xəbərlər
27.02.2020 - 12:00
ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASININ ƏSAS PRİNSİPLƏRİ VƏ İSTİQAMƏTLƏRİ

ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASININ

ƏSAS PRİNSİPLƏRİ VƏ İSTİQAMƏTLƏRİ

 

Təhlükəsizlik Texnikası prinsipləri

 

 

-  İş yerləri və istehsalat sahələrində baş verə biləcək təhlükələr, bədbəxt hadisələr və qəzaların qarşısının alınması yolları:

-  Bədbəxt hadisələrin qarşısını alan əsas üsullar və texniki vasitələr;

-  İstehsalat proseslərinə və avadanlıqlarına qoyulmuş texniki şərtlər və standartlar;

-  Mühafizəedici, qoruyucu və xəbərdaredici qurğu və vasitələr;

-  Xəbərdaredici rənglər, nişanlar və əlamətlər;

-  Elektrik təhlükəsizliyi haqqında əsas məlumatlar;

-  Elektrik avadanlıqlarının, qurğularının və tərtibatlarının istismarı zamanı təhlükəsizlik tədbirləri;

-  İş yerlərinin, sahələrin, obyektlərin və iş otaqlarının təhlükəsiz şəkildə təşkil olunması;

-  İş alətləri və yardımçı vasitələrə olan tələblər;

-  Yükləmə, boşaltma işləri və yüklərin daşınmasına olan tələblər;

-  Təhlükəli mayelərin, turşuların, qələvilərin, tezalışan maddələrin, güclü təsirə malik zəhərli maddələrin istifadəsi zamanı təhlükəsizlik tələbləri;

-  Tezalışan, zəhərləyici və güclü zəhərləyici qazların istifadəsi və saxlanılması zamanı təhlükəsizlik tələbləri;

-  Qoruyucu, xilasedici vasitələrə qoyulan təhlükəsizlik tələbələri;

-  Maşın və mexanizmlərə, aqreqatlara, yük qaldıran qurğulara, təzyiq (yüksək təzyiq) altında işləyən qablara xidmət göstərilməsi üçün xüsusi tələblər;

-  Təlimatlandırılan işçilərin peşəsindən asılı olaraq işlərin və proseslərin xarakterinə müvafiq qaydada təhlükəsizlik tələbləri;

-  Xüsusilə yüksək dərəcədə təhlükəli şəraitdə icra olunan işlər üçün təhlükəsizlik tələbləri və sair.

 

İstehsalat sanitariyası

 

- İstehsalat mühitində əsas sanitar-gigiyenik amillər;

- İstehsalatın əsas zərərli amilləri və onların xüsusiyyətləri;

- Zərərli istehsalat amillərinin yol verilə bilən son həddi haqqında əsas normativ məlumatlar;

- Əmək şəraitini yaxşılaşdıran əsas tədbirlər;

- Sənaye ventilyasiyası, onun vəzifəsi və üsulları;

- Təbii və mexaniki (məcburi) ventilyasiya və onun istismarı;

- Qəza ventilyasiyası və onun işləmə prinsipi;

- Sənaye işıqlandırılması, onun vəzifəsi (süni, təbii) növləri və normaları;

- İşıqlandırıcı qurğuların növləri və istismarı;

- Səs-küy və titrəmə, onlarla mübarizə üsulları, yol verilən son həddi və normaları. Səsin və titrəmənin insan orqanizminə zərərli təsirinin azaldılması tədbirləri;

- Şəxsi və istehsalat gigiyenasına olan tələblər;

- İş yerinin saxlanılması və təmizlənilməsi qaydası;

- Sanitar-gigiyena, məişət otaqları və onların saxlanılması qaydaları;

- Süd və ona bərabər tutulan yeməklər, həmçinin sabun və digər yuyucu vaasitələrinin verilməsi qaydası.

 

İşçilərin fərdi mühafizə vasitələri

 

- “Onların təyinatı və növləri, dəyişdirilməsi və xidmət müddətləri” haqqında qayda;

- Müxtəlif işlərin görülməsi üçün mühafizə vasitələrinə tələblər;

- Mühafizə vasitələrindən istifadə qaydaları;

- İş paltarlarının geyilməsində ümumi təhlükəsizlik qaydaları;

- Fərdi mühafizə vasitələrinin saxlanılması qaydası və yeri (daimi istifadə üçün və qəza baş verdikdə);

 

Yanğın təhlükəsizliyinin əsasları

- Müəssisədə yanğın təhlükəsizliyi işinin təşkili;

- İstehsalatın və ya müəssisələrin yanğın təhlükəsi dərəcəsinə görə növlərə ayrılması;

- Yanğınların və alışmaların baş verməsinin əsas səbəbləri;

- Yanğından mühafizənin ümumi tədbirləri (ənənəvi) (papiros çəkmək üçün xüsusi yerlər, tezalışan və yanan materialların saxlanılması, bina, keçid və qurğuların saxlanılması, açıq oddan itifadəyə qadağa) və s.

- Yanğın haqda xəbərdarlıq edilmə üsulları, vasitələri, yanğın söndürənlərin çağırılması, insanların yanğın yerindən çıxarılması planları (sxemləri);

- Yanğınsöndürən vasitələrdən, avadanlıqlardan və alətlərdən istifadə etmək qaydası;

- Neft məhsullarının, elektrik qurğularının və meşə materiallarının (taxta ağac) söndürülməsi üçün vasitələr və üsullar;

 

Bədbəxt hadisələr və xəstələnmələr zamanı

ilkin (həkimə qədər) yardımın üsulları

 

- Müəssisədə tibbi xidmətin təşkili;

- Suya düşənə yardımın edilməsi;

- Bədbəxt hadisə və zəhərlənmə zamanı vaxtında ilkin yardımın göstərilməsinin əhəmiyyəti;

- İstehsalatda baş vermiş bədbəxt hadisələr barəsində xəbər verilməsi qaydası;

- Obyektlərə təcili tibbi yardımın çağırılması üsulları və vasitələri;

- Bədbəxt hadisələr və zəhərlənmələr zamanı zərərçəkmişlərə ilkin yardım göstərilməsinin üsulları (elektrik cərəyanı vurması, termiki və kimyəvi yanıq, günvurma, yaralanma, sınıqlar, görmə orqanlarının zədələnməsi, neft və qaz məhsulları ilə zəhərlənmələr, həşərat və ilan sancması halları və sair).

 

İdarə və müəssisələrin ərazisində, istehsalat

və yardımçı binalarda özünü aparma qaydaları

 

- Piyadaların və nəqliyyat vasitələrinin hərəkət qaydaları;

- İşçilərin məhdud daxilolma sahəsi, iş yerində hərəkət etməsi və orada olması qaydası;

- Təhlükəli hallar barədə xəbərdarlıq və siqnallar;

- Siqnal rənglərinin, təhlükəsizlik nişanlarının, səs və işıq (svistok və fənər) siqnalizasiyasının əhəmiyyəti;

- Kənar şəxslərin iş yerinə buraxılmasının qadağan edilməsi, tapşırıqda nəzərdə tutulmayan işlərin görülməsinin qadağan olunması;

- Fəhlə və qulluqçuların aşkar edilmiş pozuntu halları, qəzalar, bədbəxt hadisələr haqqında xəbər vermələri və onların vaxtında qarşısının alınması üçün borclu olduqları;

- Qazların və buxarların toplana biləcəyi yerlər və həmin yerlərin aşkar edilməsi üsulları.

 

İşçilərin daşınma qaydaları

 

- Avtomobil nəqliyyatı ilə;

- Hava nəqliyyatı ilə;

- Su nəqliyyatı ilə;

- Dəmir yolu nəqliyyatı ilə;

- Digər uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə.

 

Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə

təlimatlar və onların keçirilməsi qaydaları

 

      İdarə, müəssisə və təşkilatlarda fəhlə və qulluqçulara keçirilən təlimatlar öz xüsusiyyətlərinə görə giriş və iş yerində təlimatlara ayrılır. İşə daxil olan bütün fəhlə və qulluqçulara onların təhsilindən, ixtisasından, elmi dərəcəsindən, peşə və vəzifə üzrə iş stajından asılı olmayaraq giriş təlimatı keçirilməlidir. O cümlədən,

- Müəssisəyə ezam olunmuş bütün kateqoriyadan olan işçilərə;

- Müəssisənin ərazisində ayrıca sahədə iş aparan digər təşkilatların işçilərinə;

- Müəssisədə istehsalat təcrübəsi keçən ayrı-ayrı təhsil müəssisələrinin tələbələrinə;

- Müəssisənin istehsal və elmi fəaliyyətində iştirak edən digər şəxslərə də bu təlimat keçirilməlidir;

- İşçiləri təhlükələr və zərərləri olan istehsalat, sınaq və təcrübə işləri zamanı baş verə biləcək faktorlarla tanış etmək;

- Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikasının tələbləri ilə tanış olmaq;

- İşlərin təhlükəsiz yerinə yetirilməsinin üsulları və qaydaları ilə tanış olmaq.

 

     Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərildiyi kimi Azərbaycan Respublikası iqtisadiyyatının bütün sahələrinin müəssisələrində Əməyin Mühafizəsi Normaları və Qaydalarına nəzarət etmək üçün müvafiq səlahiyyətlər verilən və bu işin öhdəsindən gələ bilən kadrlardan ibarət “Əməyin Mühafizəsi Xidməti” yaradılmalıdır.

      Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, əgər müəssisə böyük deyilsə, yəni işçilərin ümumi sayı 50-ə qədər olarsa, bu halda “Əmək Mühafizəsi Xidməti” üzrə ayrıca ştat vahidinə malik işçiyə ehtiyac yoxdur. Bu vəzifə kifayət qədər bilik və bacarığa malik hər hansı bir işçiyə müəssisə rəhbərinin yazılı əmrinə əsasən həvalə edilir.

      Giriş təlimatı “Əmək Mühafizəsi xidməti” işçisi tərəfindən keçirilir və Giriş təlimatı keçirilməsinin qeydə alındığı ayrıca qaytanlı jurnalda rəsmiləşdirilir və işəgirmə ərizəsində qeydə alınır.

      Giriş təlimatı müəssisənin müvafiq xidmət və şöbələri, eləcə də hüquq işçiləri tərəfindən hazırlanmış və həmkarlar ittifaqı ilə razılaşdırılaraq, müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş, müvafiq proqram əsasında keçirilir.

 

Giriş təlimatının keçirilməsi üçün nümunəvi

proqram forması

1. Müəssisə haqqında ümumi məlumat;

2. Müəssisənin və onun ayrı-ayrı bölmələrinin vəzifələri, strukturu və xüsusiyyətləri;

3. Müəssisənin iqtisadiyyatın hansı sahəsi olması haqda məlumat;

4. Müəssisənin, onun sexlərinin sahələrinin, emalatxanalarının, laboratoriyalarının, obyektlərinin yerləşdiyi sahələr;

5. Müəssisənin idarəetmə üsulu və mülkiyyət forması;

6. Müəssisənin və onun bölmələrinin iş vaxtı;

7. Müəssisədə ümumi təhlükəsizlik texnikası tələbləri;

8. Müəssisədə ümumi yanğın təhlükəsizliyi tələbləri.

     Giriş təlimatının keçirilməsinin qeydə alındığı qaytanlı jurnal bu təlimatı keçirən “Əmək Mühafizəsi Xidməti” şöbəsində, əgər belə şöbə yoxdursa bu sahəyə əmrlə təyin olunmuş cavabdeh şəxsdə saxlanılır.

 

“İş yerində təlimat”ın keçirilmə qaydaları

      “İş yerində təlimat”ın aşağıdakı növləri vardır:

- ilkin təlimat;

- vaxtaşırı təlimat, (təkrar);

- növbədənkənar təlimat;

- birdəfəlik təlimat;

      Bu təlimat bütün fəhlə və qulluqçulara onların təhsilindən, ixtisasından, elmi dərəcəsindən, peşə və vəzifə üzrə iş stajından asılı olmayaraq müvafiq qanunlara uyğun şəkildə keçirilməlidir.

 

İlkin təlimat

      Fəhlə və qulluqçular bilavasitə iş yerində ilkin təlimatı onlar sərbəst işləməyə buraxılmazdan qabaq, bir işdən digər işə, ya da ayrı xüsusiyyətli iş sahəsinə keçirilərkən və istehsalat şəraiti dəyişilərkən keçirilir. İş yerində təlimatın fəhlələr üçün keçirilməsi bilavasitə iş yeri üzrə rəhbərə, qulluqçularla keçirilməsi isə sex, bölmə, laboratoriya, qurğu rəhbərinə tapşırılır. Burada məqsəd hər bir işçini təhlükəsiz iş üsullarının əsas qaydaları ilə tanış etmək, işlərin təhlükəsiz yerinə yetirilməsi üçün işçilərin biliklərini artırmaq, yada salmaq və möhkəmləndirməkdir. Həmçinin bu təlimat əmək müqaviləsi ilə çalışan (2 aylıq və çox), mövsümi işçilərlə, mal-materiallar müəssisə tərəfindən verilməklə evdə çalışan, müəssisəyə ezam olunmuş, müəssisədə istehsalat təcrübəsi keçən bütün işçilər üçün də keçirilməlidir.

 

Vaxtaşırı təlimat (təkrar)

     Bütün fəhlələrlə və bəzi qulluqçularla onların təhsilindən, ixtisas dərəcəsindən, peşə və vəzifə üzrə iş stajından və tutduğu vəzifəsindən asılı olmayaraq hər 6 aydan bir vaxtaşırı təlimat keçirilməlidir.

     Vaxtaşırı təlimatın keçirilməsində məqsəd işçilərin əsas və daha tez-tez yerinə yetirdikləri digər işlər, əməliyyatlar zamanı təhlükəsizliyin tələblərinə aid biliklərini təkrar etmək, dərinləşdirmək və möhkəmləndirməkdir. Vaxtaşırı təlimatı bilavasitə işin rəhbəri (usta, iş icraçısı, sex rəisi, sahə və qurğu rəisi və s.) iş yerində müvafiq proqram əsasında keçirir. Bu zaman ilkin təlimatdan sonrakı dövrdə uğurlu və uğursuz işlər nəzərə alınmaqla, alınmış əmrlər, sərəncamlar, məktublar barədə izahatlar verilir.

Növbədənkənar təlimat

 

      İstehsalat zərurətindən asılı olaraq xüsusi hallarda fəhlə və qulluqçulara işlərin təhlükəsiz görülməsinə dair növbədənkənar təlimat keçirilməlidir və bu aşağıdakı hallarda keçirilir:

- İstehsal prosesi dəyişdikdə;

- Avadanlıq və alətlərin yeniləşdirilməsi ilə əmək şəraiti dəyişdikdə;

- Müəssisədə bədbəxt hadisə və ya qəza baş verdikdə;

- Yüksək dərəcədə təhlükəsizlik tələbləri olan işlərdə (sahələrdə) 30 təqvim günündən artıq fasilələr olduqda, qalmış hallarda 60 təqvim günündən artıq fasilələr olduqda.

- İşçilər tərəfindən təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğu hallarda;

- Əmək təhlükəsizliyi ilə bağlı yeni qaydaların, təlimatların və standartların qüvvəyə minməsi zamanı;

- Müəssisə rəhbərliyinin əmr və sərəncamları, yuxarı təşkilatların və nəzarət orqanlarının göstərişləri və digər hallarda;

      Növbədənkənar təlimat əvvəlcədən aidiyyatı şöbələrin və vəzifəli şəxslərin hazırladığı və müəssisə rəhbərinin təsdiq etdiyi xüsusi proqram əsasında keçirilir.

     Fəhlə və qulluqçulara növbədənkənar təlimatı (ilkin və vaxtaşırı təlimatlar kimi) işlərin bilavasitə rəhbərləri keçirlər.

 

Birdəfəlik təlimat

      Yuxarıda deyilənlərlə yanaşı olaraq, bütün fəhlə və qulluqçular, onların vəzifələrinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək, yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq-icazə) alan, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edən, müəssisədə kütləvi tədbirlərin keçirilməsində iştirak edən, ezamiyyətə göndərilən və sair hallarda mütləq keçirilməlidir.

   Birdəfəlik təlimatı işin məsul rəhbəri (iş ustası, iş icraçısı, sahə rəisi, sex rəisi və s.) keçməli və tapşırıq-icazə vərəqəsində qeyd olunmalıdır.

   Diqqət: İş yerlərində keçirilən təlimatların dördü də (ilkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik) Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə işçilərə “İş yerində” keçirilən təlimatın qeydiyyatı və uçotu jurnalında rəsmiləşdirilir. Bu jurnallar bilavasitə bu təlimatları keçirən ayrı-ayrı vəzifəli şəxslərdə (şöbə müdirlərində, sex rəislərində, iş icraçılarında, sahə və qurğu rəislərində) saxlanılır.

 

İşçilər üçün “İş yerində təlimat”ın hazırlanması qaydaları

 

    İşçilərin peşələr və ayrı-ayrı iş növləri üzrə təlimatları bölmə rəhbərlərinin, baş mütəxəssislərin (baş texnoloq, baş mexanik, baş energetik, baş metallurq, baş konstruktor və sair) əmək və əmək haqqı üzrə mütəxəssislərin iştirakı ilə “Əməyin Mühafizəsi Xidməti” şöbəsinin işçiləri tərəfindən müvafiq siyahı əsasında hazırlanır.

    Xüsusi siyahı, əsas etibarı ilə, müəssisə tərəfindən işlərin və peşələrin Vahid Tarif dərəcələri barədə olan məlumat kitabçalarını, eyni zamanda müvafiq qaydada təsdiq edilmiş xidməti vəzifələr barədə olan məlumat kitabçalarına uyğun olaraq təsdiq edilmiş işçilərin ştat cədvəlinə əsasən tərtib edilir. Siyahı müəssisə rəhbərliyi tərəfindən təsdiq olunur və müəssisənin bütün struktur bölmələrinə göndərilir.

    Diqqət: Müəssisənin sex, sahə, şöbə, laboratoriya və digər bölmələrinin işçiləri üçün təlimat onların rəhbərləri tərəfindən işlənib hazırlanır.

   Müəssisənin Əməyin mühafizəsi xidməti işçilər üçün təlimatların vaxtlı-vaxtında işlənib hazırlanmasına, onun yoxlanılmasına, yenidən baxılmasına daim nəzarət etməklə yanaşı təlimatı hazırlayanlara lazım olan vəsaitlərlə, standartlarla və əməyin mühafizəsi üzrə digər normativ aktları əldə etməyə yardımçı olmaqla onlara metodiki köməklik göstərməlidir.

     Təlimatların hazırlanması üçün aşağıda göstərilən amillər əsas götürülməlidir:

- Texnoloji prosesin öyrənilməsi, onun normal iş vəziyyətindən və optimal iş rejimindən kənarlaşma hallarında əmələ gələn təhlükələr;

- İstifadə olunacaq avadanlıq, dəzgah, alət və qurğuların təhlükəsizlik tədbirlərinə uyğunluğunu müəyyənləşdirmək;

- Təlimatların işlənib hazırlanmasında istifadə etmək üçün əməyin mühafizəsinə aid lazımi sənədlərin seçilib toplanılmasını təşkil etmək;

- Müvafiq işlərin yerinə yetirilməsində istifadə ediləcək qoruyucu vasitələrin səmərəliliyinin və konstruktiv xüsusiyyətlərinin öyrənilməsi;

- Müəsisələrdə qəza və bədbəxt hadisələrin nəticələri ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilmiş müvafiq əmrlərin, informasiya xarakterli məktubların və sərəncamların öyrənilməsi.

- Peşələr və iş növləri üzrə qəza vəziyyətinin, istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin baş vermə səbəblərinin öyrənilməsi;

- Təhlükəsiz iş metodlarının və üsullarının, onların ardıcıllığının, eyni zamanda texniki və təşkilati tədbirlərin hazırlanacaq təlimata daxil edilməsinin müəyyənləşdirilməsi;

- Təsdiq edilmiş normalara əsasən iş və əmək rejiminin müəyyənləşdirilməsi;

- Təlimatlara daxil edilən əməyin mühafizəsi üzrə normativ aktların tələbləri, əsas etibarı ilə işçilərin konkret iş yeri və iş şəraitinə uyğun olaraq açıqlanmalıdır.

 

     Qeyd: Bütün növ təlimatlar keçirildikdən sonra həmin təlimatı alan işçilər arasında materialın necə mənimsənilməsi haqda interaktiv sorğu-sual (şifahi) keçirildikdən sonra başa çatmış hesab olunur və bundan sonra hər iki tərəfin imzaları ilə rəsmiləşdirilir.

 

Yeni tikilmiş istehsal sahələri, əsaslı və yenidənqurma işlərindən sonra

istifadəyə verilmiş sahələrdə çalışan işçilər üçün

müvəqqəti təlimatların hazırlanması

 

- Müvəqqəti təlimatlarda texnoloji proseslərin təhlükəsiz gedişi və avadanlıqların təhlükəsiz istismarı təmin olunmalıdır;

- İşçilər üçün müvəqqəti təlimatların işlənib hazırlanmasına da eyni qaydada, daimi təlimatların hazırlanmasında olduğu kimi tələblər qoyulur;

- Müvəqqəti təlimatlar əsasən həm peşələr üzrə, həm də iş növünə görə hazırlanaraq istehsal, sınaq, elmi və sair sahələrdə müvəqqəti olaraq tətbiq oluna bilər;

- İşçilər üçün hazırlanmış təlimatlar müəssisənin həmkarlar təşkilatları və əməyin mühafizəsi xidməti, lazım gələrsə digər maraqlı tərəflərlə ilkin məsləhətləşmələr aparıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunur.

 

Təlimatların tərtibatının forması və əsas məzmunu

 

     Ümumiyyətlə hazırlanmış bütün təlimatların üstündə onun adı (növü) və qısa olaraq hansı peşəyə aid olduğu qeyd olunmalıdır. Nümunəvi təlimatlar aşağıdakı kimi adlandırıla bilər. Məsələn: “Laboratoriyalarda sulfat, xlorid, nitrat və s. turşularla işləyən işçilərin əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatı”, “Torpaq işləri aparılarkən işçilərin əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatı”, “Pesdisidlərlə işləyən işçilərin əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatı”, “Texnoloji avadanlıqlar üzrə təmir çilingərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatı” və s.

     Təlimatdakı tələblər əsas etibarı ilə texnoloji proseslərə və icra olunan iş şəraitinə uyğun olaraq ardıcıl düzülməlidir.

     İşçilər üçün tərtib olunmuş təlimatlarda əsasən aşağıdakı bölmələr olmalıdır:

     1. Ümumi təhlükəsizlik texnikası tələbləri;

     2. İş öncəsi təhlükəsizlik tələbləri;

     3. İş ərazisində təhlükəsizlik tələbləri;

     4. Qəza və hadisələr vəziyyətində təhlükəsizlik tələbləri;

     5. İş vaxtı başa çatdıqda görülməli olan təhlükəsizlik tələbləri.

 

Ümumi təhlükəsizlik texnikası tələbləri əsasən aşağıdakı kimi olmalıdır:

 

-  İşçilərin peşəsi üzrə işi sərbəst olaraq yerinə yetirmək üçün işə buraxılma şərtləri (yaşı,cinsi, sağlıq durumu, almış olduğu təlimatlar və s.);

-  Daxili intizam qaydalarının sözsüz yerinə yetirilməsi, iş və istirahət rejiminə əməl edilməsi tələbləri;

-  İşçilərin həyatı üçün təhlükəli və zərərli olan istehsalat amillərinin xüsusiyyətləri;

-  Dövlət, həmçinin sahələr üzrə standartlara və texniki şərtlərə uyğun olan işarələrin qoyulması və hər bir peşə üçün xüsusi geyim, ayaqqabı və lazım olan digər şəxsi mühafizə vasitələrinin verilmə normaları;

-  Yanğın və partlayış təhlükəsizliyi tələblərinin təmin olunması;

-  İşçilərin iş vaxtı xəsarət almaları və dəzgahların, alətlərin, avadanlıqların, nasazlığı barədə rəhbərliyin xəbərdar olunması qaydaları;

-  İlk tibbi yardımın göstərilməsi (həkimə qədər);

-  Hər bir işçi iş vaxtı şəxsi gigiyena qaydalarını bilməli və ona əməl etməlidir;

-  Təlimatların tələblərinə əməl etməyən işçilərin iş məsuliyyəti.

 

İş öncəsi təhlükəsizlik tələbləri

 

-  İş yerinin və şəxsi mühafizə vasitələrinin işə hazırlanması;

-  Təbii və süni işıqlanmanın, havalandırma sisteminin, torpaqlama konturlarının, avadanlıqların, dəzgahların, alətlərin, qoruyucu baryerlərin saz olmasının yoxlanılması qaydaları;

-  İlkin və xam materialların tədarükünün yoxlanılması qaydaları;

-  Fasiləsiz istehsalat prosesləri zamanı növbənin qəbul edilməsi qaydaları;

-  İstehsalat sanitariyası tələbləri;

-  İstehsalat mədəniyyəti tələbləri.

 

İş ərzində təhlükəsizlik tələbləri

 

-  Texnoloji avadanlıqların, qurğuların, alətlərin istifadə qaydaları və işlərin təhlükəsiz görülməsi üsulları və metodları;

-  Xam materiallarla, yarımfabrikatlarla, tədarüklə təhlükəsiz davranmaq tələbləri;

-  Qaldırıcı maşın və mexanizmlərin, qurğuların və nəqliyyat vasitələrinin təhlükəsiz istismar edilməsi tələbləri;

-  İş yerinin təmiz və təhlükəsiz saxlanılması üçün tələblər;

-  Normativ texnoloji iş rejimindən yayınmalar və onun aradan qaldırılmasının üsulları;

-  Qəza vəziyyətinin aradan qaldırılması zamanı görülən işlər;

-  İşçilərin qoruyucu vasitələrdən istifadə qaydalarına olan tələblər;

 

Qəza və hadisələr vəziyyətində təhlükəsizlik tələbləri

 

-  Qəza ağır nəticələr verə biləcək hallarda işçilərin görəcəkləri tədbirlər və işlər;

-  Qəflətən xəstələnmə, zəhərlənmə və travma halları baş verdikdə zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi (həkimə qədər);

-  İmkan olduğu hallarda təhlükə yaradan amili oradan (sahədən) uzaqlaşdırmaq, alov mənbəyini təcrid etmək, elektrik verilişini dayandırmaq və s.

 

İş vaxtı başa çatdıqda görülməli olan təhlükəsizlik tələbləri

 

- Maşın və mexanizmlərin, aparatların, avadanlıqların, qurğuların, alətlərin, tıhlükəsiz dayandırılması, təmizlənməsi, yağlanması və əgər fasiləsiz iş rejimi (prosesi) varsa növbənin təhvil verilməsi;

-  İş yerlərinin təhvil verilməsi;

-  İş yerinin istehsal və digər tullantılardan, həmçinin boş taralardan təmizlənməsi;

-  İstehsalat sanitariyası və şəxsi gigiyena tələblərinə əməl olunması;

-  İş vaxtı aşkar olunan nöqsanlar və çatışmazlıqlar barədə rəhbərliyə müvafiq məlumat vermə qaydaları;

 

     Qeyd: Əgər sadalanan işlərin təhlükəsiz görülməsi müəyyən edilmiş xüsusi normalar əsasında nəzərdə tutulursa, o halda həmin normalar bu təlimatda mütləq göstərilməlidir. Məsələn: Zaman ölçüsü, məsafə ölçüsü, temperatur ölçüsü, kütlə ölçüsü, həcm ölçüsü və sair.