Xəbərlər
07.05.2020 - 14:21
KORONAVİRUS PANDEMİYASI DÖVRÜNDƏ AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATININ AZTƏMİNATLI ƏMƏKDAŞLARINA YARDIM

Dünyanı lərzəyə gətirən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün çətinliklərə baxmayaraq dövlətimiz virusun əhali arasında geniş yayılmasına qarşı qabaqlayıcı tədbirlər gördü. Belə bir vaxtda Prezident İlham Əliyevin çağırışına səs verən, onun uzaqgörən siyasətini həmişə dəstəkləyən Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı bir sıra tədbirlər həyata keçirdi.
Respublikamızda tətbiq olunan karantin rejimi şəraitində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı da bu xeyirxah işə öz töhfəsini verdi. Təşkilatın sədri, prof. Sevinc Əliyeva və üzvü Günel Həmidova 40-a yaxın ərzaq sovqatını əməkdaşlara təqdim etmək üçün onların ünvanına yollandılar. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdə qalmaqla sağlamlıqlarını və yaxınlarını qoruyan yaşı 65-dən yuxarı əməkdaşlara, habelə tənha, aztəminatlı və imtiyazlı həmkarlarına baş çəkərək hər birinə ayrı-ayrılıqda sovqat təqdim etdilər.