Xəbərlər
11.05.2020 - 12:00
HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN DÖVLƏT İDARƏÇİLİK SİSTEMİNİN BANİSİDİR

      Hər bir xalqın tarix səhnəsindəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlə­nir. Böyük alman mütəfəkkiri Fridrix Nitşenin “tarixin şəxsiyyətləri deyil, şəxsiyyətlərin tarixi yaratması” ilə bağlı məşhur kəlamı müasir qloballaşma dövründə belə konservativ yanaşma kimi nəzərə çarpmır. Müasir siyasi nəzəriyyələr də birmənalı təsdiqləyir ki, ictimai-iqtisadi formasiyanın xarakterindən asılı olmayaraq cəmiyyət və dövlət idarəçiliyi üçün şəxsiyyət - lider amili aktuallığını qoruyub saxlayır.

     Dünyanın ən aparıcı dövlətlərinin tarixində də onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istər başlanğıcda, istərsə də sonralar həmin xalqları tutduqları yoldan sapın­dırmağa çalışsa da, tarixi iradə həmin xalqların firavan inkişaf yoluna çıxma­­sına kömək etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardırlar. Yəni, tarix şəxsiyyətləri insanlara sanki özünün sınaqları üçün bəxş etmişdir.

      Ruslar üçün əgər bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Ulu öndər Heydər Əliyevdir! Dünya miqyaslı ictimai-siyasi xadim, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yarat­mış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin et­miş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazan­dığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiy­yətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

       Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən döv­lət­çilik tariximizin yalnız 35 ilinə sahiblik edir. Fəqət, əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmişdir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi kimi şanlı mərhələni əhatələyir.

        Antik yunan filosofu Aristotel "Politika" əsərində yazır ki, “inam uğu­ru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir”. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Bu mənada, Ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində bütün uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev müstəqillik illərində də birləşdirici şəxsiyyətə çevrilmiş, cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdur.

     Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş­dir. Çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərə­rək təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükə­sin­dən qurtardı.

      Ulu öndər Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır. 1995-ci ildə xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail olan Ümummilli lider sonrakı mərhələdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, huma­nizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaş­dırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

       1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi, 32 əfv, 8 amnistiya aktının imzalan­ma­sı, 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması və "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və digər mütərəqqi ruhlu qanunların qəbuluna start verilməsi, üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və hakimlərin test üsulu ilə seçilməsi bu istiqamətdə atılan məqsədyönlü addımlardandır. 1998-ci il fevra­lın 22-də "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanın imzalanması, 1998-ci il iyulun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması, Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırıl­ması, 2002-ci il 24 avqust tarixində Azərbaycan Respublikasında yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu hüquqi islahatların həyata keçirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

      Müasir Azərbaycan dövlətinin banisi - Ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların davamlılığını uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 17 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyənləş­dirdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və hansısa problem baş qaldıranda "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi" sualı üzərində düşündüyünü qətiyyən gizlətmir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Ulu öndər Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

 

 

Azərbaycan Milli Elmlər Akademiyası

Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor                                 Habil Qurbanov