Xəbərlər
22.05.2020 - 14:10
AKADEMİYANIN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatı və Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

Tədbirdə AHİ-nin Rəyasət Heyətinin üzvü Şəhla Əmirova çıxış edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz addımların atıldığını bildirib. Qeyd edib ki, verilmiş uzaqgörən qərarlar və xüsusi karantin rejiminin elan edilməsi nəticəsində ölkəmiz bu prosesdən az itki ilə çıxıb. O, həmçinin pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək vermək məqsədilə bir sıra tədbirlərin icra edildiyini söyləyib və bugünkü yardım aksiyasının ölkədə aparılan siyasətin məntiqi davamı olduğunu vurğulayıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri Gülarə Əmirova çıxış edərək insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb, onları Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Sonda sosial məsafə gözlənilməklə AMEA Rəyasət Heyətinin və Akademiya şəhərciyinin 120-yə yaxın texniki, gözətçi və sanitar işçisinə ərzaq yardımı paylanılıb.