Xəbərlər
03.06.2020 - 13:37
“MƏNİMSƏMƏ VƏ YA İSRAFETMƏ ƏMƏLLƏRİLƏ MÜBARİZƏNİN CİNAYƏT-HÜQUQİ XÜSUSİYYƏTLƏRİ” MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin baş elmi işçisi, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovun “Mənimsəmə və ya israfetmə əməllərilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri” adlı monoqrafiyası işıq üzü görüb.

Nəşrdə Azərbaycan Respublikası cinayət qanunvericiliyinin mənimsəmə və ya israfetmə əməllərini nəzərdə tutan cinayət hüquq normasının ümumi xarakteristikası və təhlili əksini tapıb. Tədqiqat işində mülkiyyət əleyhinə olan cinayətlərin növlərindən biri olan mənimsəmə və israfetmə əməllərinin anlayışına, onların ağırlaşdırıcı hallarına, həmin əməllərin tövsifi məsələlərinə xüsusi diqqət yetirilir.

Monoqrafiya “Azərbaycan Respublikasının Cinayət hüququ” kursunu öyrənən tələbə və magistrlər, doktorantlar, hüquq fakültələrinin müəllimləri, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları üçün nəzərdə tutulub. Vəsaitdən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə problemləri ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər.

Qeyd edək ki, “Mənimsəmə və ya israfetmə əməllərilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri” monoqrafiyası ölkəmizdə bu kimi cinayətlərə qarşı mübarizəyə həsr edilmiş ilk əsərdir.