Xəbərlər
01.07.2020 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATI OLAN RESPUBLİKA SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİNDƏ PANDEMİYA İLƏ ƏLAQƏDAR OLARAQ MƏRKƏZİN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

Bütün dünyanı cənginə alan COVİD 19 virusu ilə bağlı ölkəmizdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş karantin rejiminin davam etməsinə baxmayaraq, bir sıra dövlət əhəmiyyətli qurumlar kimi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini fasiləsiz olaraq davam etdirir.

AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə RSXM-in Həmkarlar Təşkilatı iyulun 1-də mərkəzin 24 nəfər aztəminatlı əməkdaşına ərzaq yardımı paylayıb.

Tədbirdə iştirak edən AMEA nəzdində RSXM-in baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hazırda bütün dünya ölkələri koronavirus pandemiyası ilə üz-üzə qalıblar. “Faktiki olaraq bu gün bütün dünya bu virusla müharibə aparır. Bizim ölkəmizdə virusla bağlı mübarizəyə dair əvvəlcədən bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, Azərbaycanda da yoluxma halları baş verdi. Bu gün dövlət rəhbərliyi tərəfindən hər şey edilir ki, insanların sağlamlığı qorunsun. Amma burda vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər bir şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə birmənalı şəkildə əməl etməlidir”.

Dövlət əhəmiyyətli bir sıra qurumlar kimi RSXM-in də karantin reimində fəaliyyətini davam etdirdiyini qeyd edən baş direktor əməkdaşları bir daha qoyulan rəsmi tələb və qaydalara əməl etməyə çağırıb. “Bizim mərkəz respublika ərazisində zəlzələlərin emalı, tədqiqi və elmi araşdırılması ilə məşğul olan yeganə dövlət təşkilatı olduğuna görə karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən dövlət təşkilatlarının siyahısı üzrə məhdud sayda əməkdaşlarımızla işimizi davam etdiririk. İşdə əməkdaşların sosial məsafə saxlaması və sanitar- gigiyenik tələblərə uyğun işləməsi üçün şərait yaradılıb. Amma biz bu qaydalara hər yerdə əməl etməliyik”.

Baş direktor pandemiya dövründə aztəminatlı işçilərə dəstək olmaq məqsədi ilə Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı göstərildiyini bildirib.

Qeyd edək ki, paylanan yardım paketləri 15 çeşiddə ərzaq məhsullarından ibarətdir.