Xəbərlər
28.07.2020 - 14:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ (AMEA) RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA “SİLAHLI VƏ İDEOLOJİ TƏXRİBATLARA QARŞI ÜMUMMİLLİ MÜBARİZƏDƏ İNTELLEKTUAL GƏNCLİYİN ROLU” ADLI VİDEOGÖRÜŞ KEÇİRİLİB.

Bildirilib ki, Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən birgə keçirilən görüşdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov çıxış edib. O, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təcavüzünə etirazını bildirən, həmrəylik nümayiş etdirən xarici ölkələrdə yaşayan azərbaycanlı dinc aksiya iştirakçılarına qarşı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edib, həmçinin bütün bu hadisələrə beynəlxalq hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

Onlayn tədbirdə institutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva, Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və başqaları ölkəmizin hazırda həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizə apardığını diqqətə çatdırıblar. Bildirilib ki, Ermənistanın iyulun 12-də başlayan təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və ordumuzun qarşı həmləsi ilə alınıb.

Videogörüşün sonunda institutun Kanadanın Redlen Texnologiyaları tədqiqat mərkəzindən Rəvanə Həmzəyeva və Rusiyada yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutunda elmi fəaliyyət göstərən əməkdaşlarından Mətləb Mirzəyev mövzu ətrafında fikirlərini bölüşüb və xaricdə yaşayan azərbaycanlıların həmrəy olduğunu qeyd ediblər.