Xəbərlər
29.07.2020 - 11:19
AMEA-NIN RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATININ SƏDRİ, FİZİKA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT ƏMİNƏ MİKAYILOVA DEYİB.

O qeyd edib ki, ötən əsrin 90-cı illərində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ona qonşu olan 7 rayonu işğal etməklə, özünün təcavüz və təxribat xarakterli hərbi və siyasi ənənələrini bir daha xatırlatdı.

Cənubi Qafqazda cərəyan edən siyasi prosesləri təhlil etdikdə görürük ki, etnik zəmində, əsasən türklərlə bağlı münasibətdə ermənilərin siyasi ambisiyalarında qeyri-sivil davranışları, məkrli və təxribat dolu siyasi manevrlər tarixin hər dönəmində özünü büruzə verir. Təkcə 1905-ci, 1918-ci və 1992-ci illərdə ermənilərin azərbaycanlılara qarşı Bakı, İrəvan, Tiflis, Xocalı daxil olmaqla, Cənubi Qafqaz bölgəsində törətdiyi soyqırımları xalqımızın qan yaddaşına həkk olunub.

Bu il iyulun 12-dən başlayaraq tarixi düşmənlərimizin Tovuz rayonu istiqamətində, dövlət sərhədimiz boyunca hərbi təcavüz etməsi dünyanın siyasi arenasında bir sıra ölkələr və təsisatlar tərəfindən Ermənistanın işğalçı və təxribatçı ölkə kimi tanınması üçün yeni dəlillər formalaşdırdı. Hazırlıqlı və güclü ordumuzun təxribatçı Ermənistanın həmlələrinə qarşı həyata keçirdiyi növbəti uğurlu hərbi əməliyyatlarını, eyni zamanda, on minlərlə vətəndaşımızın paytaxt Bakıda ordumuza dəstək nümayişini, erməni təcavüzünə qarşı soydaşlarımızın ölkəmizin sərhədlərindən xeyli uzaqlarda dinc aksiyalarını görən düşmənlərimiz xalqımızın mübarizə əzmini heç cür sarsıda bilməyəcəkləri həqiqətini dərk etdilər desək, yanılmarıq.

“Hərbi və qlobal siyasi arenada bütün məkrli əməlləri ifşa edilmiş, habelə Azərbaycan Ordusunun və xalqının mübarizə əzmindən təşvişə düşən düşmən özünün növbəti təxribat xarakterli qeyri-insani siyasi manevrini də həyata keçirməklə, bu dəfə ABŞ-da, Rusiyada, Belçikada və Avropanın digər ölkələrində dinc azərbaycanlı soydaşlarımızı hədəfə aldı. Həmvətənlərimizə qarşı zorakılıq təşəbbüsləri, öldürücü məqsədli həmlələr çarəsiz Ermənistan hakimiyyətinin siyasi gediş baxımından son çırpıntıları idi. Cəbhədə və ondan min kilometrlərlə uzaqda törədilən iğtişaşlar işğalçı və təxribatçı kimi siyasi imic formalaşdıran ermənilərin mütləq məğlubiyyətini şərtləndirən hadisələr kimi dünya ictimaiyyətinin yaddaşına həkk olundu, mütləq qələbəmiz üçün yeni stimul yaratdı”, - deyə Ə.Mikayılova vurğulayıb.