Xəbərlər
21.09.2020 - 17:00
AMEA İQTİSADİYYAT İNSTİTUTU HƏMKARLAR TƏŞKİLATI ÜZVLƏRİNİN HÜQUQLARI ETİBARLI ŞƏKİLDƏ QORUNUR

Məlum olduğu kimi, bu gün ölkəmizdə aparılan koronavirusa qarşı mübarizə tədbirlərinin fəal iştirakçıları sırasında həmkarlar təşkilatları önəmli yer alıb. Öz aktivliyi ilə diqqəti cəlb edən belə qurumlardan biri də Paşa Tanrıverdinin rəhbərlik etdiyi AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatıdır.

Qısa arayış:

Paşa Tanrıverdi 1968-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1974-cü ildə oranı bitirərək mühasib-iqtisadçı ixtisası almışdır. 1974-cü ilin avqustundan 1976-cı ilin fevralınadək təyinatla Yüngül Sənaye Nazirliyinin 3 saylı Tikiş fabrikində baş mühasibin müavini işləmişdir. 1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1976-1979-cu illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 1979-cu ildən həmin institutda baş laborant, iqtisadçı-mühəndis, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 2000-2002-ci illərdə «İnformasiya və statistika», 2002-2008-ci illərdə «Maliyyə və vergi problemləri», 2008-ci ildən indiyədək «Maliyyə, pul-kredit siyasəti» şöbələrinin müdiri vəzifəsində çalışır və həm də şöbədə aparılan elmi tədqiqatlara rəhbərlik edir.

1994-2012-ci illərdə AMEA Rəyasət Heyətinin nəzdindəki Terminologiya Komissiyasının, 2012-ci ilin martından isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasının üzvüdür.

1989-cu ildən İqtisadiyyat İnstitutunun Elmi Şurasının və onun nəzdindəki Elmi Seminarın üzvüdür. Həmin ildən İnstitut Həmkarlar təşkilatının sədri kimi Akademiyanın və İnstitutun ictimai həyatında fəal iştirak edir.

İnstitutda işlədiyi müddətdə özünü işgüzar, icraçı, nümunəvi işçi kimi göstərməklə, elmi erudisiyası, təvazökarlığı və qayğıkeşliyi ilə kollektivin hörmətini qazanmışdır. Hazırda son 20 il ərzində apardığı elmi tədqiqatların və dərc etdirdiyi elmi monoqrafiya və məqalələrin ümumiləşdirilmiş yekunu kimi «İqtisadi sistemin transformasiyasında fiskal və monetar mexanizmlərindən istifadənin təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasını tamamlamışdır və müzakirəyə təqdim etmək ərəfəsindədir.

Rus, alman, türk, həmçinin slavyan və digər türkdilli xalqların elmi ədəbiyyatından sərbəst istifadə edə bilir.

Əldə etdiyimiz məlumatlara görə, Paşa müəllimin sədr vəzifəsinə seçilməsindən sonra keçən bütün dövr ərzində İnstitut Həmkarlar Təşkilatının fəaliyyəti hər zaman yüksək dinamikası və səmərəliliyi ilə səciyyələnib. O cümlədən, keçən il də bu aktivlik həyata keçirilən müxtəlif tədbirlərdə öz əksini tapıb. Belə ki, 2019-cu ildə İnstitut Həmkarlar Təşkilatı tərəfindən Quba və Lənkəran rayonlarına 29 nəfər əməkdaşın səyahət etməsi təşkil olunmuş; 11 nəfərdən ibarət heyət Futbol Birinciliyində qələbəyə görə mükafatlandırılmış; 2 əməkdaşa övladlarının uşaq düşərgəsində dincəlmələri üçün güzəştli göndərişlər verilmiş; 1 əməkdaşın yubileyi qeyd olunmuş; 60 əməkdaşa uşaqların Yeni il şənliklərində iştirakı üçün biletlər verilmiş; 23 əməkdaşa maddi yardım göstərilmiş; 1 əməkdaşın vəfatı ilə əlaqədar mərasim keçirilməsinə yardım olunmuşdur. Bütün bu tədbirlərə isə ümumilikdə 6090 manat məbləğində vəsait xərclənmişdir.

Həmçinin İnstitut Həmkarlar Təşkilatı hər il Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı tərəfindən təşkil olunan 20 Yanvar şəhidləri-anım tədbiri; 26 fevral Xocalı soyqırımı-anım tədbiri; 31 mart Dünya Azərbaycanlılarının soyqırımı- anım tədbiri və digər bu kimi tədbirlərdə fəal şəkildə iştirak edir.

Qeyd etmək lazımdır ki, “Covid-19” virusu ilə əlaqədar olaraq AMEA Azad Həmkarlar İttifaqı pandemiya ilə mübarizə tədbirlərində də yaxından iştirak edir. Həmçinin bizdə olan məlumatlara görə, koronavirus pandemiyası dövründə Paşa Tanrıverdinin rəhbərlik etdiyi AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışana qoşularaq koronavirusla mübarizə tədbirlərində yaxından iştirak etmiş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə həyata keçirilən bir sıra mühüm tədbirlərin də fəal iştirakçısı olmuşdur. Belə ki, bu müddət ərzində Mərkəzin Həmkarlar Təşkilatı tərəfindən “Covid-19” virusu ilə əlaqədar olaraq əməkdaşlar üçün tibbi ləvazimatların və gigiyenik vasitələrin alınması, əməkdaşlara maddi və ərzaq yardımı edilməsi kimi aksiyalar həyata keçirilmişdir.

Heç şübhə etmirik ki, Paşa Tanrıverdinin rəhbərlik etdiyi AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı bundan sonra da öz üzvlərinin hüquqlarının qorunması və onların ən müxtəlif problemlərinin həlli istiqamətində öz effektiv fəaliyyətini uğurla davam etdirəcəkdir.