Xəbərlər
02.10.2020 - 09:00
ZƏFƏR BİZİMDİR, BİZ QƏLƏBƏ ÇALACAĞIQ!

 

Atəşkəs rejiminin Ermənistan tərəfindən yenidən pozulması nəticəsində sentyabr ayının 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri yenidən sərhədlərimiz boyu Silahlı Qüvvələrin mövqelərini və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini müxtəlif növ silahlardan intensiv atəşə tutmuşlar. Nəticədə, çox sayda dinc əhalinin evləri dağıdılmış, təsərrüfatlarına ciddi ziyan dəymiş, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olmuşdur. Düşmənə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin əmri ilə ordumuz bütün təmas xətti boyu əks hücuma keçmişdir, düşmənin müdafiə xətti, hərbi texnika və canlı qüvvəsi məhv edilmiş Füzuli və Cəbrayıl istiqamətində 7 kənd, bir çox yüksəkliklər və Murovdağ zirvəsi düşmən işğalından azad edilmişdir. Məlumata görə düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriyası, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi ordumuzun əsgərləri tərəfindən məhv edilmişdir.

Döyüşlər başlayan ilk gündən xalq daim ətrafında sıx birləşdiyi, etimad göstərdiyi Cənab Prezident İlham Əliyevə, müzəffər ordumuza dəstək nümayiş etdirmişdir. On minlərlə Vətən oğlu şanlı qələbələr yazan ordumuza qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət etmişdir. Heç şübhəsiz ki, ordumuzun bu parlaq qələbələri, ən mükəmməl səviyyədə təcəssüm etdirilən xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi, Cənab Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımları təşkil edir.

Prezidentimiz Cənab İlham Əliyevin yürütdüyü güclü xarici siyasətin nümunəsidir ki, ölkəmizi bu çətin günlərdə bir çox xarici dövlətlər dəstəkləyərək dövlətimizin ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlarını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə edirlər.

Artıq 5 gündür ki, davam edən qızğın döyüşlərdə Ermənistanın hücumları nəticəsində ölən və yaralanan mülki və hərbi qulluqçularımızolmuşdur. Lakin dövlətimizin qayğısı nəticəsində yaralı əsgərlərimiz xüsusi rejimli xəstəxanalarda müalicə olunur və bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istəyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar” bu fikirləri Cənab İlham Əliyev yaralı hərbçilərlə görüşdə səsləndirmişdir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, 19 nəfər isə həlak olmuş, 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə, o cümlədən Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdur.

Eyni zamanda bu çətin, şərəfli günlərdə cəbhədən gələn xoş xəbərlər hər bir Azərbaycan vətəndaşında torpaqlarımızın tezliklə işğaldan azad olunacağına olan inamını daha da qüvvətləndirir. Bu günlərdə sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirən vətəndaşlarımız cəsur oğullarını Azərbaycan Ordusu sıralarına təntənə ilə yola salmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq 
Respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız Xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gəlirlər. Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər. İnsanların izdihamla, sevgi ilə bu tədbirlərdə iştirakı xalqımızın Ordumuza və Ali Baş Komandana böyük inamının göstəricisidir. Beynəlxalq mübahisələri sülh yolu ilə, heç bir təhdidsiz və zor işlətmədən həlli müasir beynəlxalq hüququn mühüm prinsiplərindən birinə çevrilmişdir.

Beynəlxalq mübahisələrin həlli üçün müharibə və digər zor vasitələrinə müraciət etmək isə hüquqazidd hərəkətdir. BMT Nizamnaməsinə əsasən, təşkilatın üzvü olan dövlətlər öz aralarında baş verən böyük və kiçik beynəlxalq mübahisə və münaqişələri beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün qorxu törətmədən, tərəflərin və üçüncü dövlətlərin tələb və mənafelərini obyektiv surətdə nəzərə almaq əsasında, yalnız sülh yolu ilə həll etməlidirlər. Hazırda bütün dövlətlərin icbari vəzifəsinə çevrilmiş bu prinsip 1970-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi "Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə"də əksini tapmışdır.

Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım bu dinc vasitələri kobudcasına pozmağa, beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə əsaslanır. Ermənistan tərəfi indiyə kimi münaqişənin dinc vasitələrlə həlli istiqamətində heç bir real addım atmamış, bu istiqamətdə görüntü, imitasiya yaratmağa çalışmışdır. Hazırki vəziyyət də bunun bariz göstəricisidir.

İnanırıq ki, bu haqq işimizdə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən güclü ordumuz qısa zamanda üçrəngli bayrağımızı işğal altındakı şəhər və kəndlərimizdə dalğalandıracaq.

Bu müqəddəs amala çatmaq üçün cəsur əsgər və zabitlərimizə inanır, yaralanan hərbi qulluqçulara şəfa diləyir və şəhid olan vətən oğullarına Allahdan rəhmət diləyirik.

Cənab Prezident İlham Əliyevin səsləndirdiyi “Zəfər bizimdir, biz qələbə çalacağıq!” sözlərinə olan inamla zəfər bizim olacaq.             

 

 

Azərbaycan Milli Elmlər Akademiyası

Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor Habil Qurbanov