Xəbərlər
05.10.2020 - 14:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AZAD HƏMKARLAR İTTİFAQI İLK TƏŞKİLATLARLA BİRGƏ SİLAHLI QÜVVƏLƏRİN YARDIM FONDUNA İANƏ ETMİŞDİR

27 sentyabr səhər saat 6 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri cəbhə zonasında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində atəşkəs rejimi pozulmuşdur. Cəbhənin müxtəlif yerlərindən açılan intensiv atəş nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olmuş, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar vermişdir. Bir həftədən çoxdur davam edən güclü döyüşlərdə düşmən artıq işğal altında olmayan bir sıra rayon və şəhərlərimizi də artilleriya qurğularından atəşə tutmuş və nəticədə bir çox mülki vətəndaşlarımız müxtəlif növ ağır xəsarətlər almış və həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin imzaladığı müvafiq fərman ilə ölkədə 28 sentyabrdan hərbi vəziyyət rejimi qüvvəyə minmişdir. Hə bir azərbaycanlı kimi biz də belə dönəmdə Silahlı Qüvvələrə dəstək olmaq üçün AMEA Azad Həmkarlar İttifaqı olaraq ilk təşkilatlarla birlikdə Silahlı Qüvvələrə Yardım Fonduna ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində ianə etmişik və bu proses yenə də davam etdiriləcəkdir.

Habil Qurbanov

AMEA Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor