Xəbərlər
06.10.2020 - 09:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARININ BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏTİ

Sentyabrın 27-dən hərbi təxribatlara başlayan işğalçı Ermənistanın faşist xislətli rejimi «ənənəsinə» sadiq qalaraq yenə də çirkin simasını göstərir, kəndlərimizi, dinc əhalini nişan almaqdan çəkinmir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini durdurmaması, Azərbaycanı özünümüdafiə hüququndan yararlanaraq, nəhayət, düşməni sülhə məcbur etmək, Ermənistanın təxribatlarının, hərbi avantüralarının, ölkəmizə qarşı işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlamağa vadar etdi.

Ordumuzla döyüş meydanında rüsvayçı məğlubiyyətlər yaşayan Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalini qətlə yetirir.
Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 4-də səhər saatlarından başlayaraq münaqişə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın qədim tarixə malik, ikinci böyük şəhəri, çoxsaylı mədəniyyət turizm obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə raketlər ataraq 1 mülki vətəndaşın ölümünə, 35 nəfərin yaralanmasına səbəb olmuşdur. Dağılan yaşayış binaları, tarixi abidələrin uçqunları altında xeyli insan xəsarət almışdır.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl, Xızı və Bakı ətrafındakı Abşeron bölgəsini, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Nəhəng su anbarı və elektrik stansiyasının yerləşdiyi Azərbaycanın iri sənaye mərkəzlərindən olan Mingəçevir şəhəri də atəşə məruz qalmışdır. Ermənilər tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıbdır. Halbuki beynəlxalq humanitar hüquq əsas prinsip kimi hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb edir. Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti isə BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq hümanitar hüquq normalarını, Cenevrə konvensiyalarını, xüsusilə müharibə zamanı «Mülki əhalinin müdafiəsi haqqında» 1949-cu il 12 avqust tarixli Konvensiyanı, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında» 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirir.

Azərbaycan ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda sülhün bərqərar olması uğrunda erməni terrorçularına qarşı savaşır. Azərbaycan mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərməklə beynəlxalq hüququn tələbləri çərçivəsində özünü müdafiə hüququndan istifadə edir.

Təəssüflər olsün ki, Azərbaycan hökuməti, hüquq müdafiə və qeyri-hökumət təşkilatları, ayrı-ayrı vətəndaşlar tərəfindən erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən cinayətlərlə bağlı dünyanın aparıcı beynəlxalq təşkilatlarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə, Avropa Birliyinə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara etdikləri müraciətlər cavabsız qalmaqdadır. Dinc əhali qırılır, tarixi abidələr, mədəniyyət obyektləri dağıdılır, lakin başda Birləşmiş Millətlər Təşkilatı olmaqla, beynəlxalq təşkilatlar eyni zamanda münaqişənin nizamlanmasının birbaşa məsuliyyətini daşıyan ATƏT-in Minsk Qrupu susmaqda davam edir. İkili standartlar sayəsində Ermənistanın cinayətlərinə göz yumulur, Azərbaycanın haqlı səsi eşidilmir.

Biz həmkarlar ittifaqları olaraq dünyanın aparıcı dövlətlərini, beynəlxalq qurumları, eləcə də beynəlxalq əməkçi təşkilatlarını Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq.

Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası

05.10.2020-ci il