Xəbərlər
07.10.2020 - 17:00
HAQQIMIZ OLAN TARİXİ QƏLƏBƏ BİZİMLƏDİR!


S.Möhbalıyev: “İndi bizim şərt qəbul edəcəyimiz deyil, şərt qoyacağımız zamandır”


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa növbəti müraciəti onsuz da son günlər şanlı ordumuzun qazandığı ardıcıl qələbələr sayəsində yüksək durumda olan əhval-ruhiyyəmizi daha da yüksəyə qaldırdı. Həqiqətən də bu günü uzun zaman gözləməyə dəyərdi. Bu gün Azərbaycanın xüsusilə son illər ərzində keçdiyi güclü inkişaf yolunun möhtəşəm uğurları öz təcəssümünü qüdrətli ordumuzun timsalında da aşkar şəkildə tapmaqdadır. Məhz bu gücün-qüdrətin sayəsində şanlı ordumuz torpaqlarımızın azadlığı uğrunda apardığı haqq savaşında ardıcıl qələbələr qazanmaqda, mənfur düşmənimizi ağır itkilərə məruz qoyaraq öz mövqeylərini tərk etməyə məcbur etməkdədir.

Heç şübhəsiz bu nailiyyətlər hələ başlanğıcdır və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz Azərbaycan xalqını ən qısa zaman ərzində daha böyük qələbələrlə sevindirəcək. Möhtərəm Prezidentimizin də özünün xalqa növbəti müraciətində dediyi kimi, bu gün artıq Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edilib. Əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb.

Ali Baş Komandanın Azərbaycan xalqına bu müraciətində xüsusilə diqqətəlayiq bir məqam da bundan ibarətdir ki, dövlət başçımız öz çıxışında hazırki vəziyyətin məhz bu nöqtəyə gəlib çıxmasında heç də Ermənistanın hərbi-siyasi rəhbərliyindən az təqsirkar olmayan bəzi beynəlxalq qurumlara da öz mesajını açıq mətnlə çatdırmışdır. Öz müraciətində Ali Baş Komandan deyir: “Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq.” Əlbəttə ki, Ermənistan rəhbərliyinin bu kimi təxribat xarakterli bəyanatları, eləcə də cəbhə bölgəsində mütəmadi olaraq atəşkəs rejiminin qarşı tərəfdən pozulmasl və hətta bizim digər cəbhəyanı bölgələrimizə işğal məqsədilə yeni hücumların həyata keçirilməsi cəhdləri Azərbaycan tərəfinin advekat cavab tədbirləri görəcəyimə heç bir şübhə qoymadı.

Möhtərəm Prezidentimizin də dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bizim güclü ordumuz var və bu ordu işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır. Və bu gün məhz bu an artıq gəlib çatmışdır. Bu gün artıq heç bir qüvvə Azərbaycan Ordusuna öz torpaqlarını düşməndən təmizləməkdə mane ola bilməz. Məhz bu gün Azərbaycanda mövcud olan xalq-dövlət-ordu birliyi öz gücünü, öz qüdrətini bütün dünyaya nümayiş etdirməkdədir. Eyni zamanda da Azərbaycan ordusunun işğalçılara qarşı apardığı bu hərbi əməliyyatlar Ermənistan rəhbərliyinin və ordusunun miskinliyini, zəifliyini bütün dünyaya nümayiş etdirir. Öz müraciətində Ali Baş Komandanımız bu məsələyə toxunaraq bunları demişdir: “Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!”

Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad edərək artıq zəfər yürüşünə çıxması da daxil olmaqla, bizim son illər ərzində əldə etdiyimiz bütün müstəsna uğur və nailiyyətlərimiz birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin illərdən bəri yürütdüyü məqsədyönlü, müdrik daxili və siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticəsində bu gün işğalçı Ermənistan rejimi öz acizliyi ilə üz-üzə qalıb və hətta onun dünyadakı bəzi havadarları belə bu rejimi düşdüyü durumdan çıxarmaq üçün heç bir tədbir görə bilmir. Məhz dövlət başçımızın yürütdüyü siyasətin nəticəsində Azərbaycan artıq şərt dinləyəcək deyil, əksinə öz şərtlərini diqtə edəcək bir mövqeyə sahib ola bilmişdir. Ali Baş Komandanımızın dediyi kimi: “Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! ... Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın.”

Bəli, bizim hərbi əməliyyatları dayandırmağımızı təmin edə biləcək yeganə şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və erməni hərbi birləşmələrinin ölkəmizin ərazisini dərhal tərk etməsi ola bilər. Əks halda isə biz buna güc yolu ilə nail olacağıq və dövlət – xalq birliyindən qaynaqlanan bu gücün qarşısında artıq heç bir qüvvə dura bilməz!


Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı