Xəbərlər
19.10.2020 - 11:00
AMEA FƏLSƏFƏ İNSTİTUTU HƏMKARLAR TƏŞKİLATININ SƏDRİ ASYA ƏHMƏDOVANIN İŞĞALDAN AZAD EDİLMİŞ KƏNDLƏRİMİZƏ HƏSR ETDİYİ ŞEİR

O kənd, bizim kəndimizdi

(Şeir Zəngilan rayonu Məmmədbəyli kəndinin timsalında

işğaldan azad olan bütün kəndlərimizə həsr edilib)

 

 

 

 

 

 

Sağında Həkəri axan,

Üz tutub Araza baxan,

Kumqayadan qartal qalxan,

O kənd, bizim kəndimizdi.

 

Başında bulud sürünən, 

Dumana, çənə bürünən,

Sarıtəpədən görünən,

O kənd, bizim kəndimizdi.

 

Çiçəkləri vaxtsız solan,

Çaylaqları qanla dolan,

Neçə ildi əsir qalan,

O kənd, bizim kəndimizdi.

 

İyirmi yeddi ildi tamam,

Düşmən tapdağında qalan,

Daş üstündə daş olmayan,

O kənd, bizim kəndimizdi.

 

Cəbhədədi əsgər balam,

Zəng edib deyir ki, Anam, 

Bax, işğaldan azad olan,

O kənd, bizim kəndimizdi.

 

Bu nə sevinc, bu nə törən,

Eşitməyən varmı görən,

Qələbə sorağı gələn

O kənd, bizim kəndimizdi.

 

Gözün aydın doğma Vətən,

Düşmənlərin oldu pərən,

Üçrəngli bayraq  bürünən,

O kənd, bizim kəndimizdi.

 

Göylərində qartal süzən,

Sularında sona üzən,

Vətən övladları gəzən,

O kənd, bizim kəndimizdi.

 

Yaşa, var ol Milli Ordum,

Azad oldu kəndim, yurdum,

Qələbə bayramı qurdum,

Bu kənd, bizim kəndimizdi.

 

(Kumqaya, Sarıtəpə - Məmmədbəyli kəndində yer adları)

12.10.2020