Xəbərlər
24.12.2020 - 15:48
AMEA YT PARKIN REZİDENTI ORDUMUZA MÜXTƏLİF LƏVAZİMATLARDAN İBARƏT YARDIM EDİB

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın elmi müəssisə və təşkilatları, o cümlədən Yüksək Texnologiyalar Parkı (YT Park) və onun rezidentləri silahlı qüvvələrimizə dəstək məqsədilə könüllü olaraq müxtəlif yardımlar edirlər.
Belə ki, akademiya rəhbərliyinin tapşırığı ilə YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodu Azərbaycan xalqına zəfər sevinci yaşadan, xalqımızın qürur və güvən yeri olan Azərbaycan Ordusuna növbəti dəfə yardım edib.
Bu məqsədlə zavodun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov və digər məsul şəxslər Tərtərin Suqovuşan kəndində, Horadiz qəsəbəsində əsgərlərlə görüşüb, onlara şəxsi gigiyena vasitələri, Naftalan yağı, isti paltar və müxtəlif növ ərzaqlardan ibarət xüsusi yardım paketi təqdim ediblər.
Bu təşəbbüs AMEA-nın Azad Həmkarlar İttifaqı, Yüksək Texnologiyalar Parkı və Təcrübə-Sənaye Zavodunun Həmkarlar Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Təcrübə-Sənaye Zavodunun nümayəndələri Vətən Müharibəsində şəhid olmuş polkovnik-leytenant Elzamin Təhməzovun və könüllü əsgər Xudayar Yusifzadənin Bərdə rayonunda yerləşən qəbrini, eləcə də Ağdamda Şəhidlər xiyabanını da ziyarət ediblər. Zavod əməkdaşları, həmçinin E.Təhməzovun ailəsinə baş çəkiblər.
Qeyd edək ki, YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumi məbləği 45 min manat olan yardım göstərilib.