Xəbərlər
18.01.2021 - 10:00
BİZ QARABAĞIN BAŞ TACI OLAN ŞUŞAMIZI, ÖZ TARİXİ MƏDƏNİ ABİDƏLƏRİMİZİ, MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZİ DİRÇƏLDƏCƏK, YENİDƏN İNKİŞAF ETDİRƏCƏYİK

Prezident İlham Əliyev: Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.

Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.

Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib.

 

 

Ali Baş Komandanımız  Prezident cənab İlham Əliyev,  birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı  nitqində vurğulayıb.

Bəli, artıq tarixi ədalət bərpa olundu. Biz tarixi ədaləti bərpa etdik - güc əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına!  

Tarixi keçmişimizi əks etdirən Qarabağdakı abidələrimiz təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxiv"səhifələridir.

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində ümumlikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Bu gün öz vətənimizdə azğınlaşmış erməni vandalizminin  qurbanına çevrilən yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu  ürək ağrıdıcı səhnə yaradıb.

Qarabağda azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıtmaq bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək düşmənin xisləti idi.

Azərbaycan mədəniyyətinin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq,  vaxtı ilə erməni əsirliyində olan milli-mədəni dəyərlərimizi,  Qarabağımızda dağıdılmış abidələri bərpa etməklə, müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslə tariximizi  göz bəbəyi kimi qorumağı   diqqətə çatdırılmalıyıq.

Şuşa Azərbaycanın öz qədim tarixi və zəngin mədəni irsi ilə dünyada məşhur olan və ulu babalarımızdan bizə miras qalan möhtəşəm şəhərdir. Azərbaycanın tarixi-mədəni, dini irsinin çox böyük bir hissəsi Qarabağın payına düşür.  Yaxın tarixə nəzər salsaq görərik ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsi haqqında” qərar qəbul edilmişdi. Həmin illər Şuşada mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdı.

 “Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.

Şuşamızda olan Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır.

Cənab Ali Baş Komandanımızın qələbə müjdəsini xalqımızın qürur və əzəmət simvolu olan “Şəhidlər Xiyabanı”-ndan çatdırması, ümumilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək onun vəsiyyətini şərəflə yerinə yetirdiyini bildirməsi millətimizin şərəf tarixinə qızıl hərflərlə həkk olundu.

Ruhunuz şad olsun,  Azərbaycan xalqına, vətəninə, elinə  obasına ürəkdən – qandan bağlı olan Azərbaycana İlham Əliyev kimi oğul bəxş etmiş Ulu öndər Heydər Əliyev.  Müzəffər Ordumuz və  Sizin vəsiyyətinizə sadiq qalan  cəsur Prezidentimiz, Ali Baş Komandan xalqımıza yalnız doğma Qarabağı deyil, həm də milli qürur hissini qay­tardılar. Şuşanın ən uca zirvəsində də sənin heykəlin ucaldılacaq dilində, ürəyində Şuşa həsrəti ilə dünyadan köçən Öndər..!

Ruhunuz şad olsun, böyük Cavanşirlər nəsli Pənahəli xan, İbrahim xan, Xurşidbanu Natəvan, ruhunuz şad olsun, Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu, Üzeyir bəy, Bülbül, Hacıbəylilər, Ağaoğlular, Bədəlbəylilər, Şuşinskilər... Artıq Şuşa Qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Yaxın zamanda Ali Baş komandanımızın dediyi kimi, doğma Şuşamızda  “Xarı bülbül” festivalının, Vaqif poezya günlərinin keçirilməsinin şahidi olacağıq. Azərbaycan xalqı əmindir ki, Cənab Prezidentimizin başçılığı ilə yaxın gələcəkdə Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik.
 Azərbaycan xalqı öz Ali Baş Komadanı ilə həm hərbi, siyasi, beynəlxalq diplomatiya sahəsində həm də mədəni irsimizin qorunub saxlanılmasında, onun inkişaf etdirilməsində də öz layiqli sözünü deyib və deyəcəyik də. Xalqımızın birliyi, bərabərliyi, yenilməzliyi sayəsində   Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən mədəniyyət abidələrimiz, əvəzolunmaz milli sərvətimiz yenidən bərpa ediləcək. Biz Qarabağın baş tacı olan Şuşamızı, öz tarixi mədəni abidələrimizi, milli mənəvi  dəyərlərimizi dirçəldəcək, yenidən inkişaf etdirəcəyik.

 

Ulu öndər Heydər Əliyev: Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycan­lılar üçün, vətənini, millətini sevən hər bir vətən­daşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.

Prezident   İlham Əliyev: Qarabağı Azərbaycansız, Azərbaycanı isə Şuşasız təsəvvür etmək olmaz! Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir!  Qarabağ Azərbaycandır!

 

 

 

Tünzalə ARAZLI, AMEA-nın Dendrologiya İnstitutunun

 İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri HİK- sədri