Xəbərlər
10.02.2021 - 15:00
SÜRƏTLİ INKİŞAFIN VƏ SƏMƏRƏLİ İSLAHATLARIN YENİ HƏDƏFLƏRİ

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair milli prioritetlər dayanıqlı yüksəliş strategiyasının növbəti mükəmməl yol xəritəsidir

Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində Azərbaycan Respublikasının başlıca məqsədlərindən biri də ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Təcrübə göstərir ki, konkret hədəflərə əsaslanan strategiya və baxışlar sistemi olmadan iqtisadi sahədə yüksək nəticələrin qazanılması və perspektiv vəzifələrin reallaşdırılması qeyri-mümkündür. Bu və digər hədəfləri uğurla gerçəkləşdirmək isə dərin iqtisadi təfəkkürə malik güclü siyasi liderlər sayəsində mümkün olur.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 18 ildə ölkəmizi Cənubi Qafqaz regionunun sayılıb-seçilən, nüfuzlu dövlətlərindən birinə çevirib. 2003-2020-ci illərdə ölkənin siyasi və sosial-iqtisadi həyatında fundamental dəyişikliklər baş verib, iqtisadi siyasətdə çevikliyin təmini, struktur dəyişiklikləri ilə institusional islahatların paralel şəkildə aparılması konkret hədəflərə çatmağa imkan yaradıb.

Gələcəyə konseptual baxış

Son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda dayanması xüsusilə diqqəti çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin yürütdüyü siyasətin əsasında insan amili, vətəndaşların maraq və mənafeləri dayanır. Dövlət başçısının rəhbərliyi ilə aparılan və sosialyönümlü mahiyyəti ilə diqqəti çəkən çoxşaxəli islahatların əsas hədəfi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmaqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkədə postneft iqtisadiyyatının formalaşdırılması üçün kompleks, sistemli və dinamik iqtisadi islahatların həyata keçirilməsi labüddür. İqtisadi proqnozlara əsaslanmaqla iqtisadi ideyaların praqmatik şəkildə gerçəkləşməsini təmin etmək və güclü inkişaf arxitekturası formalaşdırmaq dövlətin strateji məqsədlərindəndir. Bu məqsəd və hədəflərə nail olmaq üçün, ilk növbədə, strateji yol xəritələrinin hazırlanması və icrası məqsədəuyğun hesab edilir.

Ölkənin gələcək inkişaf mərhələlərinin əsas konturlarının müəyyənləşdirilməsi zərurəti həm də onunla şərtlənir ki, respublikamızda aparılan islahatlar hər bir dövrün qlobal çağırışlarına əsaslanır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası konkret zaman intervalında inkişafın əsas konturlarını müəyyənləşdirməklə yanaşı, gələcək barədə proqnozları da özündə ehtiva edirdi. Konsepsiyanın iqtisadi istiqamətlərinə, ilk növbədə, qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması; iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi; ölkənin ümumi daxili məhsulunun tərkibində, dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi; mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmini; iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması tədbirləri daxil idi.

Davamlı inkişafın mükəmməl yol xəritəsi

Proqnoz dedikdə hər hansı iqtisadi sistemin gələcək vəziyyəti üçün kəmiyyət və keyfiyyət parametrləri formasında əsaslandırılmış tədbirlər kompleksi başa düşülür. Proqnozlaşdırmada əsas məqsəd hər hansı hadisə, yaxud iqtisadi proses haqqında əvvəlcədən düzgün və obyektiv təsəvvürün yaradılmasıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” adlı sənəd gələcəyin iqtisadi proqnozlaşdırılması və inkişafın əsas prioritetlərinin müəyyənləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli olub. Ölkəmizin iqtisadi qurumları ilə yanaşı, yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, habelə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində hazırlanmış strateji yol xəritələri qısa, orta və uzunmüddətli dövrləri əhatə edir. Sənəd 2020-ci ilədək olan dövr üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

Strateji Yol Xəritəsi geniş və çoxşaxəli hədəfləri özündə birləşdirən konseptual sənəd olaraq iqtisadiyyatın hərtərəfli təhlilinə əsaslanan gələcəyə baxış bucaqlarını özündə əks etdirir. Sənəddə davamlı inkişafın məqsəd və prinsiplərinə uyğun olaraq, iqtisadi artımla sosial inkişafın və sosial bərabərliyin həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq iqtisadiyyatın yaradılması nəzərdə tutulub.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin gələcək inkişaf perspektivləri ilə bağlı deyib: “Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək”.

Sürətli inkişafın diktə etdiyi milli prioritetlər

Ölkədə və regionda, ümumilikdə qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd ölkənin uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin müəyyənləşdirilməsi və islahatların konkret proqramlar əsasında reallaşdırılması baxımından yeni imkanlar açıb.

2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra aparılan sistem xarakterli islahatlar - hökumətin tərkibinin yenilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin Ermənistanın işğalından azad edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahələrində yeni vəzifələr müəyyənləşdirib. Sərəncam ilk növbədə “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanmasını nəzərdə tutur. Sərəncamla strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması tapşırılıb.

Sənəd yaxın və orta perspektivdə ölkəmizin qarşısındakı əsas hədəf və vəzifələrin açıq müzakirə və dinləmələr əsasında müəyyənləşdirilməsinə, bu zaman cəmiyyətin sosial gözlənti və istəklərinin nəzərə alınmasına imkan verir. Milli prioritetlər əsasında hökumət qarşısında 5 mühüm istiqamətdə islahat, layihə və tədbirlərin reallaşdırılması vəzifəsi qoyulub:

1) dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat;
2) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4) işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5) təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Ümumilikdə sosial rifah səviyyəsinin davamlı artımı məqsədilə yüksək, dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini perspektiv üçün qarşıda duran əsas vəzifələr sırasındadır. Sənəddə şaxələndirmə və qeyri-neft sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi, yerli və xarici sərmayələrin təşviqi, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, kapital və sığorta bazarının inkişafı və digər mühüm məsələlər nəzərdə tutulub.

Sənəddən irəli gələn vəzifələrin icrası Azərbaycanın Cənubi Qafqazın iqtisadi arxitekturasının müəyyənləşdirilməsində mövcud rolunu və statusunu daha da möhkəmləndirəcək. Milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Sənəddə daxili və xarici təsirlərə dayanıqlıq baxımından makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi, yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılması, valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert payının tədricən azaldılması, inflyasiyanın idarə olunması və s. kimi mühüm vəzifələr müəyyənləşdirilib.

Şəffaflıq səmərəli idarəçiliyin vacib meyarıdır

Son illər dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsi islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlib. Bu islahatlar dövlət qulluğunda yaradıcı düşüncəli, islahatlara meyilli menecer və texnokrat baxışlı məmur elitasının təmsilçiliyinə imkan yaradıb.

Təsadüfi deyildir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” şəffaflığa xidmət edən tədbirlərin davam etdirilməsini də vacib məsələ kimi müəyyən edib. Qarşıdakı illərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, dövlət investisiyaları və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri öz həllini tapmalıdır.

Ümumilikdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, modernləşmə proseslərinin dərinləşdirilməsi və innovativ idarəetmə modellərinini tətbiqi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sistem xarakterli islahatların əsasını təşkil edir. 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş ümumxalq referendumu əsasında ölkədə vitse-prezidentlik institutunun yaradılması, 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkədə həyata keçirilən çoxşaxəli islahatların davamlığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət edib.

Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi 4 illik uğurlu fəaliyyəti bu prosesin daha da sürətlənməsini təmin edib və idarəçiliyə yeni nəfəs gətirib. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamla doğruldub.

Nəzarət funksiyaları gücləndirilir

Dövlət başçısının son 15 ildə imzaladığı fərman və sərəncamlar, milli fəaliyyət planları cəmiyyətdə şəffaflıq və hesabatlılığın daha da yüksəldilməsi baxımından əhəmiyyətli olub. Ötən müddətdə ölkə Prezidenti tərəfindən imzalanmış “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı”, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, Açıq Hökumətin təşviqinə dair (2012-2015, 2016-2018 və 2020-2022-ci illər) milli fəaliyyət planları qeyd olunan məqsədlərin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Son 10 ildə “Asan Xidmət”, “ASAN Kommunal”, “DOST” və s. kimi yeni idarəçilik modellərinin tətbiqində məqsəd vətəndaş məmnunluğunu təmin etmək, ictimai həyatın bütün sahələrində bürokratik amillərin aradan qaldırılmasına nail olmaq, insan amilinin prioritetliyini təmin etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2021-ci il tarixli “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” fərmanı milli proritet kimi önə çəkilən bir sıra məqsədlərin reallaşdırılmasına imkan verir. Belə bir informasiya sisteminin yaradılması Azərbaycanda son 10 ildə “e-hökumət” quruculuğu sahəsində həyata keçirilən sistemli və ardıcıl innovativ-texnoloji quruculuq prosesinin davamı və mühüm tərkib hissəsidir. Dövlət Nəzarəti İnformasiya Sistemi Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının, eləcə də Azərbaycan Respublikası Birinci vitse-prezidentinin və Prezident Administrasiyası rəhbərinin tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsini təmin etməlidir.

Fərmana əsasən yeni sistem yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin etməyə imkan verəcək. Sistemin fəaliyyəti

1) səmərəlilik - mümkün qədər az resursla nəzərdə tutulan nəticənin əldə olunması;
2) istifadə rahatlığı - informasiya mübadiləsinin əlavə əməliyyat aparılmadan birbaşa yerinə yetirilməsi;
3) çeviklik - informasiya sisteminin dəyişən tələblərə uyğun olaraq sürətli yenilənməsi və dəyişdirilməsi meyarlarına əsaslanacaq.

Son illərdə icraedici, qanunverici və məhkəmə hakimiyyətində paralel şəkildə aparılan, müasir çağırışlara əsaslanan islahatlar cəmiyyətdə şəffaflığın və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edib. Ölkə başçısının 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” dövlət idarəçiliyinin müasir çağırışlara uyğun təşkili, müasir təfəkkürlü, cəmiyyətin gözləntilərinə cavab verə bilən dövlət qulluqçusu korpusunun yaradılması, onların peşəkarlığının və fəaliyyət səmərəliliyinin artırılması, mütərəqqi motivasiya modellərinin tətbiqi məsələlərini önə çəkib.

Yeni informasiya sistemi mərkəzi və yerli icra hakimiyyəti strukturlarına verilən tapşırıqların yeni texnoloji metodlarla qiymətləndirilməsinə, elektron nəzarətin təşkilinə imkan verəcək. Bütün bunlar ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Sosial siyasət yenə də öndədir

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də sosial siyasətin təminatı sahəsində başlıca hədəflərin aydın və əhatəli şəkildə əksini tapması da mühüm məqam kimi qeyd olunmalıdır. Sənəddə yüksək inkişaf yalnız iqtisadi artım göstəricisi olaraq deyil, həm də cəmiyyətin bütün üzvlərinin sosial rifahının yüksəldilməsi baxımından vacib amil kimi dəyərləndirilir: “İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır. Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir”.

Qarşıdakı 10 ildə ölkədə aparılacaq iqtisadi islahatlar ümumi inkişafdan hər bir vətəndaşın layiqli şəkildə bəhrələnməsinə, yüksək və ədalətli sosial təminat sisteminin, inklüziv cəmiyyətin yaradılmasına, paytaxt və regionların tarazlı inkişafına xidmət edəcək. Yüksək inkişaf səviyyəsinə adekvat olaraq cəmiyyət üzvlərinin sosial rifahının, sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, səmərəli məşğulluğun təmini, məşğulluqda özəl sektorun payının yüksəldilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, gəlirlərin leqallaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur.

Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açıb. Ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə son 15 ildə 50-dən çox fərman və sərəncam imzalanıb. Bunlara misal olaraq “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, Azərbaycan Respublikası regionlarının (2009-2013, 2013-2018 və 2019-2023-cü illər) sosial-iqtisadi inkişafı dövlət proqramlarını, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri göstərmək olar.

Pandemiya şəraitində bir sıra Avropa ölkələrində büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda son 1 ildə Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə və yaxud çətinliyə rast gəlinməyib. Yeni növ koronavirusun geniş yayılmasının iqtisadi fəallığa və büdcə daxilolmalarına mənfi təsirlərinə rəğmən 2020-ci ildə pensiya, prezident təqaüdü, müavinət və ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 5 milyard 743 milyon manat çox vəsait yönəldilib. Bu isə 2019-cu ilə nisbətən 1 milyard dollar çoxdur. 2021-ci ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,9 faiz və ya 11 milyard 111,9 milyon manat təşkil edir. Bu vəsaitin 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çox olması sosial təminat və sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsinə əlverişli imkanlar açır.

Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli sərəncamı ölkədə aparılan sosialyönümlü siyasətin davamı olaraq pandemiyanın davam etdiyi hazırkı şəraitdə də ölkənin qarşıya qoyduğu hədəfləri inamla gerçəkləşdirdiyini göstərir. İndeksləşmə nəticəsində artım ümumilikdə 1 milyon 140 min pensiyaçını (pensiyaçıların 93 faizi) əhatə edir. 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə müvafiq olaraq pensiyaların indeksləşdirilməklə 11,4 faiz artırılması pensiya hüququ əldə etmiş vətəndaşların sosial rifah halının yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti indeksi üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur. Bu, müsbət tendensiya olaraq ölkəmizdə sosial siyasətin səmərəlilik göstəricilərindən biridir.

“Böyük Qayıdış” proqramı

Azərbaycan 44 günlük Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edib. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti var.

“Böyük Qayıdış” proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü rolunu oynayacaq. Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətindəki təşəbbüsləri və həyata keçirdiyi layihələr ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.

Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaq.

Planlı şəkildə görülmüş işlərlə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların məskunlaşması üçün əlverişli imkanlar açacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, xidmətlərin əlçatan olması nəzərdə tutulur. Bundan başqa, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək.

Milli prioritetdə əksini tapmış məsələlərin həlli işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyini bərpa edəcək. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” (QDF) fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyib. Qurumun yaradılmasında başlıca məqsəd işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.

2021-ci ilin dövlət büdcəsində ərazilərimizin bərpası və yeniqənqurulması üçün 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılan işlərin əhatə dairəsi, miqyası və intensivliyi ilə bağlı əyani mənzərə yaradır. Növbəti illərdə 1,5 milyard manatdan az olmayacaq bu vəsaitlərdən məqsədyönlü, şəffaf və ünvanlı istifadənin təmini məqsədilə yeni, müsbət reputasiyalı, şəffaf idarəetməyə malik publik hüquqi şəxsin yaradılması obyektiv zərurətdən irəli gəlir. QDF-nin Müşahidə Şurasında aidiyyəti bir sıra dövlət qurumlarının rəhbərlərinin təmsil olunması bərpa və yeniqənqurma işləri zamanı koordinasiyanın sürətlənməsinə və idarəçilikdə səmərəliliyin yüksəlməsinə imkan verəcək. Məqsəd həm də işğaldan azad olunmuş ərazilərin Cənubi Qafqaz regionunda abad və müasir zonaya çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin vahid mərkəzdən reallaşdırılmasıdır.

“Qarabağ Dirçəliş Fondu” böyük biznes potensialına malik olan işğaldan azad edilmiş ərazilərimizə sərmayələr üçün etibarlı təminat mexanizmləri formalaşdırmaqla, eyni zamanda yerli və xarici sərmayələr təşviq edəcək. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələ üzrə fəaliyyət nəzərdə tutulur. 1) Xüsusi idarəetmə forması və təhlükəsizlik; 2) Strateji əhəmiyyətli infrastruktur məsələlərinin həlli; 3) Sosial xidmətlərin təmin edilməsi; 4) İqtisadiyyatın yenidən qurulması və davamlı inkişaf.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi-sursatdan (PHS) təmizlənməsini təhlükəsizliyin təminatı, habelə “Böyük Qayıdış” proqramı baxımından prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu zərurət onunla şərtlənir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, yolları, yaşayış binalarını və strateji yüksəklikləri minalayıb.

Azərbaycan dəfələrlə mina basdırılmış ərazilərin xəritəsini tələb etsə də, destruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi buna məhəl qoymayıb. Bu, təcavüzkar ölkənin kommunikasiyaların bərpası, qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətindəki regional təşəbbüslərə qeyri-səmimi yanaşdığını göstərir. Ermənistanın beynəlxalq hüquqa zidd davranışlarına baxmayaraq, Azərbaycan güclü iqtisadi potensialı hesabına qısa zamanda işğaldan azad edilmiş əraziləri mina və PHS-lərdən təmizləmək və genişmiqyaslı abadlıq-quruculuq layihələrinin icrasına başlamaq əzmindədir.

Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması və fəaliyyətə başlaması ərazilərimizin mina və PHS-lərdən təmizlənməsi sahəsində aparılan işlərin daha keyfiyyətlə həyata keçirilməsi, mülki əhalinin mümkün təhdidlər barədə məlumatlandırılması və maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Dünyanın ən müasir, qabaqcıl minatəmizləyən texnika, maşın, mexanizm və avadanlıqlarının, eləcə də minatəmizləyən robotların ölkəmizə gətirilməsi bu prosesin daha təhlükəsiz və peşəkar səviyyədə reallaşdırılmasına, sonrakı mərhələdə dəymiş ziyanın dəyərləndirilməsinə və bərpa işlərinin başlanmasına imkan verəcək.
Şübhəsiz, gələcəyi proqnozlaşdırmadan, inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etmədən, mümkün nəticələri hesablamadan hansısa ciddi uğurlar qazanmaq mümkün deyil. Hər bir hökumətin gələcəyə dair tövsiyə, zəmanət verməyə, xüsusən dövlətin inkişaf strategiyası və taktikası üzrə konkret proqramlar, konsepsiyalar təqdim etməyə qadir olması vacib şərtdir. Bu baxımdan əminliklə demək olar ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkədə islahatların daha da sürətləndirilməsi, yeni idarəetmə modelinin formalaşdırılması və ictimai həyatın bütün sahələrində köklü dəyişikliklərin reallaşdırılması baxımından yeni imkanlar açır.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı


"AZƏRBAYCAN" qəzeti