Xəbərlər
11.02.2021 - 11:41
YENİLƏŞƏN AZƏRBAYCANDA YENİ ELMİ TƏFƏKKÜRƏ OLAN EHTİYAC

Azərbaycan indi özünün yeni inkişaf mərhələsində inamla irəliləməkdədir. 44 gün ərzində  mənfur düşmənlərin torpaqlarımızdan qovulması, min illərdir ki, ata-babalarımızın vətəni olan müqəddəs torpaqlarımızın qaytarılması ölkəmizdə böyük, mütərəqqi dəyişikliklərin getməsi üçün geniş imkanlar yaradıb. Həm beynəlxalq aləmdə xalqımızın nüfuzu xeyli artıb, həm də ölkə daxilində, bütün insanlarımızda bir ruh yüksəkliyi yaranıb, onlarda sabaha olan inamı xeyli artırıb. Əhali arasında son iki yüz il ərzində torpaqlarımızın daima əlimizdən alınması hesabına yaranmış  məğlubolma sindromu tamamilə ortadan götürülüb və hər kəsdə özünü qalib xalqın nümayəndəsi ovqatı yaranıb.

Torpaqlarımızın düşmən caynağından azad olması bütün mənəvi, siyasi cəhətləri ilə yanaşı, həm də geniş iqtisadi, sosial  imkanlar yaratmsı ilə də çox mühüm əhəmiyyət kəsb edir. Yaxın zamanlarda qaçqın, məcburi köçkün psixologiyası ilə çadırlarda, dar, rahatlığı olmayan mənzillərdə, iqtisadi çətinlik içində yaşayan insanlar indi öz geniş torpaq sahələrində yüksək əhval-ruhiyyə ilə  fermerlik fəaliyyətinə başlayacaq, həm öz güzəranlarını xeyli yaxşılaşdıracaq, həm də ölkə iqtisadiyyatına mühüm töhvələr verəcəklər. Ölkə əhalisinin bir hissəsi bu ərazilərdə gedən tikinti, abadlıq, təsərrüfat işlərində yaxından iştirak edəcəklər, gedib o ərazilərdə məskunlaşacaqlar, torpaq sahibi olacaqlar. Ölkəmiz tamamilə yeni inkişaf, tərəqqi imkanları qazanmışdır.

Təəsüf ki, mənəviyyatı neqativ yüklənmiş düşmənlərimiz hələ də öz xislətlərinə uyğun revanşist planlar qurmaqda, “bəlkə də qaytardılar...” psixologiyası ilə yaşamaqda, ölkəmizə qarşı hər cür ikrah doğuran tədbirlər haqda düşünməkdədirlər. Bu işdə onlara, arxalarında duran qara qüvvələr də əllərindən gələn qədər kömək etməkdədir. Yəni bir tərəfdən ölkəmizin tərəqqisi üçün yeni prespektivlər açılması ilə yanaşı, ona qarşı olan arzuolunmaz qüvvələrin də fəallaşması dövrüdür. Ona görə də öz imkanlarımızı və bizə qarşı olan maneələrimizi nəzərə alaraq uğurlu inkişaf yolları axtarmaq günümüzün ən aktual məsələlərindən biridir. Bu yolda ölkənin hər vətəndaşının, hər bir təşkilatının öhdəsinə olduqca mühüm işlər düşür. Bu işlərin nədən ibarət olması artıq bir tarixi şəxsiyyət kimi həm beynəlxalq aləmdə, həm də ölkə daxilində böyük nüfuza malik olan, öz ağıllı, analitik təfəkkürü ilə dostların rəğbətini qazanmış, düşmənlərini daima narahat edən ölkə başçımız, möhtərəm İlham Əliyevin yürütdüyü siyasət hesabına  konkretləşir, dəqiqləşir.

Məhz bu düşünülmüş siyasət hesabına ölkədə artıq bütün istiqamətlərdə mühüm dəyişikliklər baş verməkdədir. Ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdır. Bu isə cənab Prezidentimizin qeyd etdiyi kimi, ikinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbəni siyasi yollarla möhkəmlətmək imkanlaı yaradır. Son iki ildə ölkədə ciddi kadr islahatları aparılır, yeni gənc, beynəlxalq aləmdə baş verənlər barədə daha ətraflı, dərin məlumatlara malik olan savadlı, bacarıqlı  komanda  formalaşır. Artıq əhali də müsbət dəyişiklikləri hiss etməkdədir.  İndi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi şəkildə aparılır. Bu neqativ hallara nəzarət xeyli güclənmişdir. Ölkədə gedən abadlıq işləri uğurla davam etməkdədir.

Bütün dünyanı bürümüş koronavirus bəlası təəsüf ki, ölkəmizdə də xeyli problemlər yaratdı. Amma bu sahədədə də olduqca mühüm işlər görüldü. İlk gündən koronavirusla bağlı vəziyyət, gedən proseslər tam nəzarətdədir. Dövlət təhlükənin qarşısını almaq üçün milyardlarla manat pul xərclədi və bu iş davam etməkdədir.  Cənab Prezidentin qeyd etdiyi kimi “Azərbaycan bu sınaqdan şərəflə çıxır.” Ötən il, koronavirusla bağlı baş verənlər dünyanın bütün ölkələrinin iqtisadiyyatına ağır zərbələr vurdu. Azərbaycan ən az itki verənlər siyahısındadır. Hətta qeyri-neft sənayemizdə 11 faiz artım oldu. Kənd təsərrüfatımızda 2 faiz artım olub və bu artım yüksəlməkdədir.  Orta əməkhaqqı, pensiya 13-14 faiz artıb. Dövlət öz valyuta fondunu qoruyub saxlaya bilib. Belə bir dövrdə bizim iqtisadiyyatımızdakı ümumi azalma cəmi 4 faiz olub. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünyada ikinci yerdədir. Hökumətimiz islahatçılıq reytinqinə görə beşinci, uzun müddətli strategiyalarına görə 10 – cu yerdədir.  Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Günü-gündən inkişaf etməkdə olan həm neft, həm də qeyri-neft sektorlarımızın potensialı hesabına, ən yaxın illərdə biz daha yüksək yerlərdə olacağıq.

Dünyanın belə bir mürəkkəb, ağır vəziyyətində  ölkəmiz başdan başa yenilənir. Ənənəvi infrastruktur layihələri çox uğurla həyata keçməkdədir. Qazla, elektrik enerjisi ilə təmin olunma, avtomobil yollarının inşası, dəmir yol xətlərinin salınması, suvarma ilə bağlı layihələrin həyata keçirilməsi sahəsində mühüm uğurlar qazanılmışdır. Prezidentimiz indi əsas diqqəti həm də işğaldan azad olunmuş torpaqlarımızın abadlaşdırılmasına yönəldib. Artıq görüləcək işlərin əsas istiqamətləri müəyyənləşmişdir. Abadlıq işlərinə  başlanmışdır və günü-gündən uğurla genişlənməkdədir. Xalqımız tam əmindir ki, yaxın zamanlarda Qarabağ dünyanın ən gözəl, abad ərazilərindən biri olacaq.  Füzuli rayonunda böyük, müasir tələblərə cavab verən beynəlxalq hava limanının tikintisi üçün ciddi hazırlıq işləri gedir. Eyni zamanda Kəlbəcər və Laçın rayonlarında da beynəlxalq hava limanları tikiləcəkdir. Bu o deməkdir ki, tezliklə Qarabağ artıq tamamilə başqa bir imiclə - sülh, əminamanlıq, abadlıq ünvanlı gözəl bir məkan kimi dünyanın  diqqət mərkəzində olacaqdır. Şuşa şəhərinin adı ölkəmizin, dünyanın ən nüfuzlu, ən gözəl bir mədəniyyət mərkəzi kimi səslənəcəkdir. Burada xalqımızın mədəniyyəti ilə, dünya mədəniyyəti ilə bağlı beynəlxalq tədbirlər keçiriləcəkdir.

         Azad etdiyimiz torpaqlarda böyük bir məsafədə sərhədlərimizin qurulması ilə bağlı olduqca mühüm işlərə başlanmışdır. İmkanları genişlənən aqrar sektorumuz sürətlə inkişaf edəcəkdir. 

Prezidetimizin azad olunmuş torpaqlara səfər etməsi, orada əskərlərimizlə səmimi söhbətləri,  uçurulmuş məscidlərin xarabalıqlarında dünya xalqlarına, dünya müsəlmanlarına müraciət etməsi,  tezliklə abadlıq işlərindən danışması  əhali arasında olduqca böyük ruh yüksəkliyi yaradır. Onun Mehriban xanımla birlikdə Xudafərin körpüsünü məhəbbətlə ziyarət etməsi xalqımızın tarixinə, mədəniyyətinə, taleyinə qarşı necə həssas olduğunu bir daha nümayiş etdirdi.

Prezidentimizin müdrik rəhbərliyi ilə indi müharibədə qazandığımız möhtəşəm qələbə beynəlxalq aləmdə aparılan işlərlə, qurulan əlaqələrlə, informasiya mübarizəsi ilə möhkəmləndirilir. Xarici ölkələrin diplomatları, siyasətçiləri, jurnalistləri,  beynəlxalq təşkilatların nümayəndələri Qarabağın xaraba qoyulmuş  ərazilərinə dəvət olunur. Onlar öz gözləri ilə erməniliyin mahiyyətini görür və öz təəssüratlarını bütün dünyaya yayırlar. Hansı ölkədən asılı olmayaraq, ölkəmizə qarşı aparılan siyasətin mahiyyəti haqqın, ədalətin meyarları ilə ifşa olunur.

Bütün məsələlərə dərindən nüfuz etməyi bacaran Prezidentimiz 2021 – ci ili Nizami ili elan etmişdir. Bu, olduqca ağıllı bir addımdır. Bu bir tərəfdən Azərbaycanın hələ 9 əsrdən əvvəlki dövrünün intibahından, bu torpaqlarda kimlərin yaşamasından, necə dahi şəxsiyyətlər yetirməsindən xəbər verir, digər tərəfdən yer üzünün bütün bəlalardan xilas olmasının yalnız müdrikliklə mümkün olduğu fikrini elan edir. Eyni zamanda xalqımızı öz tarixi keçmişini, milli mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını dərindən öyrənməyə səsləyir. Düşmənə öz yerini göstərir.  

Prezidentimiz fevral ayının 2-də  “Azərbaycan 2030sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzaladı. Müəyyən olunmuş bu prioritetlər növbəti on ildə ölkəmizdə tərəqqinin təmin olunmasında mühüm rol oynayacaqdır. Dövlətimizin qüdrətlənməsinə, xalqın rifahının yüksəlməsinə kömək edəcəkdir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yüksək şəkildə təmin etmək üçün 5 əsas istiqamət Milli Prioritet olaraq müəyyənləşmişdir: 1) dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2) dinamik, inkuliziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4) işğaldan azad olmuş ərazilərə böyük qayıdış və 5) təmiz ətraf mühit və “yaşıl artım”  ölkəsi olmaq.

       Müasir dünyanın tələblərinə uyğun olan bu prioritetlərin yerinə yetirilməsi  ölkəmizin sürətlə tərəqqi etməsində mühüm rol oynayacaqdır.  Bu prioritetlərin həyata keçirilməsi üçün Prezident Nazirlər Kabinetinə həvalə etmişdir ki, 9 ay ərzində "2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf strategiyaları" hazırlansın. Bu işdə aparıcı beynəlxalq təşkilatlar və ixtisaslaşmış konsaltinq şirkətləri ilə səmərəli əməkdaşlıq edilsin və müvafiq dövlət orqanları (qurumlarının), elmi təşkilatlar, mütəxəssislər və vətəndaş cəmiyyəti institutları  bu işə cəlb olunsun.

         Göründüyü kimi, bu yolda hər bir kəsin öhdəsinə müəyyən işlər düşür. Təbii ki, azərbaycan alimlərinin, elmi təşkilatlarının, xüsusi ilə Azərbaycan Milli Elmlər Akademyasın qarşısında konkret vəzifələr dayanır. Akademyada son dövrlər aparılan mühüm islahat işləri də dövlətimizin, Prezidentimizin müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi üçün əsaslı zəmin yaratmaqdadır. Koronavirusun yaratdığı ağır vəziyyətə baxmayaraq Akademya müharibədən sonrakı şəraitdə ölkəmizin, azad olunmuş torpaqlarımızın tərəqqisinə mühüm kömək edəcək mövzular üzərində işləməyi, bununla da hər bir sahədə inkişafın elmi təminatını möhkəmləndirməyi qarşısına məqsəd qoymuşdur. Bununla bağlı bütün İnstitutlarımızda ciddi işlər gedir. 2021 – ci ildə hər bir İnstitutda elmi-tədqiqat mövzuları bu məqsədin reallaşmasına  kömək edəcəkdir. Təbii ki, hər bir İnstitutun qarşısında öz profilinə görə konkret vəzifələr vardır. Məsələn, tarix, arxeologiya istiqamətli tədqiqatlar erməni həyasızlığını, saxtakarlığını ifşa edən, həqiqəti ortaya qoyan araşdırmalara, iqtisadi yönümlü araşdırmalar iqtisadiyyatımızın möhkəmlənməsinə, riyazi yönümlü araşdırmalar inkişafımızın səmərəli yollarını müəyyənləşdirməyə imkan verən riyazi modellərin qurulmasına, hüquq, fələsəfə yönlü  tədqiqatlarımız hüquqi, fəlsəfi, sosioloji bazamızın möhkəmlənməsinə xidmət edən tədqiqatlara -  bir sözlə, hər bir İnstitut özünün kömək edə biləcəyi sahələr üzrə araşdırma aparmağa başlamışdır.

         Aparılan kadr islahatları da bu işlərin daha ciddi şəkildə, daha keyfiyyətli olaraq həyata keçirilməsinə xidmət edir.

         AMEA – nın Azad Həmkarlar İttifaqı da öz öhdəsinə düşən işləri yüksək səviyyədə, ölkə Prezidentinin çağrışlarına uyğun olaraq həyata keçirməyə çalışır. Ötən ilin əvvəlindən koronavirusla bağlı baş verənlər Həmkarlar İttifaqının diqqət mərkəzində olmuşdur. Bu xəstəlik hələ ölkəmizdə yayılmağa başlamazdan əvvəl xeyli proflaktik tədbirlər görülmüşdür. Bütün İnstitutlarda infeksionist həkimlərin iştirakı ilə görüşlər, müzakirələr, maarifləndirici tədbirlər həyata keçirilmişdir. Xəstəlik ölkədə yayıldığı vaxtda Akademiyada bu prosesə nəzarət gücləndirlmiş, girişdə bütün əməkdaşların sağlamlıq durumu -  temperaturu yoxlanmış, maska təminatı həyata keçirilmişdir. Yeməkxana və başqa obyektlər nəzarətə götürülmüşdür. Pandemiya dövründə aztəminatlı akademiya əməkdaşlarına ərzaq yardımları edilmişdir. Müharibədə iştirak edən əməkdaşların ailələri ilə əlaqə saxlanmış, onların bir sıra problemlərinin həll olunmasına yardım edilmişdir. Müharibədən qayıdan bir neçə əməkdaşımız ödənişsiz olaraq sanatoriyalara göndərilmişdir.

İndi Azad Həmkarlar İttifaqının qarşısında duran əsas vəzifə yeniləşən, böyük quruculuq işləri aparan ölkəmizdə, Milli Elmlər Akademyası alimlərinin də bu çağrışlara cavab verən fəaliyyətə səfərbər edilməsi üçün əlindən gələni etməkdir.

 

 

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri,

h.ü.e.d., professor                                                                      Habil Qurbanov