Xəbərlər
25.02.2021 - 13:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI RƏYASƏT HEYƏTİNDƏ XOCALI SOYQIRIMI ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

İyirmi doqquz il bundan əvvəl Azərbaycan xalqı tarixinin ən faciəvi günlərindən birini yaşadı. Bu, torpaqlarımıza göz dikən erməni vəhşilərinin 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əliyalın, günahsız insanlara qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırım faciəsi idi. Ermənilər bir gecədə tarixi bir şəhəri yer üzündən silərək yüzlərlə insanı şəhid etdilər. Adətən şəhid sözü insanlara aid edilir. Lakin, Xocalı yer üzündə şəhid edilmiş yeganə şəhərdir. Sakinləri əsir götürülərək insanlığa sığmayan əzablara məhkum edilmiş, qətl edilmiş, evləri, məktəbləri, mədəniyyət ocaqları yandırılmış, gözəl küçələri, bağları yer üzündən silinmiş bir şəhər. Əslində Xocalıda yaşanan bu faciə bütün mədəni bəşəriyyətin faciəsidir. Əfsuslar olsun ki, özünü mədəni sayan dünya bu faciəni hələ də görməzdən gəlir. Əks təqdirdə 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 Xocalı sakinini qətl edən vəhşi ermənilər, bu qətliama rəhbərlik edənlər 29 il ərzində ən ali beynəlxalq məhkəmələr tərəfindən layiqli cəzalarını alardılar.
O qarlı, şaxtalı qış gecəsi Xocalıda baş verən faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumən insanlığa qarşı törədilən bir qətliym idi. Bu qətliyamı törətmək üçün, yəni, məzlum körpələri, günahsız anaları, köməksiz yaşlıları vəhşicəsinə öldürmək üçün iblis xislətli olub Allaha qarşı çıxmalısan. Həmin o qanlı və qarlı gecə ermənilər iblisdən fərqlənmədiklərini, öz alçaq məqsədlərinə çatmaq üçün hətta Allaha qarşı çıxdıqlarını bir daha sübut etdilər. Əks təqdirdə qəlbində az da olsa insanlıq, mərhəmət, vicdan, Allah sevgisi və ya qorxusu olan heç kim günahsız insanlara qıya bilməzdi.
Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının qurbanları bütün ölkə üzrə ən yüksək səviyyədə anılır. Bu baxımdan Xocalı soyqırımının istər qan yaddaşımızda yaşadılması, istərsə də beynəlxalq arenada tanıdılması istiqamətində hər zaman fəal iştirak edən AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətində 25 fevral tarixində anım mərasimi keçirilmişdir. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov və digər iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çxışlar dinlənilmiş və ölkə rəhbərliyi tərəfindən “Xocalya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən layihə və tədbirlər yüksək qiymətləndirilmişdir. Tədbirin sonunda professor Habil Qurbanov qeyd etmişdir ki, belə faciələrin xalqımızın taleyində bir daha təkrarlanmaması üçün bugün ölkədə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyan milli birliyimiz əsas fəaliyyət amalımız olmalı, hər birimiz günü-gündən daha da inkişaf edən güclü Azərbaycan üçün öz töhfəmizi əsirgəməməliyik.