Xəbərlər
17.03.2021 - 12:00
AHİK-DƏN YENİ AKSİYA: RESPUBLİKANIN 76 ŞƏHƏR VƏ RAYONUNDAKI 3900 AZTƏMİNATLI AİLƏYƏ ƏRZAQ SOVQATI GÖNDƏRDİ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 2021-ci il martın 11-də keçirilmiş iclasının qərarına əsasən xüsusi yardıma və qayğıya ehtiyacı olan şəhid ailələrinə, aztəminatlı ailələrə sosial dəstək çərçivəsində növbəti dəfə 3900 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınmışdır.

Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maddi və mənəvi yardımlar göstərilməsi istiqamətində keçirdiyi tədbirlərə müvafiq olaraq təşkil etdiyi maşın karvanları ərzaq sovqatlarının ünvanlarına çatdırılması məqsədilə  ölkənin 76 şəhər və rayonlarına yola düşmüşdür. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaql fəalları da iştirak edəcəklər.
Yeri gəlmişkən qeyd edək ki, koronavirus pandemiyası dövründə də, 2020-ci il aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aztəminatlı ailələrə maddi və mənəvi yardım məqsədilə respublikanın 76 şəhər və rayonlarında yaşayan 3900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərmişdi.
Azərbaycan həmkarlar ittifaqları tərəfindən cəmiyyətimizin həssas kateqoriyadan olan insanlarına maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.