Xəbərlər
04.04.2014 - 10:56
TƏLƏBƏLƏRƏ VƏ ŞAGİRDLƏRƏ ADLI TƏQAÜDLƏR VERİLMİŞDİR

Fevralın 20-də qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə və “Mən Azərbaycanlıyam” müsabiqəsinin qalibi olmuş şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. O, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirləri sadalamışdır.

Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (60 nəfər) ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilmişdir.

Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1600 nəfərdən artıq tələbə bu təqaüddən yararlanmışdır.

Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ATİAHİ Respublika Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə Bakı şəhərinin məktəbliləri arasında “Mən Azərbaycanlıyam” müsabiqəsi keçirilmişdir. Müsabiqənin qalibi olmuş 5 nəfər şagird ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüşdür.