Xəbərlər
07.05.2021 - 12:41
VƏTƏN MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ RƏSƏDXANA ƏMƏKDAŞLARI TƏLTİF OLUNUB

Vətən Müharibəsində iştirak etmiş rəsədxana əməkdaşları təltif olunub.
6 may 2021-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA ŞAR Həmkarlar Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsində iştirak etmiş rəsədxana əməkdaşlarının mükafatlandırılma tədbiri keçirilib.
Tədbiri rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov açaraq, 44 günlük Vətən Müharibəsi dövründə bütövlükdə xalq olaraq birliyimizin bütün dünya üçün vətənpərvərlik nümunəsi olduğundan danışıb. O qeyd edib ki, cəmiyyətdə tutduğu mövqedən, peşəsindən asılı olmayaraq hər kəs sülh dövründə adi həkim, müəllim, mühəndis, müharibə vaxtı Vətənin çağırışında isə hər kəs müsəlləh əskər olduğunu əyani şəkildə göstərdi. Şamaxı Astrofizika Rəsədxanası olaraq müharibə dövründə Silahlı Qüvvələr Fonduna iyanə edilmiş, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilib 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi mail ünvanlanaraq, münaqişənin real aspektləri onların diqqətinə çatdırılmışdır. Namiq Cəlilov bildirib ki, mübarizənin bütün aspektlərində ordumuza tam dəstək olan Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları cəbhədə də düşmənlə mübarizədən kənarda qalmayıb. Belə ki, ŞAR əməkdaşları və rəsədxana əməkdaşlarının övladları Vətən Müharibəsində iştirak ediblər. ŞAR rəhbərliyi və ŞAR Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə səfərbərliyə cəlb edilmiş rəsədxana əməkdaşlarının ailələrinə yardım edilib.
Sonra tədbirdə ŞAR Həmkarlar Komitəsinin sədri Famil Mustafa çıxış edib. O da öz növbəsində Ermənistanın hərbi təcavüzünə cavab olaraq ordumuz tərəfindən aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsindən və bu birlikdə gənclərin rolundan danışıb. Famil Mustafa bildirib ki, müharibə cəbhədə getsə də mübarizə hər sahədə aparılır ki, həmin sahələrdən də ən mühümü informasiya mübarizəsidir. İnformasiya mübarizəsində isə gənclərin rolu danılmazdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi - "30 illik yurd həsrətinə gənclər son qoydu". Daha sonra Famil Mustafa ŞAR Həmkarlar Təşkilatının müharibə dövründəki fəaliyyətindən danışıb. O bildirib ki, müharibə dövründə cəbhəyə yollanan ŞAR əməkdaşlarının ailələri ziyarət edilib, onların problemləri ilə maraqlanılıb və madddi-mənəvi dəstək göstərilib.
Tədbirin sonunda Vətən Müharibəsində iştirak etmiş ŞAR əməkdaşlarına AMEA Azad Həmkarlar İttifaqının “Fəxri Fərman”ı və rəsədxana kollektivi adından üzərində zəfər tarixi həkk olunmuş qol saatı təqdim edilib.