Xəbərlər
27.09.2021 - 20:00
RƏSƏDXANADA ANIM GÜNÜ TƏDBİRİ KEÇİRİLİB.

27 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" 02 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA ŞAR Həmkarlar Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin Anım günü tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətən Müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov açaraq, ordumuzun dərsliklərə düşəcək zəfər salnaməsinə gedən şərəfli döyüş yolundan danışıb. Rəşadətli əsgərlərimiz özləri geri qayıtmamaq bahasına 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı geri qaytardılar. Alim qeyd edib ki, döyüş sadəcə cəbhədə getməyib. Belə ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan bu mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, informasiya mübarizəsində tarixi faktlarla düşmən dezinformasiyasını ifşa edən gənclərimiz, bütövlükdə yumruq kimi Ali Baş Komandımız İlham Əliyevin ətrafında birləşən xalqımız da həmin döyüşlərin iştirakçısı olub.
Namiq Cəlilov bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası kollektivi olaraq müharibə dövründə Silahlı Qüvvələr Fonduna iyanə edilmiş, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilərək 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi mail ünvanlandırılmış, münaqişənin real aspektləri onların diqqətinə çatdırılmışdır.
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları cəbhədə də düşmənlə mübarizədən kənarda qalmayıb. Belə ki, ŞAR əməkdaşları və rəsədxana əməkdaşlarının övladları Vətən Müharibəsində iştirak ediblər. Həmin əmədaşlaran biri Fuad Xanmusa oğlu Cəlilov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Daha sonra tədbirdə bir sıra rəsədxana əməkdaşları da çıxış edərək Vətən Müharibəsinin Anım günü ilə bağlı təəssuratlarını bölüşüblər. Gənclərin vətənpərvər ruhda yetiştirilməsi üçün bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirə Şamaxı Rayonu Şəhidlər Xiyabanı ziyarəti ilə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən şəhid məzarları üzərinə tər çiçəklər qoyulub.
Tədbirdən sonra rəsədxana əməkdaşları və Həmkarlar Komitəsinin nümayəndələri Şamaxı rayonunda olan şəhid və qazi ailələrini ziyarət edərək onlara ərzaq yardımı edib. Həmçinin Vətən Müharibəsi iştirakçısı olmuş ŞAR əməkdaşlarına Anım günü ilə əlaqədar maliyyə yardımı edilib.