Xəbərlər
20.01.2022 - 10:00
AZADLIĞIN VƏ MÜSTƏQİLLİYİN ŞƏRƏFLİ YOLU

Azərbaycan dövləti və xalqı həmişə azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. Lakin XX əsrin əvvəllərində ermənilər onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrı-seçkilik siyasəti yürüdülmüş, torpaqlarımız işğal edilmiş, soydaşlarımız tarixi Azərbaycan torpaqlarından köçürülmüş, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə aparılmış və soyqırımı həyata keçirilmişdir.
Ötən əsrin sonlarında başlayan milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci il fevralın 19-da İrəvanda “Ermənistan türklərdən təmizlənməli!”, “Ermənistanda yalnız ermənilər yaşamalıdır” kimi mənfur şüarlarla mitinqlər keçirilirdi. Elə həmin gün Bakıda da bu təxribatlara etiraz olaraq kütləvi mitinq təşkil olundu. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirildi. Beləliklə, Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı zorla qovuldu.
Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxozun əmlakı talan edildi. Bu olaylara Moskva göz yumur, M.Qorbaçov məkrli bəyanatlar verir, Azərbaycanın ozamankı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər.
1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi.
1990-cı ilin yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin və digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, şəhərin Qala və Nasosnu (indiki Z.Tağıyev qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən SSRİ ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 15 yanvar 1990-cı ildə M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla, hər cür lazımi tədbirlər görmək təklif edilmişdi.
1990-cı il yanvarın 18-də paytaxt Bakıda və Azərbaycanın digər on bir rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Bu tətillərdə tələb edilirdi ki, Ermənistan öz ərazi iddialarına son qoysun və Bakı ətrafında cəmləşən qoşunlar Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Hakimiyyət orqanlarına xəbərdarlıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-nın rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində televiziyanın enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Yanvar hadisələri zamanı Bakıya yeridilən hərbi qruplaşmanın tərkibinə 76, 104, 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, 295-ci motoatıcı diviziya, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanması dəniz piyadalarının 882-ci batalyonu, DTK-nın 7-ci idarəsinin xüsusi təyinatlı “Alfa” qrupu və digər hərbi hissələr daxil idi.
Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də Respublika radiosu ilə çatdırıldı. Halbuki SSRİ rəhbəri Mixail Qorbaçovun 15 müttəfiq respublikadan biri olan Azərbaycana ezam etdiyi yüksəkvəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.
Qanlı Yanvar faciəsində sovet qoşunlarının respublikamıza qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, alovlandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
20 Yanvar faciəsindən sonrakı günlərdə dəfn mərasimi və daha sonra 23 yanvarda Azadlıq meydanında böyük mitinq olmuşdu. Mitinqdə Salyan kazarmasında sovet ordusuna qarşı vuruşanların sayı barədə məlumat verilmişdi: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus.
Qara Yanvar faciəsinin indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.
20 Yanvar faciəsinə ilk etirazı Heydər Əliyev bildirmişdi. Belə ağır, çətin günlərdə dünyanın susduğu bir zamanda bu sükutu da ilk pozan Ulu Öndər Heydər Əliyevin haqq, ədalət tələb edən möhtəşəm və cəsarətli səsi olmuşdu. Heydər Əliyev hadisənin səhəri günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmişdi. Qeyd edək ki, həmin ərəfədə cənab İlham Əliyev də onunla birlikdə mətbuat konfransında iştirak etmişdi. Ulu Öndər bu mətbuat konfransında həm Azərbaycan xalqına başsağlığı vermiş, həm də bütün dünyaya bu faciə haqqında bəyanat vermişdi.
“The Guardian” qəzeti 22 yanvar 1990-cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.
Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən daim nifrət və qəzəblə qarşılanıb pislənməlidir.
 

Habil QURBANOV

AMEA Azad Həmkarlar İttifaqının sədri,

hüquq üzrə elmler doktoru, professor