Xəbərlər
21.04.2022 - 16:04
RSXM-DƏ “ƏMƏK MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ MAARİFLƏNDİRMƏ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Aprelin 21-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə mərkəzdə “Əmək münasibətlərinin tənzimlənməsi sahəsində maarifləndirmə” mövzusunda seminar keçirilib. RSXM-nin respublikanın ayrı-ayrı rayonlarında yerləşən seysmik stansiyalarının əməkdaşları seminarda “Zoom” platforması üzərindən qoşulmaqla onlayn şəkildə iştirak ediblər. 

RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev bildirib ki, tədbirin keçirilməsi əməkdaşların əmək hüquqlarından irəli gələn vəzifə və öhdəliklərinə dair maarifləndirmə aparılması məqsədi daşıyır.

Daha sonra RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı “Əmək münasibətlərinin tənzimlənməsi sahəsində maarifləndirmə” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri öz məruzəsində əmək müqaviləsi üzrə işçilərin hüquq və vəzifələri, müəssisədaxili intizam qaydaları və iş rejimi, tərəflərin qarşılıqlı öhdəlikləri və vəzifələri haqqında danışıb. O, əmək qanunvericiliyindən irəli gələn məsələlər barəsində də mərkəz əməkdaşlarını məlumatlandırıb. 

RSXM-nin Həmkarlar Təşkilatının sədri E.Qaravəliyev bu cür tədbirlərin əhəmiyyəti olduğunu və müzakirələrin ayrı-ayrı mövzular üzrə davam etdiriliməsinin nəzərdə tutulduğunu deyib.

Seminarda əməkdaşları maraqlandıran suallara da aydınlıq gətirilib.