Xəbərlər
25.04.2022 - 14:00
AMEA-NIN GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİNİN VII İNSTİTUTLARARASI FUTBOL ÇEMPİONATININ AÇILIŞI OLUB

Aprelin 25-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) maliyyə dəstəyi və  təşkilatçılığı ilə keçirilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının açılışı olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən ənənəvi çempionatın açılış mərasimində AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən professor Habil Qurbanov sonuncu çempionatın 2019-cu ildə baş tutduğunu, pandemiyadan qaynaqlanaraq turnirə 3 il fasilə verildiyini söyləyib. O, çempionata göstərilən marağın bu il də yüksək olduğunu, turnirdə Akademiyanın 20 elmi müəssisə və təşkilatından 19 komandanın iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 25 aprel - 25 may tarixlərində keçirilməsi planlaşdırılan oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə ediləcək.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 3 illik fasilədən sonra başlayan çempionatın əhəmiyyətinə toxunub, idman hadisəsinin Akademiyada həyata keçirilən sosial, mədəni, mənəvi tədbirlərin tərkib hissəsi olduğunu bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında koronavirusa qarşı qəbul edilən düzgün qərarlar, ölkə başçısının Qoşulmama Hərəkatı, BMT səviyyəsində COVID-19-a qarşı mübarizəsi, təklifləri respublikamızda virusun yayılmasının qarşısını aldı, itkiləri minimuma endirdi və nəticədə bu gün ölkəmizdə həyat öz axarına dönüb, idman yarışları və digər tədbirlər keçirilir.

Akademik İsa Həbibbəyli gənc alim və mütəxəssislərin futbol çempionatının daim bayram əhval-ruhiyyəsində keçirildiyini, gənclərin oyunlarda öz iradələrini, bacarıqlarını nümayiş etdirdiyini söyləyib və komandalara uğurlar arzulayıb.

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev isə çempionatın ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilməsini yüksək qiymətləndirib. Akademik uzun fasilədən sonra baş tutan turnirin zehni əməklə məşğul olan gənc alim və mütəxəssislərin idman həyatına və sağlamlıqlarına müsbət təsir göstərəcəyini vurğulayıb.

Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzi və Dendrologiya İnstitutunun komandalarının görüşü ilə çempionatın qrup oyunlarına start verilib.