Xəbərlər
01.06.2022 - 12:06
UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSI GÜNÜ ƏDƏBİYYAT MUZEYİNDƏ ƏDƏBİ-BƏDİİ TƏDBİRLƏ QEYD OLUNUB

     1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbi-bədii tədbirlə qeyd olunub.

       Tədbir Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə baş tutub.

    Muzeyin baş direktoru, akademik Rafael Hüseynov ədəbi-bədii tədbiri açaraq balacaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

      Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edən akademik deyib: “Bir neçə gün əvvəl bu binada Azərbaycanın Müstəqillik Gününü qeyd etdik. 28 may və bu bina bizə çox doğma və əzizdir. Çünki 1918-ci ilin sentyabrından başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, nazirləri bu binada yaşayıb və fəaliyyət göstəriblər, dövlətimizlə bağlı ilk qərarları burada veriblər. Bu gün isə bu binada müstəqil Azərbaycanın uşaqlarının bayramını qeyd edirik. Azərbaycanın sabahı, gələcəyi olan bu balacalar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar”.

        Rafael Hüseynov uşaqlara sağlam həyat, xoş, firavan günlər arzulayıb, onlara təhsilli və savadlı olmağı tövsiyə edib.

    Tədbirdə müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi professor Zahid Xəlil, tanınmış şair və yazıçı Rafiq Yusifoğlu uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt və təhsilli olmağı arzulayıb, şeirlərini səsləndiriblər.

        Bayram tədbirində uşaqlardan bəhs edən videoçarx nümayiş olunub. Balacaların Vətən, təbiət, məktəb və digər mövzularda təqdim etdikləri şeir, mahnı, rəqs və səhnəciklər maraqla qarşılanıb.

      Sonra akademik Rafael Hüseynov tədbirin iştirakçısı olan uşaqlara sertifikatlar təqdim edib, muzeyin Həmkarlar təşkilatı tərəfindən isə balacalara hədiyyələr verilib.