İyunun 7-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə “Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə” mövzusunda seminar keçirilib. Seminarda RSXM-nin icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Əməyin mühafizəsi” şöbəsinin müdiri Sultan Abasov, müvafiq şöbə müdirləri və əməkdaşlar iştirak ediblər. RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə danışıb. RSXM-nin əməkdaşı Bəxtiyar Xanbutov mərkəzdə əməyin mühafizəsinə xüsusi diqqət yetirildiyini bildirib və təbii fəlakətlər zamanı davranış qaydaları, təbii xarakterli fövqəladə halların təsnifatı, əmək şəraiti zamanı yanğın baş verdikdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Daha sonra müəssisələrdə əmək şəraiti, işçilərin həyat və sağlamlığının qorunması üçün texniki təhlükəsizlik qaydalarına əməl olunması barədə müzakirələr aparılıb və maraq doğuran suallar cavablandırılıb.