Xəbərlər
20.06.2022 - 10:00
AZƏRBAYCANIN BİR QRUP ALİMİ AĞDAMDA BƏRPA İŞLƏRİ İLƏ TANIŞ OLUB

Bu günlərdə bir qrup ağdamlı ziyalı bərpa işlərinin vəziyyəti ilə tanış olmaq üçün işğldan azad olunmuş Ağdam rayonuna səfər edib.
"Report" xəbər verir ki, nümayəndə heyətinin tərkibində Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Dilqəm Tağıyev, akademik Nərgiz Axundova və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov da olub.
Habil Qurbanov səfər təəssüratlarını "Report"a bölüşüb.
- Habil müəllim bu cür tərkibdə, bu heyətlə baş tutan səfərin özəl bir səbəbi vardı, yoxsa məqsəd sadəcə bərpa işlərinin gedişi ilə tanışlıq idi?
- Ötən ilin Müstəqillik Günündə Ağdamda ağdamlı ziyalıların Cənab Prezident İlham Əliyevlə görüşü baş tutmuşdu. Cənab Prezident o vaxt Ağdam ictimaiyyətinin nümayəndələri ilə Ağdam şəhərinin baş planını müzakirə edərək təsdiqlədi. Bu dəfə səfər edənlərin də əksəriyyəti elə keçən il gedən ağdamlı ziyalılar idi. Baş planın təsdiqindən bir il keçdiyini nəzərə alaraq belə qərara gəldik ki, yenidən Ağdamı ziyarət edək, görək nə işlər görülür. Eyni zamanda səfərimiz görülən işlərə dəstək məqsədi daşıyırdı. Bilmək istəyirdik ki, görək gələcək bərpa-quruculuq işlərinə bizim nə kimi köməyimiz dəyə bilər. Görüşüb məsləhətləşdik, hardasa 20 nəfər ziyalı ortaq məxrəcə gəldik və iyunun 15-də, Qurtuluş Günündə Ağdama yola düşdük.
- Yəqin ki, işğal başa çatdıqdan sonra doğma torpağa bir neçə dəfə səfər etmisiniz. Bu, Ağdama neçənci səfəriniz idi və bu dəfə gördüyünüz mənzərə digərlərindən nə ilə fərqlənirdi? Artıq deyə bilərikmi Ağdamda həyat işartıları parlamağa başlayıb?
- Bu, artıq Ağdama dördüncü səfərim idi. Biz oraya saat 12-də, birə işləmiş çatdıq. Ağdamın elə girəcəyində, İmarət deyilən yerdə böyük sənaye parkı salınıb. Orada böyük işlər gedir. Sənaye parkının yaxınlığında altı, ya da yeddi mərtəbəli 6 yaşayış binası tikilir. Onların hamısının tikintisi sürətlə aparılır. Eləsi var 3-cü mərtəbəsi, eləsi də var artıq 2-ci mərtəbəsi tikilib. Çox güman ki, bu sənaye parkında çalışacaq insanların ailələri üçün nəzərdə tutulur.
Sənaye parkından yüz metrlik məsafədə İmarət yerləşir. Daha sonra oraya baş çəkdik. Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Xurşidbanu Natavan və digərlərinin məqbərələri burada yerləşir. Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov oradakı vəziyyət, bərpa işləri ilə bağlı bizə ətraflı məlumat verdi.
- Ağdam deyəndə ilk ağla gələnlərdən biri bu şəhərin məşhur Cümə Məscididir. Bu ibadət ocağında bərpa işləri nə yerdədir?
- Cümə Məscidində çox intensiv iş gedir. Məscid Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Bərpa prosesinə xarici ölkələrdən mütəxəssislər də cəlb olunub. Cümə Məscidi yenidən qurulur. Düşünürəm ki, o dağıdılmış Cümə Məscidi bərpadan sonra çox gözəl görkəmdə qapılarını möminlərin üzünə açacaq.
- Məcidin orijinal görünüşü saxlanılırmı?
- Bəli, necə var, elə də saxanılır. Amma bina dağılmış haldadır. Məscid tam olaraq yenidən əvvəlki orijinal formasında bərpa olunur.
Ağdamda qədim Qiyaslı məscidi də var, onu da bərpa edirlər. Baş plana uyğun olaraq yeni bir məscidin də tikilməsi nəzərdə tutulur.
- Mərkəzdə, Dram Teatrının ərazisində vəziyyət necədir?
- Dram Teatrının yanında demək olar ki, bir dənə də olsun salamat bina qalmayıb. Hər tərəf xarabalıqdır. Orada elə bir tikinti işi də getmir. Sadəcə Dram Teatrının arxasında 1 nömrəli məktəbin tikintisi gedir. Cənab Prezident İlham Əliyev keçən il Ağdamda olanda onun təməlini qoymuşdu. Artıq məktəbin tikintisi demək olar ki, başa çatmaq üzrədir. Haradasa 1000 şagird yerlik 3 mərtəbəli bina olacaq. Artıq 3-cü mərtəbənin tikintisi gedir.
Şəhidlər Xiyabanında da artıq demək olar ki, əksər şəhidlərimizin məzarları bərpa edilib. Allahverdi Bağırovun qəbrini bərpa etdilər, ona uyğun olaraq da artıq digər şəhidlərin yaxınları bilirdilər ki, onların yaxınlarının məzarı neçənci gəlir. Şəhidlərimizin məzarlarını da ziyarət etdik.
Emin müəllim bizi məlumatlandırdı ki, əsas intensiv işlər sentyabr ayında başlayacaq. Bu vaxt artıq şəhərin küçələrinin bərpa olunmasına başlanacaq. Hazırda şəhərdə yeni parkın salınması işləri də sürətlə gedir. Ağaclar əkilir, onlara qulluq olunur. Bərdə-Ağdam avtomobil yolunun çəkilişində də işlərin demək olar ki, 60-70 faizi görülüb. Həmçinin Bərdə-Ağdam dəmiryolunun da çəkilişlərinə başlanıb.
- Təbii ki, bərpa-quruculuq işlərindən sonra Ağdam 30 il əvvəlki Ağdam olmayacaq. Daha modern, daha gözəl bir Ağdam olacaq qarşımızda. Şəhərin ən maraqlı özəllikləri nələr olacaq?
- Əvvəl Ağdamda 40 min əhali yaşayırdı, 500 hektar ərazisi vardı. İndi isə yeni baş plana uyğun olaraq Ağdamda, yalnız şəhərdə yüz min əhali yaşayacaq, 1500 hektar ərazini əhatə edəcək. Ağdamın şəhərə bitişik səkkiz kəndi də şəhərə birləşdiriləcək. Ona görə də ərazisi 1500 hektara çatacaq. 27 hektar ərazidə park salınacaq. İçərisində göl yaradılacaq, kanallar çəkiləcək. Hətta şəhərdə təkərli tramvaylar olacaq. Elə planlaşdırılır ki, məktəb, uşaq bağçası, iaşə obyektləri və s. hamısı bir-birinə yaxın yerləşsin ki, insanlar hər yerə piyada gedib -gələ bilsinlər. Bir sözlə, Ağdam 21-ci əsrin Ağdamı olacaq. Amma o da nəzərdə tutulub ki, Ağdamın simvolu sayılan obyektlər, abidələr bərpa olunsun. Şəhərin mərkəzində Fərhadın əlində külüng olan abidəsi vardı, o, Çörək Muzeyi, Çay Evi bərpa olunacaq. Cümə Məscidi artıq bərpa olunur. İmarət bərpa olunacaq. İmarətdə əvvəl stadion kimi istifadə olunurdu, “Qarabağ”ın oyunları keçirilirdi. Amma artıq ora Qarabağ atlarının cıdırı kimi istifadə olunacaq. Ağdamda, həmçinin “Qarabağ” komandası üçün dünya standartlarına uyğun stadion tikiləcək. Bu, Baş planda da var.
Səfər zamanı ziyalılar maraqlı bir təkliflə də çıxış etdilər. Ağdamda Əskəran qəsəbəsinin yaxınlığında Qarağacı qəbiristanlığı var, bizim şəhər qəbiristanlığıdır. Belə bir təklif irəli sürüldü ki, bu qəbiristanlıq bərpa olunsun və tarixi abidə kimi saxlanılsın, artıq burada dəfn həyata keçirilməsin. Onsuz da orada dəfn üçün yer də qalmayıb. Ağdam İcra Hakimiyyəti ilə birgə layihə hazırlayırıq. Belə qərara gəldik ki, layihəni hazırlayıb ictimaiyyətin müzakirəsinə təqdim edək. Hansı formada qalmasının məqsədəuyğun olmasına dair ictimaiyyətin də fikrini öyrənəcəyik. Bizim ortaq fikrimiz belə oldu ki, buranı tarixi abidə kimi qoruyub saxlayaq. Orada qədim qəbirlər, məqbərələr vardı. Onlar mümkün qədər bərpa olunacaq. Onu da qeyd edim ki, yeni baş planda şəhər qəbiristanlığı üçün ayrıca yer nəzərdə tutulub.