Xəbərlər
27.09.2022 - 15:00
RSXM-DƏ “DOĞMALARINIZ ƏMANƏTİMİZDİR, ŞƏHİDİM” ADLI TƏDBİR KEÇİRİLİB

Sentyabrın 27 - də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 Sentyabr - Anım Günü münasibəti ilə “Doğmalarınız əmanətimizdir, şəhidim” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, 27 sentyabr Azərbaycan xalqının tarixində mühüm yer tutur. İki il əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddi boyunca törətdiyi təxribatlar nəticəsində Vətən müharibəsinin başladığını qeyd edən Rauf Muradov 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 30 il düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən azad edildiyini bildirib.
İcraçı direktor müharibə zamanı həm mülki vətəndaşlarımız, həm də hərbçilərimiz arasında şəhidlərimizin olduğunu qeyd edərək, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə sağlıq arzu etdiyini söyləyib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, I Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov düşmən ordusunun darmadağın edilməsində Azərbaycan ordusunun dünya hərb elminə gətirdiyi yeniliklərdən, qəhrəman Azərbaycan oğullarının döyüşlərdə göstərdiyi şücaətlərindən, qəhrəmanlıq səlnamələrindən danışıb.
RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev deyib ki, mərkəzin I Qarabağ müharibəsində, eləcə də Vətən müharibəsində iştirak edən əməkdaşları var. RSXM əməkdaşlarının övladları arasında da şəhidlərin olduğunu bildirən Etibar Qaravəliyev şəhid ailələrinin və qazilərin sosial-məişət problemlərinin daim mərkəz rəhbərliyinin diqqətində olduğunu deyib.
Daha sonra İnformasiya şöbəsi tərəfindən hazırlanmış “Doğmalarınız əmanətimizdir, şəhidim” adlı videoçarx nümayiş etdirilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi