Xəbərlər
14.10.2022 - 16:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA-nın Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib.

İclasın gündəliyində Tarix İnstitutunun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, AMEA Azad Həmkarlar İttifaqının Əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev və kitabxananın Həmkarlar Təşkilatının sədri Nazilə Həsənovanın yubileyləri münasibətilə Fəxri fərman və pul mükafatı ilə təltif edilməsi, eləcə də Zəfər Günü ilə bağlı tədbirin keçirilməsi məsələləri yer alıb.

Əvvəlcə Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Tarix İnstitutunun Həmkarlar Təşkilatının sədri, t.ü.f.d. Hacı Həsənovu 70 illik yubileyi münasibətilə təbrik edib, onun təşkilatın sədri kimi yorulmaz fəaliyyəti haqqında məlumat verib. Daha sonra sədr AMEA Azad Həmkarlar İttifaqı adından Fəxri fərman və pul mükafatını Hacı Həsənova təqdim edib.

Tədbirdə, həmçinin AMEA Azad Həmkarlar İttifaqının Əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev və kitabxananın Həmkarlar Təşkilatının sədri Nazilə Həsənova yubileyləri münasibətilə mükafatlandırılıblar.

İclasda professor Habil Qurbanov İkinci Qarabağ müharibəsində iştirak etmiş AMEA əməkdaşları barədə məlumat verib, onlar üçün Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə guşənin, eləcə də albomun hazırlandığını diqqətə çatdırıb.