Xəbərlər
18.10.2022 - 11:50
PROFESSOR HABİL QURBANOVUN “QARABAĞIN AZADLIĞI VƏ ZƏFƏRƏ GEDƏN YOL: HÜQUQİ-SOSİO-MƏDƏNİ BAXIŞ” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun “Şuşa ili”nə həsr olunmuş “Qarabağın azadlığı və zəfərə gedən yol: hüquqi-sosio-mədəni baxış” kitabı çapdan çıxıb.

Nəşrin müəllifi Beş fəsildən ibarət olan kitabda müstəqil Azərbaycanda Qarabağın azadlığı, Zəfərə gedən yolun hədəfləri, Qarabağın 30 illlik işğal dövrü, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qarabağla bağlı diplomatik-siyasi strategiyası və müasir Azərbaycanda elm siyasəti və bir sıra sosio-hüquqi məsələlərə nəzər yetirilir.

Kitaba müəllifin son illər ərzində beynəlxalq və respublika konfranslarında çıxışları, məruzələri, həmçinin ölkə mediasında və elmi jurnallarda nəşr edilmiş məqalələri daxil edilib.

“Qarabağın azadlığı və zəfərə gedən yol: hüquqi-sosio-mədəni baxış” kitabında Ermənistanın hərbi-siyasi rəhbərliyinin humanizm prinsiplərinə hörmətsizliyi, erməni cinayətləri və soyqırımına dair yazılar yer alır. Təqdim olunan nitqlərdə ulu öndər Heydər Əliyevin siyasi və hüquqi islahatlar kursu Azərbaycanın davamlı inkişafının başlıca amili kimi qiymətləndirilir. Qarabağın işğaldan azad edilməsi, Qarabağda zəfər uğurları müdrik siyasətin nəticəsi olaraq görülür.

Nəşrdə Azərbaycan elminin dövlətçilik siyasətinə verdiyi töhfələr, qarşıya qoyulan yeni vəzifələr də şərh olunur. Həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqının rolu və təsir gücünün əhəmiyyəti izah edilir.

Kitab elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.