Xəbərlər
04.11.2022 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ MƏCLİSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Noyabrın 4-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

İclası AHİ-nin sədri, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Professor Habil Qurbanov düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qeyd edib ki, xalqımız və rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı.

Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyinin önəmini vurğulayan AHİ sədri iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını tarixi hadisə kimi dəyərləndirib. O, son zamanlar Türkdilli dövlətlər arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

Alim bildirib ki, ölkə başçısı İlham Əliyev dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli və müasir dövlət xadimidir. Onun rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Professor Habil Qurbanov AHİ üzvlərinin də hər zaman dövlətimizin və ordumuzun yanında olduğunu, Ali Baş Komandanın bütün addımlarını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, şəhid ailələri və qazilər, həmçinin veteranlar AHİ-nin daim diqqətindədir. Mütəmadi olaraq həmkarlar ittifaqları tərəfindən onlar ziyarət olunur, qayğıları ilə maraqlanılır və lazımi kömək göstərilir.

İkinci Qarabağ müharibəsində iştirak etmiş AMEA əməkdaşları barədə də məlumat məlumat verən sədr bildirib ki, AMEA-nın 25 əməkdaşı müharibəyə könüllü olaraq qoşulub, onlardan 2 nəfər qəhrəmancasına şəhid olub.  Professor Habil Qurbanov Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə AMEA-da “Şəhidlər guşəsi”nin yaradıldığını, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün fotoalbomun hazırlandığını, mütəmadi olaraq şəhid ailələrinə və qazilərə yardımların  göstərildiyini, onların pulsuz yollayışlarla təmin olunduğunu və digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

AHİ sədri ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən, AMEA-nın bir sıra institut və təşkilatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyətini davam etdirəcəyini bildirib. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institut və təşkilatların elmi fəaliyyəti bundan sonra da AMEA tərəfindən koordinasiya ediləcək, bir sözlə, AMEA ilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə sıx əməkdaşlıq edəcək. Həmçinin Akademiyanın bütün elmi bölmələrinin fəaliyyəti davam etdiriləcək.

O, AMEA prezidenti, akademik İsa Həbibbəylinin AHİ-nin fəaliyyətinə hər zaman böyük dəstək göstərdiyini və təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. Alim hazırda Azad Həmkarlar İttifaqının AMEA Rəyasət Heyəti ilə Kollektiv Saziş əsasında fəaliyyət göstərdiyini xatırladıb.

Daha sonda sədr rəhbərlik etdiyi qurumun 2022-ci ilə dair hesabat məruzəsini təqdim edib. O, AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. 

Sonda bir sıra cari məsələlər müzakirə olunub.