Xəbərlər
05.11.2022 - 10:27
RSXM-DƏ 8 NOYABR - ZƏFƏR GÜNÜ QEYD OLUNUB

Noyabrın 4-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə RSXM-nin Həmkarlar Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə mərkəzin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak edən 15 əməkdaşının döyüş yolunu əks etdirən stendin açılışı olub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov çıxış edərək Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşərək qələbə qazandığını bildirib. 

 

RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna bayram olduğunu vurğulayıb. O qeyd edib ki, bu zəfərin əldə olunmasına Ali Baş Komandanın, ordu və xalqın bir yumruq kimi birləşərək düşmənin başını əzməsi ilə nail olunmuşdur. Əlbəttə ki, bu haqq savaşında şəhidlərimiz və qazilərimiz də oldu. Necə deyərlər “Torpaq uğrunda ölən varsa Vətəndir”. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik. 1-ci və 2-ci Qarabağ müharibəsində RSXM-in 15 əməkdaşı iştirak etməsi və 2 əməkdaşın övladının isə şəhid olması bildirilmişdir. Həm müharibə dövründə, həm də müharibədən sonrakı dövr ərzində bu əməkdaşlar mərkəzin rəhbərliyinin və HT-nın  daima diqqətində olmuşlar və ailələlərinə maddi köməkliklər edilmişdir. Eyni zamanda Silahlı qüvvələrə yardım fonduna və Yaşat fonduna maddi yardımlar edilmişdir.

Müharibə zamanı mərkəzin Vətən qarşısında borcunu yerinə yetirən əməkdaşlarının adlarının əbədiləşdirilməsi məqsədilə onların şəkillərindən ibarət stend hazırlanmışdır.

 

RSXM-nin baş mühəndisi Ramiz İskəndərov isə çıxışında bildirib ki, Zəfər Günü təkcə qələbə günü yox, həm də birliyinin rəmzi günü kimi qəbul olunmalıdır. “Biz bu qələbəyə görə öz Ali Baş Komandanımıza, ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Vətən müharibəsində əbədiyyətə qovuşmuş şəhidlərimizin valideynlərinin övlad nisgilini onların yanında olmağımızla yox edə bilməsək də, bu ağır itkinin hamımızı ağrıtdığını bildirmək istəyirəm. Bütün Şəhidlərimizin qarşısında baş əyirəm”. 

RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, I Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov bildirib ki, son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirib. Şəhidlərimiz və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Tədbir HT tərəfindən hazırlanmış 8 noyabr – Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.