Xəbərlər
18.11.2022 - 14:35
MİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI MUZEYİNDƏ MƏKTƏBLİLƏR ARASINDA DÖVLƏT BAYRAĞI GÜNÜ VƏ ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ BƏDİİ QİRAƏT MÜSABİQƏSİ KEÇİRİLİB.

AR Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu qurumun Elmi inkişaf və tədris layihələri şöbəsinin və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Bakı məktəbliləri arasında Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbiri giriş sözü ilə muzeyin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, fil.ü.f.d. Nəzmiyyə Yigitoğlu açaraq qarşıdan gələn Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də parlaq qələbə ilə nəticələnən Vətən müharibəsindən söz açan Nəzmiyyə Yigitoğlu Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, bütün bu uğurların önündə Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti dayanır. N.Yigitoğlu Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd etdiyini diqqətə çatdırıb.
Vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə Bakı şəhərinin 12 rayonundan 24 məktəbli (hər birindən iki olmaqla 4-11-ci sinif şagirdləri) və 12 müəllim ( hər məktəbdən bir müəllim) iştirak edib.
Müsabiqədə Bakı məktəblilərinin ifasında şeirlər səsləndirilib. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri mahnılar ifa ediblər.
Bədii qiraət müsabiqəsinin münsiflər heyətində təmsil olunan şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, şair və nasir Qəşəm İsabəyli, Əməkdar artist, bədii qiraət ustası Azad Şükürov məktəblilərin mahnı və şeir ifalarını obyektiv olaraq qiymətləndirib, çıxışlarla bağlı fikir və mülahizələrini ifadə ediblər.
Azad Şükürov uşaqlara məktəblərdə düzgün orfoepiya qaydalarının öyrədilməsinin əhəmiyyətli məsələlərdən olduğunu bildirib, müsabiqədə iştirak edən şagirdlərin mahnı və şeir ifaları zamanı orfoepiya qaydalarına əməl etməsinin, sözləri ahəngdar tələffüz etməsinin, monotonluğa yol verməməsinin zəruriliyindən danışıb.
Münsiflər heyətinin üzvü Rafiq Yusifoğlu Zəfər Gününə həsr olunmuş şeirlər kitabını Muzeyə, “Göyərçin” jurnalını və “Zəfər dastanı” kitabını isə şagirdlərə hədiyyə edib.
Sonra tədbirin əsas təşkilatçısı - muzeyin Həmkarlar Təşkilatının sədri Ceyran Qənbərli çıxışında ilk növbədə tədbirin keçirilməsinə şərait yaratdığına və dəstəyinə görə muzeyin baş direktoru, akademik Rafael Hüseynova dərin minnətdarlığını bildirib. Daha sonra C.Qənbərli tədbirə münsiflər qismində dəvət olunan ziyalılara, müsabiqəyə qatılan məktəblərin direktorlarına, şagirdlərə və onların müəllimlərinə, hər zaman olduğu kimi yaddaqalan musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatan İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinə təşəkkürünü bildirib.
Sonda müsabiqədə iştirak edən bütün şagirdlər və onları müsabiqəyə hazırlamış müəllimlər Fəxri fərmanlarla təltif olunub, çıxışçılara hədiyyələr təqdim olunub.