Xəbərlər
19.01.2023 - 16:20
AZAD HƏMKARLAR İTTİFAQININ RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

Yanvarın 19-da AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri AHİ-nin sədri, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə məlumat verib.

Əvvəlcə 20 Yanvar və Qarabağ döyüşlərində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

H.Qurbanov çıxışında bildirib ki, Qanlı yanvar hadisəsindən 33 il keçir. 1990-cı ilin 20 yanvar hadisəsindən sonra dövlətimizin müstəqilliyinin təməli qoyuldu: “Biz bu gün Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri və İlk Həmkarlar Təşkilatlarının sədrləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edicəyik. Bizim bu tədbirə gənc alimlər də qoşulacaq”.

Sonra iclasda İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, AHİ-nin Rəyasət Heyətinin üzvü Tanrıverdi Paşa 20 Yanvar hadisələrində Həmkarlar Təşkilatının əvəzsiz xidmətlərindən, o dövrdə etdikləri yardımlardan və  təşkil etdikləri yığıncaqlardan bəhs edib.

İclasda H.Qurbanov AMEA AHİ RH-nin illik iş planını təsdiq edib, xüsusilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsindən və bu istiqamətdə Mərkəzi Elmi Kitabxana ilə Azad Həmkarlar İttifaqının birgə planlaşdırdığı tədbirin əhəmiyyətindən danışıb. Həmçinin akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar ilk təşkilatlarda tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.