Xəbərlər
27.01.2023 - 17:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRKƏZİ ELMİ KİTABXANASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Tədbir AMEA Azad Həmkarlar İttifaqı, MEK-in və  YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə MEK-in foyesindəki Ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev Prezident İlham Əliyevin 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncamı xatırladaraq lektoriyanın məhz bu ilin çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hər sahəyə olduğu kimi elmə, təhsilə, kitabxanaya, kitaba qayğısı heç zaman diqqətdən kənarda qalmamışdır. “Mərkəzi Elmi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilmişdir. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həmin sahəyə olan qayğısının nəticəsidir. Azərbaycan var olduqca bu tarixi şəxsiyyətin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi daim yaşayacaq və həyat fəlsəfəsi hər zaman diqqət mərkəzində olacaqdır” – deyə baş direktor qeyd edib. Məmməd Əliyev çıxışında MEK-də Heydər Əliyev irsi haqqında nəşrlərin də getdikcə artdığını vurğulayıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndərin siyasi fəaliyyəti ilə bağlı geniş məruzəsi zamanı ölkənin bugünki inkişafının təməlinin məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu öndərin parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı gələcəyə aparan yolları müəyyən etdiyini vurğulayıb. “Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin, sarsılmaz iradəsinin və ciddi səylərinin nəticəsi olaraq 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edilmişdir”- deyə Bəxtiyar Nəbiyev qeyd edib.

Sonda Ulu öndərin zəngin siyasi irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.