Xəbərlər
22.02.2023 - 17:17
AMEA AZAD HƏMKARLAR İTTİFAQI VƏ QADINLAR ŞURASI XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRMİŞDİR

22 fevral 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında AMEA Azad Həmkarlar İttifaqı və Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi. Xocalı soyqırımı qurbanları  bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan AMEA AHİ sədri professor Habil Qurbanov bildirdi ki, xalqımız tarixən çox ağrı-acılı, qanlı-qadalı  faciəvi günlər yaşayıb. Bunlardan ən dəhşətlilərindən  biri məhz Xocalı soyqırımıdır. 31 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi. Faciədən  bir-neçə gün sonra dünyanın aparıcı kütləvi informasiya vasitələri, “Vaşınqton – Post”, “Tayms”, “İzvestiya”,”Fayneyşnl tayms” kimi nüfuzlu qəzetləri onu  geniş şəkildə işıqlandırdılar.  Bugün dünyanın bir sıra dövlətləri Xocalıda faciəsini  soyqırım faktı kimi rəsmən tanıyıblar. Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması istiqamətində aparılan düzgün və məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu dövlətlərin siyahısı ilbəil artmaqdadır. Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan  gücünə öz əməli töhfələrimizi verməliyik. 

Daha sonra Tarix İnstitutunun icraçı direktoru t.ü.f.d., professor Cəbi Bəhramov, Tarix İnstitutu Həmkarlar Təşkilatının sədri Hacı Həsənov, Tarix İnstitutu Qadınlar Təşkilatının sədri fəlsəfə doktoru Günel Aslanlı, Nəsimi adına Dilçilik İnstitutu Qadınlar Şurasının sədri Şəbnəm Qəribli-Həsənli, Genetik Ehtiyyatlar İnstitutu Həmkarlar Təşkilatının sədri Sadıqov Hamlet çıxış edərək bildirmişlər ki, bu faciə özünü tarixən guya əzilən, yazıq, məzlum bir xalq kimi göstərməyə çalışan ermənilərin əsil milli kimliyini  ortaya qoydu. Eyni zamanda  ermənilərin son yüz ildə bizə qarşı törətdiyi alçaq cinayətləri bağışlayan, hətta bəzən unudan xalqımız üçün ciddi bir siqnal oldu. Biz kin saxlayan bir millət olmasaq da, faciələrimizi də unutmamalıyıq. Bu faciədə əli gunahsız insanların qanına bulaşanların cəzalandırılması üçün bütün istiqamətlərdə iş aparılmalıdır. Burada vətəndaş cəmiyyətinin, xüsusən ziyalıların geniş imkanları var. Bu baxımdan beynəlxalq arenada dövlətimiz tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası mühüm bir platformadır.  Əlbəttə, o gecə qətl edilən yüzlərlə insanın hələ də ürəyimizi  sızladan faciəsi heç zaman yaddaşlardan silinməyəcəkdir. Lakin, təskinliyimiz odur ki, işğal olunmuş torpaqlarımız artıq azaddır. Və Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: ”Biz Xocalının qisasını döyüş meydanında aldıq!”