Xəbərlər
10.11.2015 - 10:40
Qax: Uzaq keçmişlərin bu günlə nəfəs aldığı diyar

Qax: Uzaq keçmişlərin bu günlə nəfəs aldığı diyar

Yaddaqalan səfərdən  zəngin  təəssürat

Abuzər Ələkbərov, İsmayıl Umudlu

AMEA Arxeologiya və Etnoqrafiya institutu əməkdaşlarının ilin müxtəlif fəsillərində doğma Azərbaycanımızın dilbər guşələrinə və tarixi yerlərinə gəzintiyə getməsi artıq bir ənənə halını almışdır. Keçən illər ərzində İnstitutun rəhbərliyi və Həmkarlar təşkilatının təşəbbüsü ilə əməkdaşlarımız Abşeron, Şamaxı, Qobustan, Pirqulu, Lənkəran, Astara, Masallı, Yardımlı, Şabran, Quba, Xaçmaz, Şəki, Balakən, Zakatala  rayonlarında gəzintilərdə olmuşlar.

 Əlbəttə, özünə hörmət edən hər bir vətəndaş ölkəsini, millətini tanımalı,  xalqının tarixini bilməlidir. İxtisasca arxeoloq və etnoqraf olanlar üçün isə ölkəsinin hər bucağını bir elm adamı gözü ilə daha dərindən və hərtərəfli bir məzmunda tanımaq, bilmək sadəcə peşə borcudur. Odur ki, bizim Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ölkəmizin bölgələri ilə sıx təmasda olmaq kimi köhnə bir ənənəsi var və İnstitut Həmkarlar Təşkilatının təşəbbüsü ilə bu dəfəki səfərimiz də həmin ənənə çərçivəsində idi. Uzaq keçmişlərin bu günlə bir nəfəs aldığı Ulu Qax diyarı bizim geniş tərkibli qrupumuzu çiskin yağışla qarşılasa da, hava xoş idi. Başqa sözlə, çöl tədqiqatlarına öyrəncəli olan əməkdaşlarımız üçün əsl gəzib-dolaşmaq, görüb-bilmək, özləri üçün qənaətlər hasil etmək, gələcək üçün araşdırma mövzuları müəyyənləşdirmək havası idi.

Şəhərlə tanışlıqdan başladıq

İndi bir çox ölkələrin iqtisadiyyatında  turizmin aparıcı sahəyə çevrildiyi bir zəmanədir və bu aspektdə Azərbaycanın potensialı, xarici turistləri cəlb edən özəllikləri ilə şişirtmə-filan olmadan deyə bilərik ki, misilsizdir. Qax da eləcə - yaşıllıqlara bürünmüş, səliqə-sahmanlı, küçələri tərtəmiz, yaşıllıqların fonunda qırmızı çalarlı kirəmit örtüklü, baxımlı evlər, küçəyə açılan eyvanlar… Bizim günlərdə əyalət şəhərlərinin evlərini və hasarlarını daha çox boz aqlay ilə üzləmək dəbdir. Burada isə çaydaşı və qırmızı kərpicin, zövqlə işlənmiş ağac materialının sintezi xoş, ürəyə yatımlı bir ahəng yaradır.

İçəri bazar küçəsində addımlamaq adamı XIX yüzilliyə qaytarır. Bura şəhərin görməli yerləri sırasında ən maraqlı məkandır. Bizim bələdçimiz bir başqası deyil, rayonun icra başçısı Musa Şəkiliyev özüdür. İstirahət günləri geyimində, qalstuksuz, rəsmiyyətdən uzaq bir tərzdə və içdən gələn böyük bir həvəslə yaşadığı və çalışdığı (5 ilə yaxındır) bu şəhərin özəlliklərini bir-bir bizə təqdim edir. Yay konsert salonunda, Heydər Əliyev mərkəzində oluruq, sonra küçə ilə piyada şəhərin Cümə məscidi ilə tanışlığa yollanırıq. İcra başçısının əhatəsində bir dəstə çantalı müsafir canlı söhbətlər edə-edə küçə ilə irəliləyir… Görəsən belə bir mənzərəni başqa əyalət şəhərlərimizdə də görə bilərikmi? Hiss edirsən ki, bu diyarın keçmişini və bu gününü dərindən bilən insandır.

 Camenin memarlığı məhəlli üsluba ən gözəl örnəklərdən biridir, həyətin landşaftı isə orijinal bir tərzdə həllini tapıb. Bizim marağımızı görən Musa müəllim deyir ki, bu landşaft onun əl işidir.

Deyəsən şəhər sakinlərinin özləri də səliqə-sahmana köklənib. Heç yerdə çala-çuxur, səliqəsizlik, yaxud küçədə hər hansı bir tullantı gözə dəymir. Təkcə bir – mərkəzi küçənin deyil, bütün şəhərin küçələri və evlərinin eyni dərəcədə səliqə-sahmanlı, xüsusi bir zövqlə qaydaya salınmış olduğu gözümüzdən qaçmır. Musa müəllim gülərək: “Biz bir küçə ilə işləmirik” deyir. Başçının hansı simə toxunduğunu anlayırıq. Əlbəttə, hər bir əyalət şəhərimizin zahiri görkəminə  kompleks yanaşma olmalıdır. Zahiri görkəmin cəlbediciliyi isə hər hansı əcnəbi  turist üçün öndə dayanan faktordur. Böyük qonaqpərvərliyinə, səmimi və qayğıkeşliyinə görə Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə İnstitutumuzun bütün kollektivi adından dərin minnətdarlıq bildirməyi özümüzə borc bilirik.

Abidələrə qayğı və ehtirama ən gözəl örnəklər

Qax rayonu ümumilikdə açıq səma altında muzey adlandırıla bilər. Bu rayon həm də multicultural ənənələrin və tolerantlığın geniş yayıldığı bölgədir. Hər kənddə uzaq tarixlərin izlərinə rast gəlinir. Qaxda xeyli sayda Albaniya dövrünə aid abidələr, o cümlədən xristian məbədləri və kilsələr vardır. Onlara qayğılı münasibət isə bizdə bu sahənin adamları olaraq ikiqat məmnunluq hissi oyadır. Tədqiqatçıların və turistlərin buraya cəlb olunmasında bu münasibətin rolunu xüsusi qeyd etmək lazımdır.

Bələdçilərimizin bizə birinci təklif etdikləri abidə Kürmük məbədi oldu.

Kürmük məbədinin yaşıl meşəli dağın zirvəsindəki qırmızımtıl silueti dumanların qoynundan boy verir. Məbədə qalxan  yarım km-lik meşə yolunu piyada qət edirik.  Hazırkı məbəd özü 1892-1894-cü illərdə burada xristianlığı yaymaq üçün çar hökumətinin xüsusi niyyəti ilə inşa olunmuşdur. 2006-cı ilin sentyabrında uzunluğu 13,6 m, eni isə 8,8 m sahədə, Kürmük məbədinin cənub ərazisində mərhum  professor Vilayət Kərimovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı məbədin 4 dəfə mərhələli şəkildə, müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olmuşdur. Arxeoloji qazıntı nəticəsində burada birinci mərhələnin I-III əsrləri, ikinci IV-VII əsrləri, üçüncü VIII-IX əsrləri, dördüncü mərhələnin isə XIX əsri əhatə etdiyi müəyyən olunmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, eramızın başlanğıcında burada  müqəddəs Ay ilahəsinin şərəfinə məbəd tikilmişdir. Maraqlıdır ki, bu günün özündə belə buraya xristian əhali ilə bərabər bölgənin müsəlman əhalisi də ildə iki dəfə ziyarətə gəlir. Bu əsl tolerantlıq nümunəsi, multicultural ənənələrin yaşadılması deməkdir.

Oncallı kəndində XIV yüzilliyə aid Oğuz qəbristanlığı deyilən məkan bizdə böyük maraq doğurdu. Nazik təbəqə çay daşlarından yonulub hazırlanmış kiçik ölçülü baş daşları qoymaq kimi cəlbedici praktikanın keçmişlərdən üzü bəri  ta son onilliklərə qədər, hətta indinin özündə də Balakən və Zaqatala kimi, Qax bölgəsində də yayğın olduğu söyləndi. Burada ulu şairimiz Yunus Əmrə və Hacı Tapdığın məzarı yüzillərdir ziyarətgahdır. Bu məkanı Türkiyə Cümhuriyyətinin sabiq  prezidenti Abdulla Gül də Azərbaycana səfəri çərçivəsində ziyarət etmişdir.

Qum məbədi… Bu üçnefli və gümbəzli məbədə bir memarlıq örnəyi olaraq Qum bazilikası da deyilir. Müqəddəs  Yeliseyin ehtimali dəfn yeri üzərində ucaldılmış, IV- V yüzillikdən bəri zamanın sınaqlarından çıxaraq ayaqüstə qalmağı bacaran bu bina bizi öz sehrinə bürüyür. Çiskin yağışa baxmayaraq onu heyranlıqla gözdən keçiririk. Divarları tünd yaşıl rəngli iri çaydaşı və qırmızı kərpiclə ucaldılıb. Moisey Kalankatuklu Müqəddəs Yeliseyin öldürüldükdən sonra nəşinin Qomenk  şəhərində  (Qum)  bir çuxura atılıb, üstünün torpaqlandığını, sonralar çar III Mömin Vaçaqanın göstərişi ilə burada məbəd inşa olunduğunu qeyd edir.  Bir neçə il öncə ABŞ-ın keçmiş səfiri Rino Harniş bu yeri ziyarət etdikdən sonra onun təşəbbüsü ilə 30 min dollar məbləğində qrant ayrılmış və bazilikada xeyli konservasiya işləri görülmüşdür. Məsələn, döşəmə sahəsində drenaj çəkilmiş, künc divarlarda bərkitmə işi görülmüş, məbədin dövrəsi torpaq qalağından təmizlənmişdir (bu zaman aşkarlanan bir neçə skeletdən birinin Müqəddəs Yeliseyə aid olduğu güman edilir).

Zəngin bir diyarşünaslıq muzeyi

QaxTarix-Diyarşünaslıq Muzeyi bizim əyalət muzeyləri arasında öz zənginliyi ilə ön sıralardan birini tutmağa iddiaçı ola bilər. Qaxlıların öz muzeyləri ilə fəxr etməyə tam haqları vardır. Adam bu zəngin aləmdən ayrılmaq istəmir. Muzeyin əsası 1981-ci ildə qoyulub, əvvəlcə Allahverdi kilsəsinin qarşıdakı binasında yerləşib. Sonra – eksponatlar çoxaldıqca bura darlıq edib, odur ki, 1991-ci ildən indiki binasına köçüb. Son 5 ildə müzeyə yerli aydınlardan, tarix müəllimi, öz işinə böyük bir sayğı-sevgi duyduğu açıq hiss olunan Mahir Əfəndi rəhbərlik edir. Muzey işçisinin fədakar olması isə - birinci şərtdir. Deyir:

“Əvvəllər ildə muzeyə orta hesabla 400 eksponat daxil olurdu.  Adamlar tarixi və etnoqrafik dəyər kəsb edən əşyaları həvəslə gətirib təqdim edirdilər. Son 2 ildə azalma müşahidə olunur – ildə 50 eksponata yaxın. Ümumilikdə isə 11 mindən çox eksponatımız var”.

Muzeyin eksponatları sırasında divardan asılmış bir məktub diqqətimizi çəkir. Mərhum akademik Ziya Bünyadov bu məktubu 1983-cü ildə Qum kənd orta məktəbinə göndərib. Yazıb ki, böyük Nizami Gəncəvi sizin eldə, o zaman balaca bir şəhər olmuş Qumda, şairin öz sözləri ilə  deyilsə, “əz kuhistani-şəhri Qum”da doğulub. İrandakı Qum şəhəri isə dağlıq məkanda deyil, düzənlikdə yerləşir... Yəni Nizaminin əsli-nəsli bu yurda bağlıdır və siz bununla fəxr edə bilərsiniz.

Mahir Əfəndi bizim institutun direktoru Maisə Rəhimovadan ağızdolusu razılıq edir, o mənada ki, Maisə xanım bir neçə dəfə Qaxda olub, burada aparılan arxeoloji tədqiqatların gedişi ilə maraqlanıb, hər dəfə vaxtının bir hissəsini Tarix-Diyarşünaslıq Muzeyində keçirib, bölmələri bir-bir gəzib, eksponatlarla tanış olub, öz dəyərli məsləhətlərini, tövsiyələrini əsirgəməyib.

Mahir Əfəndi deyir ki, Tarix-Diyarşünaslıq Muzeyinin fondlarında külli miqdarda materiallar yeşiklərdə üst-üstə qalaqlanıb, yəni Muzeyin daha tutumlu bir binaya ehtiyacı var.

Azərbaycanın az qala bütün bölgələri kimi, Qax ərazisi də bizim Arxeologiya və Etnoqrafiya İnstitutunun diqqət mərkəzindədir. Burada qocaman arxeoloq Mansur Mansurov paleolit dövrü üzrə tədqiqatlar aparır və aşel mədəniyyətinin izlərini aşkar etmişdir. Onun rəhbərliyi altında İnstitutun əməkdaşları Ləkit-Kötüklü kəndində dəniz səviyyəsindən 1400 m yüksəklikdə meşəlik və qayalıq məkanda yerləşən Xor qaya mağarasında qazıntı işləri aparır. Buraya sıldırımlı qayaların arası ilə dar bir cığır qalxır. Onların əldə etdikləri tapıntılar bu diyarın 670 min il bundan əvvəl insan məskəni olduğunu söyləməyə imkan verib.  Görünür, bölgənin əlverişli iqlimi və təbii şəraiti buna imkan vermişdir.

***

Qeyd etdiyimiz kimi, bu səfərimizin Qax bölgəsi ilə bir tanışlıq xarakteri də vardı. İndiki qeyri-rəsmi tanışlığın, gəzintilərin gələcək elmi işlərə körpü salacağına inanırıq. Məsələn, Qaxın özünəməxsus bir mətbəxi var və bu ləzzətli yeməklərdən biz də daddıq. Təsadüfi deyil ki, Qax bu il Azərbaycanın milli mətbəx paytaxtı elan edilib. Qax folklor kollektivlərinin zəngin spektri ilə də fərqlənir. Qaxın etno-toponimikasındakı qədim türk plastı diqqətimizi xüsusilə çəkdi. Bölgənin epiqrafik abidələri də ayrıca öyrənilmə tələb edir, və çox mübahisələrə açar sala bilərdi.

Digər mühüm bir məsələ: Qax dağlarından Qafqazın quzeyinə aparan dörd keçid var. Erkən orta yüzilliklərdən bəri hərbi axınlarda bu keçidlərdən istifadə olunub və hər keçiddə, onun əlçatmaz yerlərində  qədim çağların qoruyucu istehkamları qalır. Bunlar bir-bir öyrənilə və turizmə açıla bilərdi.

Və biz hər baxımdan bu möhtəşəm yurddan zəngin təəssüratla ayrıldıq...

Qax-Bakı