Xəbərlər
24.02.2023 - 12:46
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 31-Cİ İLDÖNÜMÜ QEYD EDİLİB

AMEA Riyaziyyat və Mexanika institutunun Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadənin təşkilatçığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilən tədbir keçirilib. Öncə Xocalı soyqrım qurbanları və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Xocalı soyqırımı haqqında geniş məruzə edib. O vurğulayıb ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Professor Misir Mərdanov Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. O, Xocalı soyqırımı nəticəsində vətəndaşlarımızla yanaşı, şəhərlərimiz, kəndlərimiz, mədəni abidələrimizin də də məhv edildiyini vurğulayıb. Xocalı Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Tədbirdə iştirak edən politoloq Tofiq Abbasov çıxışında Xocalı faciəsinin baş vermə səbəblərindən və acı nəticələrindən danışıb, həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib. O, ermənilərin Xocalı şəhərini hədəfə almaqla məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyəti maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi.
Natiq, Azərbaycanın Xocalı şəhəri sakinlərinin erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə öldürülməsi Qarabağ müharibəsinin ən dəhşətli və tariximizə qanla yazılan səhifəsi olduğunu vurğulayıb. Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu gün bütün şəhidlərimizin ruhu rahatdır.
Qeyd edək ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində soyqırımı törədərək 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirib. Hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib və məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə fevralın 26-sı "Xocalı soyqırımı günü” kimi qəbul edilib.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımının tarixi xronologiyası, faciənin başvermə səbəbləri, nəticələri barədə fikirlərini bölüşüblər.